NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Hüseyn Cavidin ev-muzeyinin yaradılmasının 45 illiyi qeyd olunub

...

Görkəmli şair və dramaturq Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən ev- muzeyinin yaradılmasının 45 illiyi münasibətilə tədbir keçirilib. Filosof şairimizin xatirəsi bir daha anılıb. Tədbir iştirakçıları əvvəlcə Cavidlər ailəsinin üzvlərinin uyuduğu məqbərəni ziyarət edib və gül dəstələri qoyublar.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova muzeyin yaranma tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, ev-muzeyinin əsası Naxçıvan şəhərində, qədim Əlixan məhəlləsində 45 il əvvəl qoyulub, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Muzey Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 21 iyul 1981-ci il tarixdə qəbul etdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" Qərara əsasən şairin 1919-cu ilədək yaşadığı evdə yaradılıb. Muzeyin rəsmi açılışı isə 1984-cü il 9 iyun tarixdə olub. Muzey uzun müddət “Hüseyn Cavidin ev- muzeyi” adı altında fəaliyyət göstərib, 2015-ci ildən etibarən isə dahi şairin məzarüstü abidəsi olan məqbərə də muzeyin nəzarətinə verilərək muzeyin adı “Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksi” adlandırılıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Musiqi və teatr şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov "Cavidləri tanıdan məbədgah" mövzusunda danışıb.
Tədbir Hüseyn Cavidin ev- muzeyi və Xatirə Kompleksinin kiçik elmi işçisi İlknur Abbasovanın çıxışı ilə davam edib. O, “Cavid irsinə ehtiram” mövzusunda məlumat verib. Daha sonra muzeyin ekskursiyaçısı Sona Mirzəyeva muzeyin təəssürat kitabında görkəmli şəxsiyyətlərin muzey haqqında fikirlərini səsləndirib.
Tədbirin davamında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları Anar Eyvazov və Şölə Alışovanın ifasında Hüseyn Cavidin “İblis” əsərindən “İblisin monoloqu”, eləcə də “Çobanın nəğməsi”, “Qadın” və “Mənim tanrım” şeirləri bədii qiraət olunub.
Sonda “Hüseyn Cavidin ev- muzeyi – 45” başlıqlı sərgiyə baxış olub.

Nəşr edilib : 22.07.2026 09:46