Türkiyədə bina uçub, dağıntılar altında qalanlar v...
22:24 24.01.2025
0
0
0
Naxçıvanda gənclər hər zaman onlara yaradılan imkanlardan bəhrələnərək böyük fəallıq nümayiş etdirirlər.
“Şərq qapısı” qəzeti olaraq bu dəfə həmin fəal gənclərdən birinin – Xəlil Əliyevin təşəbbüsü ilə Şərur şəhərində yeni istifadəyə verilən “İZ” kitab kafedə olduq, onunla görüşdük. Müsahibimiz bildirdi ki, bu kitab kafeni yaratmaqda əsas məqsəd həyatda yaxşı mənada dost olan kitaba, mütaliəyə gənclərin marağının artırılmasına kömək etməkdir. Kafenin adını seçərkən düşündük ki, buradakı kitabları və xatirələri gələcək nəsillərə iz qoyaq. Necə ki biz də bizdən əvvəlki ziyalıların, görkəmli şəxslərin izi ilə addımlayırıq. Rayon sakinləri və buraya üz tutan qonaqlar rahat şəkildə istənilən janrda kitabları əldə edə bilərlər. Bu kitab kafenin açılmasında mənim ən böyük dəstəkçim ailəm və ziyalı dostlarım oldu. Rayonumuzda bu layihə bir ilkdir.
Müsahibimiz qeyd etdi ki, burada gənclər müxtəlif janrda kitablar, çay, kofe və şirniyyat çeşidlərini rahatlıqla əldə edə bilərlər. Gənc nəslin maariflənməsi üçün klassik və elmi əsərlərimiz daha çoxluq təşkil edir.
Gələcək planlarından söz açan Xəlil Əliyev deyir ki, bundan sonrakı məqsədimiz bu layihəni muxtar respublikanın digər bölgələrində həyata keçirərək daha çox gəncin mütaliə və araşdırma bacarığını artırmaqdır.
Qeyd edək ki, hazırda kafedə “Dünya klassikləri”, “Uşaq ədəbiyyatı”, “Dedektiv”, “Şəxsi inkişaf”, “Elmi”, “Psixoloji”, “Ailə və sağlamlıq”, “Fantastik”, “Astronomiya” və digər janrlarda 1000-dən çox kitab mövcuddur.
Müsahibimizə bu yolda uğur və bol qazanc arzu edib sağollaşırıq.
Bülbül QULİYEVA
Digər xəbərlər