Türkiyənin “Mədəni Azərbaycan” jurnalının xüsusi b...
17:11 06.01.2025
0
0
0
NAXÇIVAN :
06 Yanvar 2025, Bazar ertəsi
Ölkəmizin yerləşdiyi mürəkkəb geostrateji mövqeyi, sahib olduğu təbii sərvətləri və tarixən qarşılaşdığı ədalətsizliklərə qarşı aparılmış mübarizə dövlət müstəqilliyimiz illərində həyata keçirilən xarici siyasətin əsas konturlarını müəyyən edib və bu gün Azərbaycanın dünya arenasında qazandığı güc və dəstək də məhz bu istiqamətdə həyata keçirilən gərgin işlərin bəhrəsi kimi dəyərləndirilməkdədir. Müstəqil dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xarici siyasət sahəsində uzaqgörən fəaliyyətinin nəticəsində möhkəm təməl qazanmış Azərbaycan diplomatiyası dövlət başçımız Prezident cənab İlham Əliyev tərəfindən də mükəmməl şəkildə davam etdirilərək ölkəmizin dostlarının sayının artırılması, dost olmayanların təsirlərinin məhdudlaşdırılması istiqamətində mühüm uğurlar qazanmışdır. Yola salmaqda olduğumuz 2024-cü il də Azərbaycan dövlətinin xarici siyasət sahəsində qazandığı uğurlar baxımından yaddaqalan oldu.
Hazırda dövlət başçımızın istər qardaş, istər qonşu, istərsə də böyük dövlətlərlə apardığı xarici siyasət kursunun əsas determinantları dörd il əvvəl ölkəmizin Qarabağın düşmən işğalından azad olunması ilə qazandığı böyük Qələbənin möhkəmləndirilməsi, məğlub Ermənistanla sülh müqaviləsinin bağlanılması ilə bütün Cənubi Qafqazda yeni sabit həyatın başlanmasını təmin etməkdir. Yola salmaqda olduğumuz ilin əvvəlində, 10 yanvar tarixdə yerli televiziya kanallarına müsahibə verən dövlət başçımız digər sahələrlə yanaşı, ölkəmizin xarici siyasət sahəsində də qazandığı uğurlara toxunaraq 2019-cu ildən Azərbaycanın Qoşulmama Hərəkatına 4 il ərzində sədrliyi dövründə qazandığı böyük təcrübənin əhəmiyyətini qeyd etmiş, bu təşkilatın nüfuzunun yüksəlməsi naminə görülən işlərdən, xüsusən COVID-19 pandemiyası dövründə vaksin milliyyətçiliyinə qarşı uğurlu mübarizəni xatırlatmışdır. 7 fevral tarixdə ölkəmizdə uğurla keçirilmiş növbədənkənar prezident seçkilərində böyük uğur qazanaraq yenidən xalqın etimadına layiq görülən dövlət başçımız 14 fevral 2024-cü il tarixdəki andiçmə mərasimində isə bundan sonrakı dövrdə Azərbaycanın yerinin Türk dünyası ailəsi olacağını bəyan etməklə, əslində, xarici siyasətimizin əsas istiqamətlərini də bəyan etdi.
Ölkəmizin yerləşdiyi mürəkkəb coğrafiya, böyük dövlətlərin maraqlarının kəsişdiyi Cənubi Qafqaz həmişə münaqişə və toqquşmalar meydanı olmuşdur. Enerji və tranzit potensialı ilə bu maraqların getdikcə daha da kəskinləşdiyi müasir dövrdə Azərbaycanın suverenliyinin qorunması üçün regiona maraqgöstərən böyük dövlətlərin, xüsusən uzun illərdən bəri ikili standartlar yürüdərək ölkəmiz əleyhinə gizli və açıq şəkildə siyasət aparan ölkələrin yırtıcı istəklərini gözündə qoyacaq xarici siyasət aparılması, bu mənada, dərin analitik təhlil və uzunvədəli strateji düşüncə tələb edən işdir. Ölkəmizin daxili iqtisadi və sosial siyasət məsələləri, həmçinin Qarabağın yenidən inşası kimi təxirəsalınmaz vəzifələr fonunda bütün bunların öhdəsindən gəlməyi bacaran dövlət başçımız cənab İlham Əliyev mürəkkəb konyunktur dalğalanmaların çox sıx müşahidə olunduğu xarici siyasət məsələlərində hər kəsə master dərsi keçə biləcək bir üslubla bu il də Azərbaycanın maraqlarını ən yüksək səviyyədə qorumağı bacardı. Belə dalğalanmalar isə yola saldığımız bu il daha da çox olub, ölkəmizi və yaxın regionumuzu uzaqdan və yaxından maraqlandıran Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq qarşıdurması, Çin-ABŞ, İran-Pakistan, İran-İsrail arasında yaşanan gərginliklər, Avropa İttifaqının müxtəlif institutlarının ölkəmizə qarşı ədalətsiz ikili standartlar çərçivəsindəki yanaşmaları, həmçinin qonşu Gürcüstandakı daxili çaxnaşmalarla yadda qaldı. Bütün bunlarla paralel olaraq revanşist Ermənistanı yenidən silahlandıraraq müharibəyə təhrik edən Fransa, Hindistan və Yunanıstan üçlüsünün xəyallarını da puç edəcək xarici siyasət kursunun davam etdirilməsi bu il dövlət başçımızın iş masası üzərində onu gözləyən mühüm vəzifələrdən olmuşdur.
2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuş və Azərbaycan keçmiş SSRİ məkanında ilk ölkə olaraq COP29-a ev sahibliyi etmək kimi mühüm missiyanı öz üzərinə götürmüşdür. Bu mənada, Cənubi Avropadakı enerji tərəfdaşlarımız, həmçinin “yaşıl enerji”yə keçid sahəsində ölkəmizlə sıx əlaqələri olan ölkələrlə aparılan işlər belə mühüm əhəmiyyətli tədbirin Azərbaycana həvalə edilməsinin təsadüfi olmadığını göstərmişdir. Bu barədə aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident cənab İlham Əliyev COP29-u beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmət və dəstəyinin təzahürü kimi qiymətləndirmişdir. COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran dövlət başçımız bizim dünyaya söyləyəcəyimiz çoxlu məsələlər olduğunu bildirmişdir. Bu baxımdan ənənəvi və alternativ enerji resurslarından istifadə məsələlərində beynəlxalq dəstəyin daha çox əldə olunması üçün müxtəlif platformalarda aparılan bütün işlər yola saldığımız ilin uğurları arasındadır.
Şimal qonşumuz Rusiya ilə münasibətlərin normallaşdırılması və bundan faydalanmaq ötən dövrdə dövlət başçımızın siyasətində mühüm yer tutub. 2024-cü ildə Rusiya dövlət başçısı ilə Rusiyada və Bakıda keçirilmiş yüksəksəviyyəli görüşlərdə iki dövlət arasında strateji əlaqələrin daha da dərinləşdirilməsi və regional təhlükəsizlik məsələlərində qarşılıqlı etimadın əldə olunması mühüm uğurlardandır. Bu xüsusda ötən il tam suverenliyini bərpa etmiş ölkəmizin Qarabağ regionundan Rusiya sülhməramlılarının çıxarılmasını da son iki yüz ilin ən yaddaqalan hadisəsi kimi dəyərləndirmək mümkündür.
Qarabağın azad olunmasından sonra dost olmayan ölkələrin Azərbaycana qarşı çıxışlarının neytrallaşdırılması baxımından qardaş türkdilli dövlətlərin ölkəmizə verdiyi dəstək əvəzsizdir. Qarabağda qardaş ölkələrin tikdiyi məktəblər və mədəniyyət müəssisələri mənəvi dəstək nümunəsi olaraq Azərbaycanın tək olmadığını dünyaya nümayiş etdirməklə mühüm siyasi əhəmiyyət də daşıyır. Bu mənada, qardaş türkdilli ölkələrin dövlət başçıları ilə yanaşı, dost Belarusun dövlət başçısının da Şuşaya səfəri və dost Macarıstanın Türk Dövlətləri Təşkilatında müntəzəm iştirakı bilavasitə Azərbaycanın xarici siyasətinin uğuru kimi dünyada qəbul olunur. Orta Asiyanın türkdilli ölkələri, eləcə də Tacikistanla qurulan sıx əlaqələrin hazırda ən yüksək səviyyəyə çatması, qardaş Türkiyə ilə hər sahədə davam etdirilən yüksəksəviyyəli siyasi təmaslar ölkəmizin bu böyük ailədəki yerindən və dövlət başçımızın siyasi müdrikliyindən xəbər verir.
Cənub qonşumuz İranla yaradılmış səmərəli dialoqun qorunub saxlanılması və daha da inkişaf etdirilməsi müstəqil Azərbaycan Respublikasının prioritetləri və mehriban qonşuluq prinsiplərinin mühüm məsələlərindəndir. Bu mənada, bu ilin may ayında Araz çayı sahilində, İranla sərhəddə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlət başçımızın İslam dövlətinin başçısı ilə birgə iştirak etməsi və İran-Azərbaycan dostluğu, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə verilən dəstək barədə ötürülən qarşılıqlı mesajlar tarixi qonşuluq əlaqələrmizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə olmuşdur. Bu görüşdə təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı və Ağbənd istiqamətində tikilən yeni avtomobil körpüsünün təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, həm beynəlxalq nəqliyyat dəhlizinin bir parçası, həm də Şimal-Cənub, eyni zamanda Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacağı dövlət başçımız tərəfindən vurğulanmışdır.
Bu ilin iyulunda dövlət başçımızın qardaş Pakistana səfəri, buradakı təntənəli qarşılanma və hərtərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından əldə olunan razılaşmalar da xarici siyasətimizin uğurları arasındadır.
2020-ci il 10 noyabr Bəyannaməsinə imza atan, ancaq Cənubi Qafqazda dayanıqlı sülh yaradılmasına həmişə əngəl yaratmaq istəyən Ermənistanın ənənəvi destruktiv xarici siyasətinə qarşı Azərbaycanın həyata keçirdiyi xarici siyasət xətti bu il də öz bəhrəsini vermişdir. Bu ilin may ayında Qazaxın 4 kəndinin geri alınması ilə nəticələnən danışıqlar, həmçinin iki dövlət arasında sərhəd delimitasiya məsələlərinin həlli üzrə müzakirələr, oktyabrın 24-də Tatarıstanın paytaxtı Kazanda keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı vasitəçisiz görüş, burada Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə verilən təlimatlar, hər şeydən əvvəl, qalib ölkə olan Azərbaycanın, onun dövlət başçısının xarici siyasətdəki uğurudur.
Və COP29! Şübhəsiz, BMT səviyyəli bu böyük tədbirin Azərbaycanda keçirilməsi və 80-i lider olmaqla, 196 ölkədən 76 min nəfər iştirakçının sammitə qatılması, ilk növbədə, Azərbaycanın uğurudur. Tədbirdəki yüksəksəviyyəli təşkilatçılıqla seçilən Azərbaycan dövlət başçısının istər Liderlər sammitinin açılış mərasimində, istər inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində və istərsə də dəvəti qəbul edib ölkəmizə təşrif buyurmuş liderlərlə ikili təmaslarda verdiyi mesajlar dünyanın gündəmində birinci səhifədə işıqlandırılmışdır. Dünya, Avropa İttifaqı rəsmiləri və eləcə də BMT-nin iqlim məsələləri kimi önəmli konfransına ucuz şəxsi ambisiyalarına görə qatılmayan Fransa kimi dövlətlər gördülər ki, Azərbaycanın dövlət başçısı həmişə sözünün arxasındadır. Lazım gəldikdə belə ölkələr öz kolonialist keçmişlərinə görə birbaşa üzlərinə deyilən sözləri BMT Baş Katibinin də alqışladığını görə bilərlər. Bu çıxışlar dövlət başçımızın bəzi cılız Avropa və Amerika siyasətçilərinə verdiyi unudulmayacaq xarici siyasət dərsi idi.
2024-cü ildə dövlət başçımızın Türkiyə, Misir, İtaliyaya səfərləri zamanı, həmçinin Astanada Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Çin lideri ilə görüşləri Avropa İttifaqı rəsmiləri ilə təmasları da bu ilin diplomatik uğurları arasında oldu.
Dünya sürətlə dəyişir və dünya siyasəti də baş verən hər cür konyunktur tərəddüdlər və beynəlxalq hədəflərlə zaman-zaman korreksiya olunur. Ancaq zamanın sınağından çıxmış və həmişə özünü ən yüksək səviyyədə doğrultmuş bir həqiqət vardır ki, bu, ölkəsinin, xalqının tam suverenlik içində, rahat, sülh şəratində yaşaması üçün həyata keçirilən siyasətin daim qələbə çalması, dünyanı ədalətə qovuşdurmasıdır. Onillər boyu bütöv Azərbaycanın inkişafı üçün yeridilən uğurlu xarici siyasət xəttinin də uğuru bu ədalətə, güclü dövlətçiliyimizə dayanır.
Əli CABBAROV
Digər xəbərlər