NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Əzəli torpaqlara əbədi qayıdış

...

Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda hərtərəfli yenidənqurmanın, bərpanın həyata keçirilməsi və soydaşlarımızın etibarlı qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet məqsədlərindən hesab olunur. Bu baxımdan, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 milli prioritetindən biri kimi də müəyyən olunub ki, bu da dövlət siyasətində bu istiqamətdə görülən işlərə necə böyük diqqət göstərildiyini, önəm verildiyini təsdiqləyir. Ötən 5 ilə yaxın müddətdə respublikamızın heç bir beynəlxalq maliyyə qurumundan dəstək almadan Qarabağ və Şərqi Zəngəzurda uğurlu infrastruktur quruculuğu prosesini reallaşdırması, soydaşlarımız üçün yaşayış, iş, istirahət, sosial xidmət imkanlarının yaradılması sübut edir ki, Azərbaycan dövlətinin diplomatiyası, siyasi iradəsi dönməzdir, qətidir, alternativsizdir.  Prezident İlham Əliyevin dediyi kimi: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik... Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın”.
Böyük Qayıdışa dair birinci Dövlət Proqramının unikallığı onun hərtərəfli inkişafa, çoxcəhətli bərpa və quruculuğa əsaslanmasıdır. Başqa sözlə, dövlətimiz təkcə soydaşlarımız üçün ev, mənzil inşa etdirmir, onların məşğulluğunu təmin edir, uşaqların, yeniyetmələrin gələcəyi naminə bağçalar, məktəblər ucaldır, sağlam həyat naminə müasir səhiyyə, idman infrastrukturu qurur. Bölgədə iqtisadiyyat dirçəldilir, qeyri-neft sektoru, kənd təsərrüfatı, turizm potensialı inkişaf etdirilir, tarixi-mədəni abidələr bərpa olunur, milli-mənəvi dəyərlər yenidən xalqın həyatının əvəzolunmaz parçasına çevrilir.

        30-a yaxın yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə geri qayıdış təmin olunub

2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kənd sakinlərinin doğma yurda qayıdışı ilə başlanan köç prosesi hazırda dinamik şəkildə davam edir, Böyük Qayıdışın sədaları Şuşada, Laçında, Füzulidə, Cəbrayılda, Ağdamda, Kəlbəcərdə, Xocalıda, Xocavənddə duyulur. Dövlət Proqramına uyğun, ümumilikdə, 2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərdə keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Bu ilin əvvəlinə kimi, Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, Sus, Xocalı rayonunun Ballıca kəndləri öz soydaşlarını qoynuna alıb. 2025-ci ildə Ağdərə rayonunun Həsənriz və Suqovuşan, Ağdam rayonunun Sarıcalı və Kəngərli, eləcə də Xocalının, Xocavəndin, Cəbrayılın, Zəngilanın kəndlərinə soydaşlarımızın qayıdışı uğurla icra edilməkdədir. Ümumilikdə, indiyədək 30-a yaxın yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlər geri     qayıdıb.
Azad edilmiş ərazilərdə 12 şəhərin Baş planı hazırlanıb ki, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji prinsiplərlə tamamlanıb, 90 kənd və qəsəbə planlaşdırılıb. Hazırda azad edilmiş ərazilərdə 60 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Son 4 ildə üç beynəlxalq hava limanı, yol və avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub. Görülən bütün bu işlər beynəlxalq təcrübəli şəhərsalma mütəxəssislərinin iştirakı ilə həyata keçirilir və qlobal qabaqcıl təcrübə ilə uyğunluq təmin olunur. Bu faktlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və soydaşlarımızın məskunlaşması sahəsində sürətli irəliləyişini, “Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyini göstərir. 

 Müasir çağırışlara doğru, tarixi-mədəni irsə qayıdış 

Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilər üzrə məskunlaşma siyasətinin özünəməxsusluğu həm də onun müasir çağırışlara, texnoloji yeniliklərə əsaslanması ilə səciyyələnir. Bu baxımdan, Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi, bu ərazilərdə “yaşıl iqtisadiyyata” keçidlə bağlı irəli sürdüyü konsepsiya mühüm yol xəritəsidir. Bu konsepsiyanın icrası nəticəsində, ümumilikdə, 4 il ərzində işğaldan azad olunan torpaqlarda 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə daha 11 su elektrik stansiyasının açılışı plan üzrə gedir. 
Qarabağ və Şərqi Zəngəzurda qeyri-neft sektorunun inkişafı, “yaşıl iqtisadiyyat”a keçid də ötən müddətdə əsas hədəflərdən olub. Zəngilan rayonunda Ağalı kəndinin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında inşası ilə start götürən “yaşıl iqtisadiyyat”a keçid prosesi daha sonra digər kəndləri, şəhərləri, o cümlədən Laçını, Ağdamı, Xocalını, Füzulini, Şuşanı, Xankəndini də əhatə edib. 
“Yaşıl iqtisadiyyat”a uğurlu keçidi təmin edən əsas istiqamətlərdən biri də sənaye müəssisələrinin yaradılması, “yaşıl texnologiyalar”ın istehsalata tətbiqi və beləliklə də, qatqısız, ekoloji cəhətdən saf, təmiz məhsul istehsalına nail olunmasıdır. Bu baxımdan, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi məqsədlərinə xidmət edən sənaye parkları modelinin əhəmiyyəti kifayət qədər böyükdür. Hazırda ölkə üzrə 9 rayonu əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkları   fəaliyyət göstərir. Onlardan ikisi yerləşdiyi coğrafiya, nəqliyyat-logistika imkanları baxımından əlverişli olan Ağdam və Cəbrayıl rayonlarında yaradılıb.  Əsas məqsəd qeyd etdiyimiz kimi, işğaldan azad olunan ərazilərdə iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sayılan sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafına təkan verməkdədir. Əminliklə vurğulamaq olar ki, sənaye parklarının fəaliyyəti gələcəkdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadəni təmin etməklə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.
“Böyük Qayıdış” proqramının icrasına dair digər mühüm istiqamət isə tarixi-mədəni abidələrimizin və milli dəyərlərimizin yenidən bərpasının təmin olunmasıdır. Xatırlatmaq lazımdır ki, 1990-cı illərdə Qarabağ və Şərqi Zəngəzurda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri vardı. Təəssüf ki, 30 ilə yaxın müddətdə bu abidələrimiz ya dağıdılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Ermənilər Qarabağ ərazisində olan 67 məsciddən 63-nü yerlə-yeksan ediblər. Qalan 4 məsciddən 3-nə isə ciddi ziyan vurulub. Yeganə 1 məscid, Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində isə bəzi dəyişiklik edərək bu abidənin Azərbaycana aid olmadığını sübut etməyə çalışsalar da, cəhdlər uğursuz olub. Azərbaycanın 2020-ci ildəki tarixi zəfəri ermənilərin əzəli torpaqlarımızla bağlı cəfəng ideyalarının üstündən birdəfəlik xətt çəkib. Ötən dövrdə tarixi abidələrin inventarlaşdırılması həyata keçirilib və bərpasına başlanılıb. Heydər Əliyev Fondu dini və tarixi abidələrin restavrasiyasında, tikinti-təmir işlərində xüsusi rol oynayır, fondun xətti ilə bir sıra abidələr, o cümlədən Üzeyir bəy Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi, Saatlı məscidi, Şuşada Aşağı və Yuxarı Gövhər ağa, Ağdam Cümə məscidləri bərpa olunub. Eyni zamanda yeni məscidlər tikilərək istifadəyə verilib, Ağdam Muğam Mərkəzinin yenidənqurma və bərpası ilə köklü ənənələrə malik muğam məktəbi öz tarixi yerində fəaliyyət göstərməyə başlayıb. Görülən mədəni-kütləvi tədbirlər çərçivəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin təşkili milli-mənəvi dəyərlərimizin bərpasına xidmət baxımından məxsusi əhəmiyyət daşıyır. Bu və digər tədbirlər bölgəyə xas milli dəyərlərin yaşadılmasına geniş imkanlar açmaqla dünyaya “Tarixinə, mədəniyyətinə əsl sahiblik belə olur” mesajını çox aydın və dolğun şəkildə ötürür. Tarixi-mədəni irsimizə göstərilən böyük diqqətin nəticəsidir ki, zəfər rəmzimiz sayılan Şuşa 2023-cü ildə Türk dünyasının, ötən il isə İslam dünyasının mədəniyyət paytaxtı kimi, mühüm missiyalarını uğurla yerinə yetirib.
Beş ilin mənzərəsi göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış siyasətini uğurla həyata keçirir, soydaşlarımız öz yurdlarına əminliklə geri dönür, tarixi-mədəni irsimiz uğurla bərpa olunur. Bu qayıdış misilsiz qayıdışdır. Bu qayıdış əzəli torpaqlara əbədi qayıdışdır. Bu bərpa ədalətin təntənəsidir, haqqın qələbəsidir. Prezident İlham Əliyevin bu il sen­tyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə dediyi kimi: “Sizi ürəkdən təbrik edirəm, doğma Qarabağ torpağına qayıtmısınız. Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur – yollar, təbii qaz və elektrik enerjisi, su. Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız – siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik”.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 15.11.2025 11:28