NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Gənc yazar Ayxan Qəribov: Qəlibdən çıxmaq cəsarət tələb edir

...

Bəzən bir insanın həyat yolunu seçdiyi ixtisas yerinə, düşündükləri müəyyən edir. Naxçıvan Dövlət Universitetində Turizm ixtisası üzrə təhsil alsa da, düşüncələri fəlsəfənin dərin qatlarında dolaşan Ayxan Qəribov gənc yaşda olmasına baxmayaraq, artıq üç fəlsəfi kitabın müəllifidir. O, cəmiyyətin illərdir, dəyişmədən ötürdüyü qəlibləri sorğulayır, insanı düşündürən sualları ortaya qoyur. Ayxan yazmağı daxili azadlığa aparan bir yol kimi dəyərləndirir. Biz də onunla yazı prosesi, fəlsəfəyə baxışı və kitablarında ortaya qoyduğu mövzular barədə söhbətləşdik.

 – Yazmağa necə və nə zamandan maraq göstərməyə başladın?

– Uşaq yaşlarından yazıya xüsusi marağım olub. Qayda oxuyarkən belə, mütləq yazaraq öyrənirdim. Yazmaq mənim üçün öyrənmə vasitəsilə yanaşı, eyni zamanda zövq də demək idi. Universitetə qəbul olunduqdan sonra düşüncələrimi daha ciddi şəkildə vərəqlərə köçürməyə başladım. Çünki fərqli düşüncəli insanlarla söhbət etmək çətin idi, çox vaxt məni səhv çıxarmağa çalışırdılar. Bu səbəbdən yazmağa, qeyd aparmağa başladım və zamanla bu proses peşəkar hal aldı.

Ən çox hansı janrlara üstünlük verirsiniz və niyə?

– Əsasən, insanı düşündürən janrlarda yazıram. Daha çox psixoloji, fəlsəfi və qismən elmi yazılara üstünlük verirəm. Üslubum bəzən sərt olur, reallıqları oxucunun üzünə açıq şəkildə deməyi seçirəm. Təbii ki, bu hər yazıma aid deyil. Bəzən yumşaq başlayıram, amma yolun ortasında yenə sərt üsluba qayıtdığımı görürəm. Mənim fikrimcə, müasir insan üçün ən vacib sahələr fəlsəfə və psixologiyadır. Araşdırmadan, sorğulamadan yaşanan həyat mənə məntiqsiz görünür. Sağlam qalmaq üçün psixologiyanı da yetişdirməyi bacarmalıyıq. Öz psixologiyama daim diqqət edirəm. Həyatı daha mənalı yaşamaq və qəliblərdən çıxmaq üçün fəlsəfəyə üz tuturam. Bildiklərimi paylaşmağın da məsuliyyət olduğunu düşünürəm. Hazırda həm öyrənir, həm də yazıram.

Yazı prosesin bəs necə gedir? Planlı şəkildə edirsən, yoxsa spontan?

– Hər ikisi olur. Bəzən müəyyən mövzu seçir, planlaşdırır və yazıram. Amma daha çox yazılarım spontan şəkildə, müşahidələr nəticəsində yaranır. Məsələn, kəndə gedərkən taksidə eşitdiyim söhbətlər məndə yeni düşüncələr yaradır. Bu fikirləri dərhal qeyd edirəm. Tək qalanda düşünürəm, bəzən səs qeydi aparıram, bəzən də yazıram. Zaman keçdikcə həmin fikirlər daha da formalaşır.

Fəlsəfi kitablarını yazmaqda əsas məqsədin nə olub?

Mənə aşılanan, amma mənimlə uyğun olmayan və həyatımda fayda verməyən qəliblərdən azad olmaq. Fəlsəfə mənim üçün bunun yoludur. Əgər qara geyim geyinmək mənə uyğundursa, başqalarının məni ağ geyinməyə məcbur etməsini qəbul etmirəm. Və bu özbaşınalıq deyil, əslində, nə istədiyini bilməkdir.

Başqalarının aşıladığı düşüncələr insanı yarı yolda qoyur. Mən başqalarının seçdiyi yolu gedib peşman olmaqdansa, öz seçdiyim yolda peşman olmağı üstün tuturam. Yazmaqda məqsədim isə insanlara qorxmamalı olduqlarını göstərmək və “Başqa bir yol da var”, – deyə bilməkdir. Oxucularıma cəsarət və özgüvən aşılamaq istəyirəm.

Kitablarında hansı mövzulara daha çox toxunmusan?

– İlk üç kitabım, əsasən, öz düşüncələrimdən ibarətdir. Sonradan yazdığım mövzular üzrə araşdırmalar aparmağa başladım və ümumi yanaşmaları da nəzərə aldım. Məsələn, insanların övladları və gələcək barədə danışarkən verdiyi reaksiyalar məndə suallar yaradırdı. Sonradan bu düşüncələrin fəlsəfədə “antinatalizm” adlandığını öyrəndim və mövzunu araşdırdım. Yazılarımın çoxu bu cür spontan şəkildə formalaşıb.

“Fərqindəlik” kitabında isə antinatalizm, feminizm, eqoizm, əxlaq anlayışı, millətçilik, sufizm və mentalitet kimi mövzulara toxunmuşam.

Bəs ilham aldığın müəlliflər varmı?

– Həyata tənqidi və realist baxışım olduğu üçün bu müəlliflər mənə yaxındır: David Benatar, Arthur Şopenhauer, Albert Camus və Bertrand Russell.

Kitablarında gündəlik həyatdan hansı nümunələrə daha çox yer verirsən?

– Mentalitet mövzusunda müasir insanın düşüncə tərzini və hadisələrə verdiyi reaksiyaları təsvir etmişəm. Əxlaq anlayışı barədə isə onun nə olduğu yox, daha çox nə olmadığı üzərində dayanmışam. Günümüz insanının problemlərinə alternativ çıxış yolları göstərməyə çalışmışam. Bəzən problemi həll etmək üçün nəsə etmək yerinə, etməmək daha doğru seçim olur.

                     Elnurə CƏFƏROVA

Nəşr edilib : 10.01.2026 15:30