NAXÇIVAN :

02 May 2026, Şənbə

Elmin Yusif Məmmədəliyev zirvəsi

...

Azərbaycan tarixboyu bir çox korifey və mütəfəkkirləri ilə dünyada tanınıb. Azərbaycan alimləri müxtəlif sahələr üzrə elm xəzinəsinə böyük töhfələr veriblər. Onların hər biri öz tədqiqatları, kəşfləri, Vətən qarşısında xidmətləri ilə elm tariximizdə milli fəxarət zirvəsinə yüksəliblər. Bu inkişaf mərhələsində milli elmimizi inkişaf etdirən, Azərbaycanımızı dünyada tanıdan, ölkəmizi şöhrətləndirən görkəmli alimlərimiz arasında kimyaçı, maarifpərvər alim, akademik Yusif Məmmədəliyev xüsusi yer tutur. Prezident İlham Əliyevin 2025-ci il 5 iyul tarixli Sərəncamı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd olunması dövlətimiz tərəfindən ölkəmizdə elmə, alimə verilən ən yüksək qiymətdir. 

Ümummilli Lider Heydər Əliyev dahi alimin əməyini, kimya elminin inkişafında verdiyi töhfələri yüksək qiymətləndirib: “Mən onu şəxsən tanıyırdım, onunla dəfələrlə görüşmüşdüm və buna görə də mənim bu sözlərim kitablardan oxuduğum, yaxud kimdənsə eşitdiyim sözlər deyildir. Bunlar onunla şəxsi təmasdan aldığım təəssüratlardır. O, həddindən artıq mədəni və eyni zamanda çox təvazökar bir insan idi, millətini, xalqını həddindən artıq sevən bir adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında, ziyalı idi. Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər”.

Görkəmli alim, kimya elmləri doktoru, Dövlət Mükafatı Laureatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində dünyaya göz açıb. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. Yusif Məmmədəliyev 1928-1930-cu illərdə 1925-ci ildə yaradılmış İrəvan Pedaqoji Texnikumunda da müəllim işləyib.

1926-cı ildə Ali Pedaqoji İnstitutun Təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali təhsil ocağında Yusif Məmmədəliyev görkəmli kimyaçı professorlarımız S.Hüseynov və M.Xanlarovdan dərs alıb. Daha sonra 3 il müəllim işləyib. Yusif Məmmədəliyevin kimya elminə olan dərin marağı və sevgisi onu, 1929-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə gətirib. 24 yaşlı gənc təhsil almaqla yanaşı, dünya kimya elminin görkəmli alimlərindən olan akademik N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparıb. Yusif Məmmədəliyev Kimya fakültəsinin Üzvi kataliz ixtisası üzrə ilk məzunlarından biri olub. 1931-ci ildə N.Zelinskinin və A.Balandinin rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi-tədqiqat işini müvəffəqiyyətlə yerinə yetirib.

1932-ci ildə Vətənə qayıtdıqdan sonra keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Üzvi kimya kafedrasına müdir təyin olunub. Bir tədris ili orada işlədikdən sonra Bakıdakı V.Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə başlayıb. O dövrdə aktual olan neft-kimya və üzvi katalizin elmi problemlərinə həsr olunan elmi məqalələri yerli neft emalı və neft-kimya sənayesinin inkişafı ilə sıx əlaqəli olub. Gənc alimin bəzi tədqiqat işləri yeni sənaye proseslərinin yaradılmasına təkan verib. 

Elm aləmində əvəzolunmaz yer tutan akademik Yusif Məmmədəliyev böyük maarifçi olub. O, Ordubadda, Gəncədə, Bakıda, İrəvanda və başqa yerlərdə müəllim işləyib. Akademik bir çox ali təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

Əvəzsiz xidmətlərinə görə Yusif Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. 

Akademik Yusif Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində uğurlu nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq sübut edib. Tədqiqatlarında hər zaman bu zəngin mənbədən istifadə etməyə üstünlük verib, bundan əhəmiyyətli məhsulların alınması üçün geniş işlər aparıb. Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin və sair yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanılıb.

Yusif Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Bu üsul ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik, həmçinin dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. 

Akademik Yusif Məmmədəliyevin II Dünya müharibəsi dövründə də misilsiz xidmətləri olub. Onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır.   Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə zəmin yaradıb.

Yusif Məmmədəliyev təkcə Azərbaycanda yox, o vaxtlar keçmiş Sovet ittifaqında da tanınmış böyük alim idi və ölkədə Azərbaycanı layiqincə təmsil edirdi. 1945-1946-cı illərdə Sovet İttifaqının Neft Sənayesi Nazirliyinin elmi-texniki şurası yaradılanda bu şuraya rəhbərlik Yusif Məmmədəliyevə həvalə olunub. Moskvada böyük bir dövlətin yüksək sənaye kompleksinin elmi-texniki şurasının rəhbəri Yusif Məmmədəliyevin – azərbaycanlının, olması təkcə Yusif Məmmədəliyev üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün iftixar hissi doğururdu.

Görkəmli Akademik Elmlər Akademiyasının prezidenti, universitetin rektoru işləyərkən də Azərbaycan elminin böyük təşkilatçısı olub. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyası yaranarkən Yusif Məmmədəliyev Elmlər Akademiyasını təsis edən 15 görkəmli şəxsiyyətdən biri olub. Elmlər Akademiyası təşkil olunandan cəmi iki il sonra Yusif Məmmədəliyev respublika EA-nın prezidenti seçilib. Onun fəaliyyəti dövründə Akademiya nəzdində yeni-yeni tədqiqat institutlarının əsası qoyulub. Yusif Məmmədəliyevin təşəbbüsü ilə Bakıda Neft-Kimya Prosesləri İnstitutu yaradılıb.

Dahi alim kimyaçı, istedadlı tədqiqatçı, gözəl müəllim, görkəmli dövlət və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar alimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı Laureatı Yusif Məmmədəliyev 1961-ci il dekabrın 15-də Bakı şəhərində vəfat edib. 

Akademik Yusif Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri ilə haqlı olaraq dünya şöhrəti qazanıb və gələcək nəsillər üçün zəngin irs qoyub. O, Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusif Məmmədəliyev məktəbi”ni yaradıb.

Turan MƏMMƏDLİ

biologiya üzrə fəlsəfə doktoru

Nəşr edilib : 31.12.2025 10:00