"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şa...
18:13 26.04.2025
0
0
0
NAXÇIVAN :
26 Aprel 2025, Şənbə
Təhsil sistemində aparılan hər islahatın məqsədi şagirdlərin inkişafını təmin etməkdirsə, niyə məktəb çantaları hələ də onların belini əyir? Hər səhər on minlərlə şagird məktəbə gedərkən öz yaşlarına uyğun olmayan çəkidə çantalar daşıyırlar.
Bu haqda araşdırma apararkən “İki sahil” qəzetində dərc olunan bir müsahibə diqqət çəkir. Müsahibə zamanı çantaların ağırlığından danışan ekspert Nadir İsrafilov şagirdlərin çantalarının ağırlığının onların çəkilərinin 10-15 faizini təşkil etməli olduğunu qeyd edir.
Bu hesabla 25 kiloqram çəkidə olan bir ibtidai sinif şagirdi orta hesabla 2,5 kiloqram çanta götürməlidir. Məktəb qarşısında bir müddət gözləyib, müşahidə etdiyimiz mənzərə isə heç də buna uyğun deyil.
Bundan əlavə, uşaqların inkişaf dövründə onurğa sağlamlığı vacib olduğu hər birimizə məlumdur. Lakin bu həqiqət Təhsil Nazirliyinin, məktəb rəhbərliklərinin və valideynlərin diqqətindən yayınır. Sanki heç kim bu çantaların içini açıb baxmayıb – 3-4 dərslik, 2-3 dəftər, test kitabları, riyaziyyat topluları, hətta bəzən rəsm albomları və akvarellər, ləğv olunan iş dəftərləri və s. Bu yüklə uşaq necə məktəbə sevə-sevə getsin? Bəzən bunun səbəbkarı olaraq valideynlər günahlandırılır. Əlavə qidaların, böyük məktəb ləvazimatlarının alınıb çantaya qoyulması və sair.
Bəzi ölkələrdə məktəblər dərslikləri məktəbdə saxlayır, ya da elektron dərsliklərdən istifadə edirlər. Bizdə isə kağız israfı ilə yanaşı, şagird sağlamlığı da israf olunur. Təhsil Nazirliyi çanta çəkisinin normadan artıq olmamasını tövsiyə edir, lakin bunun praktikada tətbiqinə nəzarət yoxdur. İbtidai sinifdən 11-ci sinifə yüksəldikcə kitablar kiçilir, iş dəftərləri və əlavə ləvazimatlar ləğv olunur. Qəribədir…
Valideynlər isə çarəsizdir – müəllim nə tələb edirsə, onu da yığırlar çantaya. Müəllimlər isə çox zaman dərs planını yetirmək üçün əlavə resurslara müraciət edir, çünki proqramın özü də ağırlıq yaradır.
Bu vəziyyət dəyişməlidir. Təhsil sistemində müasirlik yalnız texnologiya ilə ölçülmür. Uşaqların belini əyməyən, onların psixoloji və fiziki rahatlığını nəzərə alan islahatlara ehtiyac var. Çünki gələcəyin vətəndaşlarını biz bu gün belə formalaşdırırıq – əyilmiş bel, yorğun ruh, ağır çanta ilə.
Rafiq TƏHMƏZ
Digər xəbərlər