NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Heydər Əliyev Beynəlxalq Aeroportu COP29-a dair açıqlama yayıb

...

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtın əsas küçələrində və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportuna vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə hava limanının açıqlamasında bildirilir.

Məlumata görə, şəhər mərkəzindən hava limanına gələn sürücülər Zığ şosesi ilə hərəkət edə, Bilgəh və Maştağa istiqamətindən gələnlər isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxa bilərlər.

COP29 müddətində sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatması məqsədilə H1 və H2 ekspress avtobusları fasiləsiz fəaliyyət göstərəcək. H1 avtobusu “28 May” m/s-dan 10 dəqiqəlik hərəkət intervalı ilə, H2 isə “Əhmədli” m/s-dan hər 15 dəqiqədən bir yola düşür. Qeyd edək ki, 14 noyabra qədər bu ictimai nəqliyyat vasitələrində gediş haqqı ödənişsizdir.

Sərnişinlərə mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur.

Bakı hava limanının qarşısındakı dayanacaq zonası noyabrın 14-nə qədər xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrıldığından burada şəxsi avtomobillərin park edilməsinə icazə verilmir. Yalnız sərnişinlərin mindirilməsi və düşürdülməsi mümkündür. Həmçinin, Terminal 1 və Terminal 2-yə yalnız aviabileti olan sərnişinlər daxil ola bilərlər. Yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur.

Nəşr edilib : 11.11.2024 09:26