NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Əzəl çərşənbə, gözəl çərşənbə

...

Fəsillər içərisində ən sərt fəsil sayılan qışı xalq təqvimlərə bölərək bayram əhvalında keçirir. İlk Çillə mərasimini qeyd etməklə Böyük çilləni qarşılayır, daha sonra Xıdır Nəbi mərasimi ilə Kiçik çilləyə meydan oxuyurlar. Beləcə, Kiçik çillə şələ-şüləsini götürüb gedər-getməz Boz ayı 4 çərşənbəyə bölən xalq şövqlə baharı qarşılamağa hazırlaşır. Bu il Su çərşənbəsi fevralın 24-nə, Od çərşənbəsi martın 3-nə, Yel çərşənbəsi martın 10-na, Torpaq çərşənbəsi isə martın 17-nə təsadüf edir.  
Əzəl çərşənbə Su çərşənbəsidir ki, insanlar suyun gücünə inanaraq əsrlərin süzgəcindən su kimi durula-durula gələn adətlər icra edirlər.  Qədim inanclara görə, kainatın yaradılışı zamanı ilk su mövcud olub və həyatın mənbəyi sayılıb. Buna görə də Su çərşənbəsi təkcə baharın gəlişinin deyil, həm də yenilənmənin, saflığın və bərəkətin rəmzidir. Su çərşənbəsi ilə bağlı xalq arasında maraqlı inanclar mövcuddur. Deyirlər ki, həmin gün buzlar əriyir, çaylar coşub-daşır, baharın ilk nəfəsi duyulur. Həyat yenidən canlanır. Odur ki, insanlar obaşdan oyanır, kimisi ana-nənəsindən miras qalmış səhəngini götürüb bulaq başına, kimisi çay kənarına gedir. Sudan içir, gətirdikləri qabları su ilə doldurur, baharın ilk nəfəsini ciyərlərinə çəkir, axar suyun üzərindən atlanaraq ilin bütün ağırlıqlarını arxada qoyduqlarına inanırlar. “Ağırlığım-uğurluğum suya, Azarım-bezarım suya”, – deyib, su üstündən atlanmaq, əl-üzünü sübhün soyuğuna baxmayaraq yumaq, bir-birilərinin üstünə su atmaq ənənəsi bu gün də var. Naxçıvanın, demək olar ki, bütün bölgələrində, xüsusən də Ordubadın kəndlərində dan yeri ağarar-ağarmaz su başına gedən uşaqdan tutmuş böyüyə hər kəs suyun enerjisinə inanır, arzu və niyyətlərini axar çaya pıçıldayırlar. Həmin gün su təmizlik, paklıq rəmzi kimi insanların ümid yerinə, inancına çevrilir. Gətirdikləri sudan həyətə, ağacların dibinə səpir, bərəkət gətirəcəyinə inanırlar. 
Su çərşənbəsi xalq arasında “sular Novruzu”, “gözəl çərşənbə” adları ilə də tanınmaqdadır. Su ilə bağlı inanclar xalq arasında bu gün də yaşadılmaqdadır: “Yuxuda su görmək aydınlıqdır”, “Səfərə çıxan insanın arxasınca su atarlar”, “Lal axan sudan keçməzlər”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Su səhəngi suda sınar”, “Su bir yerdə qalanda iylənər” və digər bu kimi nümunələrdə də suyun əski türk aləmində müqəddəs bilinən anlayışlar sırasında olduğu sübut edilir. 
Beləcə, buzlar əriməyə başlar, Od çərşənbəsi ilə torpaq isinər, Yel çərşənbəsi ilə axar sular çağlayar, coşar, ağaclar tumurcuq bağlayar. Baharın yaxınlaşdığını xəbər verən Novruzgülü torpaqdan baş qaldırıb insanları sevindirər. İnsanlar yenidən torpağa tapınar.
Qış ağır-ağır nəfəsini yaza təslim edər. Bahar ilk müjdəçisi su ilə dünyamıza daxil olar. Axı su həyatdır. 
Çağlayıb axan sularımız qurumasın, ömrümüz su kimi təmiz, aydın olsun. Su çərşənbəniz mübarək olsun!

Nəşr edilib : 23.02.2026 23:57