Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat el...
15:40 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
Həyat və fəaliyyətimizdə önəmli yerə sahib olan elektrik enerjisinə daim ehtiyac duyuruq. Elektrik enerjisinin yaranması, bəşər övladının təbii resursları və elmi bilikləri tətbiq edərək onlardan faydalı iş görmə gücü əldə etməsi prosesinin bariz nümunəsidir. Bəs biz bu enerjidən düzgün istifadə edirikmi? Bu sahədə sərfiyyatın az olması üçün nəyə diqqət etməliyik, yaxud hansı cihazlar gizlin enerji israfçılarıdır? Energetika mütəxəssisi Miryunis Seyidovla mövzu barədə həmsöhbət olduq. Elektrik enerjisinin insan həyatındakı yeri və rolundan bəhs edən müsahibim bildirdi ki, elektrik enerjisi cəmiyyətin inkişafında rol oynayan əsas resurslardan biridir. Gündəlik həyatımızda, sənayedə və iqtisadiyyatın bütün sahələrində geniş istifadə olunan elektrik enerjisinin düzgün və qənaətli istifadəsi həm iqtisadi baxımdan faydalı, həm də ətraf mühitin qorunmasına görə vacibdir. Qlobal istiləşmə, enerji qiymətlərinin artması və yaşam üçün vacib olan resursların məhdudluğu səbəbi ilə enerji effektivliyi məsələsi bu gün daha aktualdır. Enerji effektivliyi yalnız enerjiyə qənaət deyil, eyni zamanda yüksək məhsuldarlığın qorunması ilə enerji sərfiyyatının optimallaşdırılmasıdır.
Müsahibimin sözlərinə görə, effektiv məişət cihazlarının seçilməsi, işıqlandırma sistemlərinin istifadəsi zamanı az sərfiyyatlı “led” lampalardan istifadə, elektrik cihazlarını şəbəkəyə qoşulu vəziyyətdə (stand-by rejimində) saxlamamaq, qızdırıcı və soyuducuların dövri təmizlənməsi və texniki qulluq işlərinin aparılması, eyni anda daha çox enerji qəbuledicisini eyni şəbəkə xəttinin üzərinə qoşmamaq, həmçinin istifadə edilməyən cihazları söndürmək və bu kimi digər aid məsələlərin təşviqatı davamlı xarakter almalı, enerji istehlakçıları bu barədə maariflənməlidir.
Çünki texnologiyanın inkişafı ilə ağıllı idarəetmə sistemləri də geniş yayılmağa başlayıb. Ağıllı ev sistemləri və sensorlu idarəetmə cihazları enerji sərfiyyatına nəzarət imkanı yaradır. Məsələn, hərəkət sensorları otaqda heç kim olmadıqda işıqları avtomatik söndürür. Gecə rejimlərində elektriklə işləyən cihazların avtomatik işə düşməsi daha effektiv üsul kimi qiymətləndirilir.
Bütün bunlarla yanaşı, elektrik naqillərinin uyğun en kəsikli, izolyasiya səviyyəsi və yüklənmə gücünə uyğun seçilməsinin xüsusi önəm daşıdığını vurğulayan M.Seyidov onu da diqqətimizə çatdırdı ki, naqillərin düzgün seçilməsi təkcə enerji effektivliyi üçün deyil, həm də yanğın və qəza hallarının qarşısının alınması baxımından vacibdir. Naqillərin seçilməsi və quraşdırılması prosesi ixtisaslı mühəndis-mütəxəssislərin texniki göstəricilərə, mövcud standartlara və normativ sənədlərə əsaslanaraq verdiyi tövsiyələr nəzərə alınmaqla həyata keçirilməlidir. Belə yanaşma həm enerjinin itkisiz ötürülməsi, həm də elektrik enerjisi qəbuledicilərinin uzunömürlülüyünü və təhlükəsizliyini təmin etmiş olur.
Öyrəndik ki, ölkəmizdə enerji effektivliyinin saxlanması ilə bağlı normativ-hüquqi bazalar mövcuddur. Aid müəssisələrdə enerji monitorinqi və səmərəlilik göstəriciləri üzrə dövri hesabatlılıq aparılır və nəticələri müqayisə edilir.
Sonda müsahibim xüsusi vuğuladı ki, elektrik enerjisindən qənaətlə istifadə etmək hər bir vətəndaşın, müəssisənin və digər enerji istehlaçkısının ortaq vəzifəsidir. Ən kiçik cihazdan tutmuş böyük güclü sənaye avadanlıqlarına qədər hər səviyyədə enerji effektivliyinin saxlanılması vacibdir. Bu həm ətraf mühitin qorunmasına xidmət edir, həm də uzunmüddətli iqtisadi qənaət yaradır.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər