NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən Böyük Alim

...

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın gözlərini işıqlı dünyaya açmasından 101 il ötür. Kim bilir, bəlkə də, o, gözlərini dünyaya elə gələcəkdə yüzlərlə, minlərlə insanın gözləri dünya işığına həsrət qalmasın deyə açmışdı. Adı VƏTƏNİNİN tarixinə qızıl hərflərlə yazılmış 3 dahi insanın – görkəmli alim və dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və müstəqil Azərbaycana Qələbə qazandıran Prezident cənab İlham Əliyevin anası olmaq hər bir qadına nəsib olmayan böyük xoşbəxtlikdir.
Akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, bu barədə saatlarla danışmaq, kitablar yazmaq olar. Zərifə xanım fitri istedada malik novator alim, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
1923-cü il aprelin 28-də Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyevanın həyatı özünü Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə keçmişdir. Zərifə xanımın cəmiyyət üçün layiqli insan kimi yetişməsində, peşə seçiminin düzgün müəyyənləşməsində böyüyüb boya-başa çatdığı ziyalı mühitinin təsiri çox böyük idi. 
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Oftalmoloq ixtisasını seçmişdi. Sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktiki vərdişlərə yiyələnmiş, Oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışmışdır.
Ötən əsrin ortalarında Azərbaycanda traxoma xəstəliyi ocaqları genişlənir, ən çox uşaq müəssisələrini, məktəbləri əhatə edirdi. 1948-ci ildə Naxçıvan Muxtar Respublikasında 7 min nəfər traxomaya yoluxmuşdu. Onlardan 2 mindən çoxu uşaqlar idi. Yaşlıları, o cümlədən uşaqları görmə qabiliyyətinin itirilməsi kimi əzablı dövr gözləyirdi. Belə bir acınacaqlı vəziyyət tək Naxçıvan Muxtar Respublikasında yox, bütün Azərbaycanda ciddi həyəcan siqnalının çalınmasına əsas yaratmışdı. Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini başa vuran gənc həkim Zərifə xanım Əliyeva 1949-cu ildə Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr edilmiş səyyar seminarlarda iştirak etmiş, bu sahədə qazandığı elmi-praktiki nailiyyətlərin tətbiqinə nail olmuşdu. Sonra isə tədqiqatlarını ümumiləşdirərək 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Həmin illərdə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdi. Alim-oftalmoloqların yüksək qiymətini almış dissertasiya işi oftalmologiyanın bu sahəsində ozamankı sovetlər birliyi məkanında ilk işlərdən idi. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmiş və o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmişdir. Çətinliklərdən qorxmayan, hər zaman ən mürəkkəb problemlərin həllinə cəhd göstərən görkəmli alim tədqiqatlarını rahat kabinetlərdə aparmırdı. O, Azərbaycanın rayonlarını kəndbəkənd gəzir, insanları maarifləndirirdi. O vaxtlar Zərifə xanım Əliyevaya dünya şöhrəti gətirən görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası Elmi-Tədqiqat İnstitutunda yox, məhz istehsal müəssisəsində – Bakı Məişət Kondisionerləri Zavodunda yaradılmışdı. 1981-ci ildə ölkəmizin tibb elmi, səhiyyə sistemi tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. 
Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmişdir. O, onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 
Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Onu tanımaq üçün ən gözəl xatirə ona bu dünyada ən sadiq insanın – Ümummilli Lider Heydər Əliyevin xatirələri ola bilər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm”.
Zərifə xanım əsl ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə qəlbdən bağlı olan insan idi. Ailə əsrlər boyu Azərbaycanda böyük mənəvi dayaq rolunu oynamışdır. Dəyanətli şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi bu çətin, lakin şərəfli missiyanı da layiqincə yerinə yetirən, Ulu Öndərə etibarlı mənəvi dayaq olan Şəxsiyyət və Ana idi. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir. Akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi Prezident bəxş edən Ana kimi də unudulmazdır.
Prezident cənab İlham Əliyev demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Vətənini, xalqını, bütün insanları böyük bir məhəbbətlə sevən, sənətinin vurğunu olan bu böyük insanın həyatının mənasını təşkil edən nə varsa: elmi, gözəl ailəsi, səmimiyyəti, xeyirxahlığı – hamısı onun nuruna qərq olmuşdu. Ümummilli Lider Heydər Əliyev kimi böyük şəxsiyyətin, dahi bir insanın ömür-gün yoldaşı olmağın özü də həyatda böyük məsuliyyətdir. Zərifə xanım Əliyeva hər iki işi uğurla birləşdirməyi bacararaq həm ailəsində, həm də peşəsində nümunə göstərirdi. Ulu Öndərin dediyi kimi: “Ömür yoldaşım kimi, həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.
 Sadəliyi, nəcibliyi, mehribanlığı ilə yaddaqalan Zərifə xanım Ulu Öndərin təkcə həyat yoldaşı deyildi. Bu cəfakeş qadın həm də Ümummilli Liderimizin dostu, sirdaşı, eyni zamanda onunla çiyin-çiyinə dayanaraq öz ömür-gün yoldaşına mənəvi dayaq idi. Doğmalarının, onu tanıyanların xatirələrində də yer aldığı kimi, Zərifə xanım bir həyat yoldaşı, ana olaraq hər zaman fədakarlıqla çalışırdı ki, elmdə, ictimai işlərdə fəaliyyət göstərməsi ailəsinə kifayət qədər zaman ayırmasına mane olmasın. Fəxri adları, elmi titulları, mükafatları çox olan Zərifə xanıma taleyin verdiyi bir qabiliyyət idi ki, o bunu da bacarırdı. 
“... Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər, mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”. Tanrının dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan biri kimi akademik Zərifə Əziz qızı Əliyeva haqqında oğlu, Prezident cənab İlham Əliyevin kövrək hisslərlə dilə gətirdiyi fikirlərində də görürük ki, bu zərif qadın əsl alim ömrü yaşamış, həyatını peşəsinin sirlərini dərindən öyrənməyə həsr etmişdi. Amma onun yaşam fəlsəfəsinin əsasını, heç şübhəsiz, yurduna, torpağına bağlılıq, vətəndaşlıq mövqeyi təşkil edirdi. Bütün mənalı fəaliyyətinin təməlində də bu amillər dayanırdı.
Bu gün ölkəmizdə onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə Əliyevanın adını daşıyır. Son illərdə muxtar respublikamızda müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasıdır. 2012-ci il mayın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak etmişdir.      
İllər bir-birini əvəz etsə də, əbədiyaşar alimin əziz xatirəsi daim ehtiramla yad edilir, işıqlı və nurlu əməlləri bu gün də minnətdarlıqla xatırlanır.  Ömrünün hər günü mənəvi ucalığa bir pillə olmuş Zərifə xanım Əliyeva 1985-ci ildə əbədiyyətə qovuşdu, tarixin daş yaddaşına imzasını elm fədaisi, nur çeşməsi, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi həkk etdi. O, qısa, lakin mənalı, şərəfli bir ömür yaşadı. Həkim kimi də, ana kimi də bənzərsiz olmağa çalışdı. Böyük insan cismən aramızda olmasa da, qoyub getdiyi nur çeşməsi aydınlığını bir damla belə azaltmayıb. Əksinə, bu işıq onun yenidən Günəşi görmək imkanını qaytardığı insanlarda, onunla bağlı kövrək xatirələrdə əbədiləşib. Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın, gözlərinə nur verdiyi insanların yaddaşında  şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaqdır. 

Məhəbbət MİRZƏYEVA

Nəşr edilib : 28.04.2024 00:01