Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan ...
14:25 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
Bütün peşələr zəhmətlidir. Lakin bir peşə var ki o həm müqəddəsdir, həm də səbir, məsuliyyət, ən əsası, insana məhəbbət tələb edir. Ömrünü malik olduğu adı layiqincə daşımağa, cəmiyyətə yararlı vətəndaşlar yetişdirməyə sərf edən müəllimlər hər birimizin həyatında unudulmaz izlər buraxıb. İllər keçsə də, yaşa dolsaq da, uşaqlığımızın ən əziz xatirələri içərisində müəllimlərin xüsusi yeri olub və olmaqdadır. Bu müqəddəs adla ilk dəfə bağçada tanış olur körpə fidanlar. İlk dəfə burada hiss edirlər müəllim qayğısını, müəllim məhəbbətini. Axı hər bir müəllim şagirdi üçün həm də bir anadır. Belə müəllimlərimizdən biri də uşaqlara olan sevgisi, peşəsinə olan sonsuz məhəbbəti ilə balacaların ürəyində taxt qurmuş Naxçıvan şəhər 5 saylı körpələr evi – uşaq bağçasının müəllimi Fizulə Süleymanlıdır. 7 ildir ki, burada balaca fidanların qayğısını çəkən Fizulə müəllimə deyir ki, uşaqları çox sevirəm. Balacalarla vaxt keçirməkdən, onların inkişafına dəstək olmaqdan zövq alıram.
Müəllimə ilə söhbətimizdə aydın olur ki, burada uşaqlara, ilk növbədə, özünə xidmət, gigiyena vərdişləri öyrədilir, eyni zamanda onların sosial bacarıqları inkişaf etdirilir və onlara paylaşmaq, ünsiyyət qurmaq, hörmət etmək, mehribançılıq kimi dəyərlər, bilik, bacarıq vərdişləri aşılanır.
Balacalar tez yorulduğundan, diqqətləri tez-tez yayındığından onlarla işləməyin bir qədər çətin olduğunu bildirir Fizulə müəllimə. Əlavə edir ki, bu iş həm də çox maraqlıdır: hər nə qədər yorulsam da onların bir gülüşü mənim üçün motivasiya mənbəyidir. Kiçik uğurları onlara xoşbəxtlik gətirdiyi kimi, mənə də böyük xoşbəxtlik bəxş edir. Çünki onların uğuru mənim uğurumdur. Hər dəfə balacaları kəşf etdikcə onlara olan bağlılığım daha da artır. Bu isə mənim işimi asan və daha maraqlı edir. Bu iş həm də çox məsuliyyət tələb edir. Çünki biz tam təhlükəsiz mühitdə uşaqların inkişafını təmin etməliyik.
“Məncə, yaxşı müəllim həm peşəkar, həm də insani keyfiyyətlərə malik olmalıdır. Müəllim məsuliyyətli, mərhəmətli, işində mükəmməl olmalı, eyni zamanda hər bir uşağı ayrı-seçkilik etmədən sevməlidir. Ən əsası öz işini sevməli və hər zaman öyrənməyə açıq olmalıdır” - deyir Fizulə Süleymanlı.
Bu gün bağçalarda müəllimlərin körpə fidanlarla ən yaxşı şəkildə məşğul olması üçün hər cür şərait yaradılıb. Və elə bu şəraitə, müəllim əməyinə verilən dəyərə görə dövlətimizə minnətdarlığını ifadə edən Fizulə müəllimə deyir ki, göstərilən diqqət və qayğı peşəmizə verilən dəyərin ifadəsidir və bu bizi işə daha həvəslə, motivasiya olunmuş şəkildə gəlməyimizi təmin edir. Biz minnətdarıq ki, əməklərimiz qiymətləndirilir və peşəmiz hər zaman hörmət görür.
Biz də müəllim adını ləyaqətlə daşıyan Fizulə müəllimənin timsalında bütün müəllimlərimizi əlamətdar gün münasibətilə təbrik edir, onlara bu çətin lakin şərəfli yolda bol uğur diləyirik. Bayramınız mübarək, əziz müəllimlərimiz!
Türkanə ƏSƏDOVA
Digər xəbərlər