NAXÇIVAN :

05 Avqust 2026, Çərşənbə

Gürcüstanda ilk azərbaycanlı qadın deputat haqqında nəşrlər təqdim edilib

...

Gürcüstan Demokratik Respublikası dövründə Tbilisi yerli özünüidarəetmə orqanına deputat seçilmiş ilk azərbaycanlı qadın Pərixanım Sofiyeva haqqında komikslər təqdim edilib.

"Şərq qapısı" xəbər verir ki, komikslər Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü və Tbilisi Meriyasının “Mirabaldebi” QHT-lərə dəstək təşkilatının maliyyə dəstəyi ilə nəşr olunub.

Azərbaycan və gürcü dillərində olan komikslərdə P.Sofiyevanın 1918-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindən Tbilisi qəzasının yerli özünüidarəetmə orqanına bitərəf namizəd kimi deputat seçildiyi, bu addımla Şərq dünyasında demokratik yolla seçilən ilk müsəlman qadın kimi tarixə düşdüyü qeyd olunub.

Layihənin rəhbəri Nino Salukvadze bildirib ki, “Mirabaldebi” təşkilatının əsas məqsədi Gürcüstanda vaxtilə siyasi həyatda fəal iştirak etmiş qadınların hekayələrini araşdırıb gürcü ictimaiyyətinə təqdim etməkdir. Onların arasında Pərixanım Sofiyeva da var. Onun haqqında hazırlanmış komiks bu fəaliyyətin davamıdır. BMT Mirabal bacılarının öldürüldüyü günün xatirəsinə noyabrın 25-ni “Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” elan edib.

Layihənin təşəbbüskarı “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova bildirib ki, Pərixanım Sofiyeva fəal siyasətçi, xeyriyyəçi və maarifçi olub. Ömrünün sonuna qədər gənclərə dəstək göstərib.

Komikslərdə “Alyans” Gənclər Mərkəzinin loqosu da yerləşdirilib.

Nəşrlər Gürcüstandakı azərbaycandilli məktəblərə hədiyyə olunub.

Bildirilib ki, bu cür təşəbbüslər iki xalq arasında dostluq və qonşuluq münasibətlərini daha da möhkəmləndirir, ortaq mədəni dəyərlərin gələcək nəsillərə çatdırılmasında mühüm körpü rolu oynayır.

Nəşr edilib : 05.08.2026 00:03