NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

DİN: Son iki gündə bank kartlarından 33 min manata yaxın vəsait oğurlanıb

...

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır. Belə ki, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 20 min, 9 min 500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb.

"Şərq qapısı" xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və birdəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

“DİN vətəndaşları bir daha xəbərdar edir ki, naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun. SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın. Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

Nəşr edilib : 23.06.2025 10:23