NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

İlk növbədə özünüz üçün oxuyun

...

Kitab bilik mənbəyidir. Uşaq çağlarımızdan, necə deyərlər, qulağımıza “sırğa” olan bu ifadə, əslində, özündə nələr-nələr ehtiva edir. Kitab ən yaxın dostumuz, sirdaşımız olmaqla bərabər,  həm də bir növ bizə yol göstərən həyatımızı düzgün amallar üzərində qurmağa yardımçı olan vasitədir. Kitab bitməyən sərvət, ucu-bucağı görünməyən dəniz kimidir. Bu dənizin dərinliklərinə daldıqca yeni-yeni sirlər ortaya çıxır. Bu sirləri aşkara çıxarmaq  üçün isə çoxlu mütaliəyə ehtiyac var. Bəs biz necə mütaliə edirikmi? Mütaliə, ilk növbədə, söz xəzinəmizi zənginləşdirir, stressi azaldır, zehni açır, xəyal gücümüzü artırır, daha hissiyyatlı bir insan kimi yetişməyimizə kömək edir və iş həyatımızda müvəffəqiyyət səviyyəmizi yüksəldir.

Belə bir sual çıxır ortaya. İnternet resurslarından istifadənin  geniş yayıldığı bir dövrdə mütaliəyə maraq varmı? Gənc nəslin bu yöndə düşüncələri nədən ibarətdir? Bu  kimi suallara cavab tapmaq üçün  Naxçıvan Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi  Taleh Hüseynli ilə həmsöhbət oluruq.  Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil alan 19 yaşlı gənc liseydə oxuduğu  illərdə asudə vaxtının səmərəli keçirilməsi baxımından kitab oxumağın ən prestijli üsul olduğunu söyləyir. Əvvəllər kitab oxumağa çox həvəsli olmasa da, sonradan  bunu  hobbi halına gətirən Taleh  bəzən  bir günə 2 və hətta 3 kitab oxuduğunu deyir. O deyir: – Bütün mövzularda kitablar  oxumağı sevirəm. Ən sevdiyim kitablardan biri  rənglərin tarixi, mədəniyyəti, etikası və insanlara göstərdiyi təsirlərdən bəhs edən “The Secret Lives of Color” kitabıdır. Bu kitab maarifləndirici yöndən çox əhəmiyyətlidir. Son zamanlar daha çox Azərbaycan  yazıçılarının əsərlərinə üstünlük  verirəm. Psixoloji mövzuda  kitablar sevən  mütaliəçilərə özümün də sevərək oxuduğum Elçin Əzimlinin “Dan ulduzu” kitabını tövsiyə edə bilərəm. Aqil Abbasın əsərləri isə yumor  sevənlər üçün yaxşı seçim ola bilər.

Mütaliə bizə nələr qatır? sualımızı müsahibim belə cavablandırır: – Hobbi edilməzdən əvvəl nitqimdə problemlər, kəkələmə kimi pis vərdişim vardı. Mütaliə bu  problemi aradan qaldırmaqla yanaşı, həm də səsləri daha aydın ifadə  etməyimə kömək etdi. İntellektual səviyyədə böyüməyə çalışan  bir gənc kimi,  məncə, mütaliə sayəsində  intellektual səviyyəmi kifayət qədər artırmış oluram.

O deyir, bəzən kitab müzakirələri aparırıq. Elə olur ki,  yalnız kitabın giriş hissəsinə nəzər salan kəs bu kitabı bizə oxumağı məsləhət bilmir. Lakin  özüm  bu kitabı oxuduqda mənə xitab etdiyini görürəm. Təbii ki, zövqlər, fikirlər müxtəlifdir. Rasim Qaracanın müəllifi olduğu “Tənha qurbağanın səsi” adlı əsərdən  yadımda qalan:

          Etiraf etməliyik,  günəşə aldanmışıq,

          Sirrini duymamışıq, qaranlığı danmışıq,

          Demək, yuxuda keçib ən gözəl anlarımız.

          Buna həyat demişik,  amma nə adanmışıq –  

kiçik bir hissə, məncə,  tam da bu mövzu ilə əlaqədardır. Yəni, bununla onu demək istəyirəm ki, kiminsə məsləhəti ilə kitab oxumaqdan çəkinməyin və ya kiməsə görə kitab oxumayın. Bunu, ilk növbədə, özünüz üçün  edin.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 19.09.2024 11:42