NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

İnnovativ dövlət idarəçiliyi texnologiyalarına həsr olunmuş vebinar keçirilib

...

Yanvarın 28-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “İnnovativ dövlət idarəçiliyi texnologiyaları və onların tətbiqi” mövzusunda onlayn vebinar keçirilib.
Vebinarın əsas məqsədi müasir dövrdə dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi, rəqəmsal idarəetmə alətlərinin imkanları, institusional effektivliyin artırılması, eləcə də davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşmasında yeni texnologiyaların rolu barədə iştirakçılara elmi və praktiki biliklərin ötürülməsi olub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək Azərbaycanın dövlət idarəçiliyi sahəsində keçdiyi inkişaf yolundan, strateji planlaşdırma mexanizmlərindən, çoxməqsədli idarəetmə modellərindən və ölkəmizin beynəlxalq indekslərdə əldə etdiyi mövqelərdən ətraflı bəhs edib. Akademik Urxan Ələkbərov qeyd edib ki, dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqi yalnız idarəetmənin səmərəliliyini deyil, eyni zamanda sosial ədalətin, inklüzivliyin və uzunmüddətli davamlı inkişafın təmin edilməsinə xidmət edir.
Vebinar çərçivəsində dövlət idarəçiliyinin effektivliyinin qiymətləndirilməsi üçün istifadə olunan beynəlxalq göstəricilər – İnsan İnkişafı İndeksi, Davamlı İnkişaf İndeksi və İnklüziv İnkişaf İndeksi üzrə Azərbaycan Respublikasının təcrübəsi təqdim olunub. Bu göstəricilərin zamanla sadə, iqtisadi ölçülərdən sosial, ekoloji və institusional indikatorları əhatə edən kompleks mexanizmlərə çevrildiyi vurğulanıb.
Eyni zamanda “Qlobal düşün – lokal fəaliyyət göstər” prinsipinə əsaslanan idarəetmə yanaşmasının, rezonans və komplementar texnologiyaların tətbiqi nəticəsində Azərbaycanın enerji transformasiyası, sosial rifahın yüksəldilməsi və regional inkişaf sahələrində mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb.
Vebinarda iştirakçılar dövlət idarəçiliyində liderliyin rolu, strateji qərarların vaxtında və düzgün qəbul edilməsinin əhəmiyyəti, eləcə də innovativ idarəetmə texnologiyalarının praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlayn formatda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında çalışan 100 əməkdaşı iştirak edib.

Nəşr edilib : 29.01.2026 12:55