COP29 – iqlim diplomatiyasında dönüş nöqtəsi...
17:17 24.11.2024
0
0
3
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ili ilə əlaqədar keçirilən ardıcıl tədbirlərin davamı olaraq Naxçıvan Biznes Mərkəzində “Ekoloji tarazlığın qorunmasında gənclərin rolu” adlı infosessiya təşkil olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında ölkəmizin bu sahədə önəmli yol qət etdiyini və dövlət başçısı İlham Əliyevin rəhbərliyində qlobal müstəviyə yüksəldiyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycanda keçiriləcək COP29 tədbirini və bunadək olan prosesləri xüsusi vurğulayan nazir müavini “Yaşıl dünya naminə həmrəylik ili”nin, Naxçıvan da daxil “yaşıl enerji zonaları” təcrübəsinin, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə ilə “yaşıl iqtisadiyyata”keçidin əhəmiyyəti barədə danışıb. Nazir müavini muxtar respublikada ekosistemin qorunması sahəsində həyata keçirilən tədbirlərin intensiv xarakter aldığını, maariflənmə və sosial fəaliyyət baxımından gənclərin, əsasən də bu ilin əvvəlində formalaşdırılan “Yaşıl dünya” könüllülərinin aktiv fəaliyyət ilə seçildiyini deyib. Gənclər və İdman Nazirliyinin kollektivi və könüllülərin iştirakı ilə il boyu keçirilən ekoloji tədbirlərdən danışan Məcid Seyidov bildirib ki, Naxçıvan şəhəri və bölgələri əhatə edən müxtəlif ekoloji aksiyalar, maarifləndirici tədbirlər, yaradıcılıq sərgiləri, müzakirələr, ekskursiyalar, idman yarışları, ekodüşərgə təşkil edilib, ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipedə marağın artırılmasına hədəflənən veloyürüşlərdə kütləviliyə nail olunub. Muxtar respublika ərazisində ətraf mühitin qorunmasına təşviq edən poster və bannerlər hazırlanaraq şəhərdaxili rəqəmli bilbordlarda və monitorlarda nümayiş etdirilir. “Greenland – Nakhchivan” “Facebook” və “Instagram” səhifələrinin yaradılması və fəaliyyətinin təşkili uğurla davam etməkdədir. Nazir müavini çıxışının sonunda bu işlərdə yaxından iştirak edənlərə, könüllü gənclərə minnətdarlığını bildirib, bu sahədəki tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyev iqlim dəyişiklikləri ilə mübarizədə strateji planlardan, muxtar respublikada bu istiqamətdə həyata keçirilən layihələrdən və gələcək perspektivlərdən danışıb. “Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Müfaizəsinə Dəstək” İctimai Birliyinin sədri Aygül Məmmədova birliyin fəaliyyətindən bəhs edib, gələcəkdə görüləcək işlərdən danışıb.
Çıxışıların ardınca Naxçıvan Televiziyası tərəfindən COP29 ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib. Ardınca tədbirin keyfiyyət analizinin aparılması məqsədilə iştirakçılara sorğu blankları təqdim olunub.
Digər xəbərlər