NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“Gənclərin şəxsi inkişaf həftəsi"nə start verilib

...

Sentyabrın 8-də “Naxçıvan Təlim Mərkəzi” PHŞ və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin potensialının üzə çıxarılması və inkişafına xidmət edən “Gənclərin şəxsi inkişaf həftəsi”nə start verilib. Beş gün davam edəcək proqram çərçivəsində müxtəlif istiqamətləri əhatə edən təlimlər gənclərə təqdim olunacaq.
Proqramın ilk günü “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, sədr vəzifələrini icra edən İlhamə Novruzovanın “İlhamlandır və irəli apar” mövzusunda təlimi ilə başladı. Təlimdə, ümumilikdə, 30 gənc iştirak etdi. İnteraktiv şəkildə təşkil olunan proqramda iştirakçılar komandalar üzrə tapşırıqlar yerinə yetirərək real situasiyalar üzərində simulyasiyalar aparıb, praktik bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar. Sessiyanın sonunda isə sual-cavab bölməsi keçirilib, təlim xüsusi testlərlə yekunlaşıb.

Qeyd edək ki, həftə ərzində keçiriləcək bütün təlimlər dövlət qurumlarında fəaliyyət göstərən peşəkar və təcrübəli şəxslər tərəfindən aparılacaq. Növbəti günlərdə gənclər Tükəzban Quliyevanın “Karyeranı planlaşdır və gələcəyini inşa et!”, Günay Nəzərovanın “Motivasiya – uğura gedən yol!”, Gülxanım Orucovanın “Layihələrin idarə edilməsi” və Aslan Səfərovun “Sosial şəbəkələr və şəxsi brend: Effektiv start” mövzularında təlimlərində iştirak edəcəklər.
Bu layihə gənclərin şəxsi inkişafına dəstək olmaqla yanaşı, onların gələcək karyeraları və sosial həyatda daha aktiv rol almalarına mühüm töhfə verəcək.

Nəşr edilib : 08.09.2025 15:38