NAXÇIVAN :

21 Oktyabr 2026, Çərşənbə

Ülvi Mehdiyev: 52 ölkə “ASAN xidmət” təcrübəsini öyrənir

...

Azərbaycanda əsası qoyulan "ASAN xidmət" brendi artıq dünyada 800 milyona yaxın insana xidmət edən böyük bir şəbəkəyə çevrilib.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyi ilə bağlı hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda 52 ölkə "ASAN xidmət" təcrübəsini öyrənir. Artıq 6 böyük ölkədə "ASAN xidmət" təcrübəsi əsasında 600-dən çox xidmət mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərin xidmət göstərdiyi əhalinin sayı 800 milyona yaxındır ki, bu da dünya əhalisinin təxminən 10 faizini təşkil edir.

Ülvi Mehdiyev qeyd edib ki, "ASAN xidmət"in ixracı dedikdə, bu sahədə əldə olunan bilik və təcrübənin xarici ölkələrlə paylaşılması nəzərdə tutulur. Bilik və təcrübənin transferi təlimlər və treninqlər vasitəsilə həyata keçirilir. Bu istiqamətdə ASAN İnnovativ İnkişaf Mərkəzi, onun təlimçiləri və cəlb etdiyi digər təlim platformaları mühüm əhəmiyyət daşıyır.

Dövlət Agentliyinin sədri vurğulayıb ki, mərkəz sadəcə təlim mərkəzi deyil, bütün ölkə üzrə fəaliyyət göstərən təlimçilər və təlim şirkətləri üçün platformadır.

Ülvi Mehdiyev mərkəzin digər təşkilatlarla, eləcə də bütün təlimçilər və təlim şirkətləri ilə əməkdaşlığa hər zaman açıq olduğunu da diqqətə çatdırıb.

Nəşr edilib : 21.10.2026 11:32