NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Elxan Nəcəfov: Bu əməkdaşlıq ümumi təhsilimiz üçün uğurlu və faydalı olacaq

...

“Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə BP Azərbaycan şirkəti arasında əməkdaşlıq sazişi imzalandı. Və mən Təhsil Nazirliyi adından bu tərəfdaşlıq sazişinin ümumi təhsilimiz üçün uğurlu və faydalı olmasını arzulayıram. Məlumdur ki, BP Azərbaycan şirkətinin ölkəmizin müxtəlif regionlarında müxtəlif təhsil yönümlü layihələri var. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müstəvisində isə bu ilk dövlət-özəl tərəfdaşlıq sazişi prosesidir və inanırıq ki, bu əməkdaşlıq yekunda həm davamlı, eyni zamanda uğurlu olacaq”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə BP arasında əməkdaşlıq sazişi imzalandıqdan sonra jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib. O bildirib ki, əməkdaşlıq sazişi və bundan sonrakı proses, ümumilikdə, təhsilimizlə bağlı həm təhsil alanları, həm də təhsil verənləri əhatə edir. Bu, ümumtəhsil və peşə təhsili olmaqla laboratoriya və emalatxanaların qurulması ilə bağlı ilkin mərhələdə görüləcək işlərdir. 
Elxan Nəcəfov qeyd edib: “Növbəti tədris ilinə, yəni 2026-cı ilin sentyabrına nəzərdə tutulmuş peşə təhsilində 2 emalatxananın qurulması və zənginləşdirilməsi, eyni zamanda 2 məktəbdə – Heydər Əliyev adına tam orta məktəbdə və Qızlar Liseyində kimya fənn laboratoriyalarının qurulması ilə bağlı biz artıq razılaşmışıq. Təhsil alanlarla bağlı isə qarşıdakı 2 il ərzində Təhsil Nazirliyinin və eyni zamanda Elm və Təhsil Nazirliyinin birgə müsabiqələrində aşkarlanmış istedadlı şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığında dəstəkləyici baxımdan bu saziş müəyyən imkanlar ortaya qoyacaqdır. Təhsil verənlərlə bağlı isə bizim təhsil müəssisələrində çalışan ingilis dili müəllimlərinin bilik və bacarıqlarının, peşəkar səviyyələrinin artırılması yönündə təlimlər nəzərdə tutulub. Artıq bu işlərə start verilib və bu təlimlərin yekununda onlar beynəlxalq sertifikatlar əldə etmiş müəllimlər olacaq. Ümumilikdə, bildirim ki, Təhsil Nazirliyi ilə gələcəkdə də müxtəlif dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələr nəzərdə tuturuq və düşünürük ki, milli Azərbaycan şirkəti ilə başlanan bu ilk əməkdaşlıq sonrakı illərdə davam edəcək və inkişaf edəcək, muxtar respublikamızın təhsilinə, təhsil siyasətinə uğurlu töhfələr verəcək.
Hazırda bu əməkdaşlıq yalnız Naxçıvan şəhərini əhatə etmir. Məsələn, ingilis dili müəllimlərinin təlimə cəlb olunması muxtar respublikamızın bütün müəssisələrini əhatə edən istiqamətdir. Eyni zamanda istedadlı şagirdlər də muxtar respublikanın bütün məktəblərində fəaliyyət göstərən şagirdlər arasından seçilərək həmin təlimlərə və olimpiadalara hazırlığa cəlb ediləcək. Bu yalnız Naxçıvan şəhərini deyil, bütün muxtar respublikanı əhatə edir. Laboratoriyalar isə ilkin etapda Qızlar Liseyi və Heydər Əliyev adına tam orta məktəbdə,  şəhərdə yerləşən və nazirliyə birbaşa tabe müəssisələrdə qurulacaq. Eyni zamanda peşə təhsilində də biz ixtisasları xüsusilə nəzərə alaraq Naxçıvan Şəhər Texniki Peşə Mərkəzini nəzərdə tutmuşuq. Ötən illərdə isə, yəqin ki, həm peşə ilə bağlı, həm də təhsillə bağlı muxtar respublikanın digər rayonlarını da əhatə edən müəssisələr nəzərə alınacaqdır. Bununla bağlı təlimlərə cəlb olunan müəllimlər qarşılıqlı olaraq BP Azərbaycan şirkətinin müəyyənləşdirdiyi meyarlar çərçivəsində seçilir və artıq 30-a yaxın müəllim təlim prosesinə cəlb olunub. Təlim prosesi onlayn qaydada davam etdirilir, növbəti mərhələlərdə də bu proses davam etdikcə həmin meyarlar nəzərə alınacaq. Bu meyarlar əsas etibarilə həmin müəllimlərin linqvistik və peşə bacarıqlarını ölçə bilən göstəricilərdir. Sözsüz ki, həmin müəllimlər yekunda sertifikasiyada da uğur qazana bilən müəllimlərdir, çünki onların peşəkarlıq göstəriciləri yüksəkdir. Bu təlimlər isə həmin peşəkarlıq göstəricilərinə əlavə töhfələr verir”.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 10.04.2026 18:05