NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Gələcək naminə parlayan Günəş, yaxud yolumuza mayak olanlar…

...

Prezident İlham Əliyev: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”.

Müəllim… Bu kəlmə sadə bir peşəni xatırlatsa da, dərin bir məna kəsb edir, əslində. Elə bir məna ki onu Platon “Tanrının şah əsəri” olaraq dəyərləndirib, Henri Bruks Adams isə “əbədiyyətə hökm edən insan”. Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayıb, Həzrəti Əli isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram”, – deyib. Nizami Gəncəvi müəllimi Günəşə bənzədib, Viktor Hüqo isə insanları aydınlığa çıxaran işığa… Daha kimlər, kimlər müəllimlə bağlı dahiyanə fikirlər səsləndirib. İnsan həyatında, mənəviyyatında, insani keyfiyyətlərin formalaşmasında müəllimin əvəz­olunmaz əməyi, zəhməti var. Çünki əsl müəllim təkcə bilik verən deyil, məşhur rus yazıçısı Qoqolun da dediyi kimi, ruhu tərbiyə edəndir...
Bəli, müəllimlik elə bir peşədir ki, bu peşə sahiblərinin ömrü yanar şama bənzəyir. O şam yandıqca ətrafa işıq saçır, nur paylayır. Elə bir nur ki neçə-neçə insanın həyat yolunu işıqlandırır. Heç şübhəsiz ki, dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsindən, elmi-texniki nailiyyətlərdən məmnunluqla söhbət açırıqsa, bunu müəllim dahiliyinə borcluyuq. Çünki cəmiyyətin əzəli müəllim əməyi ilə bağlıdır. Deyirlər ki, hər kəsin taleyində hökmən bir müəllimin toxunuşu var. Bəli, hər bir insanın həyatında onun əlindən tutub “ana”, “Vətən” kəlmələrini yazdıran, oxudan, ləyaqətli vətəndaş kimi yetişdirən, şəxsiyyət kimi formalaşdıran müəllimlər olub. Məhz həyatımız boyu o müəllimlərimizin varlığına, əxlaqına borclu olmuşuq. Həyatımızdakı çox uğurlarımızın təməlində müəllim əməyi dayanır. Heç bir nailiyyət ani olaraq baş vermir, müvəffəqiyyətimizin arxasında, əlbəttə ki, müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət var. Alim də, sərkərdə də, hakim də, həkim də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq, hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla xatırlayır.
Müqəddəs peşə sahibi olan müəllimlər öz fədakarlıqları, səbirləri, sədaqətləri ilə şagirdlərinə bilikdən başqa bir də ürək və ruh zənginliyi bəxş edirlər. Şagirdi büdrəyəndə onun əlindən tutan da müəllimdir, yıxılanda onu qaldıran da, uğurlarına öz uğuru qədər sevinən də. Bu adı daşıyanlar, bəlkə də, ömürlərini yetirmələri yolunda şamtək əritdikləri üçün bu qədər ulu və müqəddəsdir. 
44 günlük Vətən savaşında düşmənin başına zərbələr endirən, ərazi bütövlüyümüzü qanı, canı bahasına bərpa edən, xalqımıza zəfər sevincini yaşadan, sinəsini düşmənə sipər edən hər bir oğulun qanına, canına Vətən sevgisini hopduran da elə müəllimdir. 
Bu gün 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün Azərbaycanda 1993-cü ildən bəri qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Ümummilli Liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. O, öz müəllimlərini hər zaman minnətdarlıqla xatırlayıb, onların xidmətləri haqqında ürəkdolusu danışıb. Ulu Öndər hər zaman müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalıb. Dahi lider deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”. Müəllimlik adına ən yüksək dəyər verən dahi Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” kəlamına sadiq olan, cəmiyyətə hər bir xüsusiyyəti ilə örnək olan, müəllim adının ucalığını və şərəfini dərindən dərk edən, bu müqəddəs missiyanı vicdanla yerinə yetirən müəllimləri “Şərq qapısı” qəzetinin kollektivi adından səmimi qəlbdən təbrik edir, gələcək nəsillərə əvəzedilməz mənəvi sərvət bağışlamağı, bəşəriyyətin xilasına yönələn ali ideaları yaşatmağı, bu müqəddəs amalla ucalığa qovuşmağı diləyirik!

Gülcamal TAHİROVA

Nəşr edilib : 05.10.2024 00:01