Azərbaycan XİN Panama Respublikasını təbrik edib...
23:09 06.04.2025
0
0
0
NAXÇIVAN :
07 Aprel 2025, Bazar ertəsi 22:52
Ötən günlərin söhbətidir. Yeni kitabımı nəşr etdirmək üçün “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinə yollanmışdım. Həyətdə çoxdandır, üz-üzə gəlmədiyim, amma mütəmadi telefonla danışdığım universitet müəllimimi, hamımızın yaxşı tanıdığı şair Əbülfəz Muxtaroğlunu gördüm. Bir əlində kitab tutub, o biri əli ilə çəliyini yerə möhkəm-möhkəm söykək edərək nəşriyyatın pillələrini çıxmağa çalışırdı. Yaxınlaşıb görüşdüm, hal-əhval tutdum, əlindən tutub pillələri qalxmasına köməklik etdim.
O da mənim kimi nəşriyyata gəlmişdi. Bu yaxınlarda 85 yaşının tamam olması münasibətilə hazırladığı “Bioqrafiya-85” kitabının son düzəlişlərini etmək məqsədində idi.
Ömrünün 85-ci qışını geridə qoyub, 86-cı baharına doğru yol alan Əbülfəz müəllimin əvvəlki görkəmindən zaman bir çox şeyi alıb aparıb. Cismən zəifləyib, əlində, üzündə qırışlar xeyli çoxalıb, tələbə ikən əlimizdən tutub bizi həyat yollarında daha yaxşı bir gələcəyə aparmağa çalışan müəllimimin bu dəfə öz tələbəsinin əlindən möhkəmcə tutaraq pillələri çıxmasına möhtac buraxıb fələk. Amma zamanın, fələyin, ötən illərin Əbülfəz Muxtaroğlundan ala bilmədiyi tərəflər də var: həyat dolu olması və üzündəki təbəssümü. Birinci mərtəbədən ikinci mərtəbəyə həmişə 5 saniyəyə qalxdığım pillələri bu dəfə müəllimimə ayaq uyduraraq 5 dəqiqəyə çıxanda fikrimdən onunla həmsöhbət olmaq keçdi. Hər ikimiz nəşriyyatdakı işlərimizi yekunlaşdırandan sonra növbəti 5 dəqiqəlik yolu da qalxıb mənim üçün dopdoğma olan “Şərq qapısı” qəzeti redaksiyasına qalxmağa və qəzet üçün bir müsahibə verməsinə razı saldım Əbülfəz müəllimi.
Qəzetin baş redaktoru Sara Əzimovaya fikrimi deyəndə o da çox müsbət yanaşdı bu təklifə. Bu yerdə bir məqamı da qeyd edim ki, 2005-ci ilin yaz günlərinin birində Sara Əzimovanın “Şərq qapısı” qəzetinə ilk yazısı daxil olmuşdu. Əbülfəz Muxtaroğlu ilə müsahibəsi. Redaktor o vaxt həmin yazını şöbə müdiri kimi mənim üzərimə yazmışdı. Çox axıcı, maraqlı və ədəbiyyat dolu həmin müsahibə cüzi dəyişikliklə qəzetdə dərc olunmuş və beləliklə, bu gün qəzetə rəhbərlik edən köhnə silahdaşım Sara xanımın mətbuatda ilk yazısı işıq üzü görmüşdü. Bir vaxt Sara Əzimovanı “Şərq qapısı”na gətirən adamı bu gün mən “Şərq qapısı”na gətirmişdim.
Qapısı həmişə açıq olan müxbirlər otağına girdik. Əbülfəz müəllimə masalardan birinin arxasında əyləşməyə kömək edib müsahibəyə başladıq:
– Əbülfəz müəllim, 85 yaşınız tamam oldu. Bu münasibətlə sizi həm öz adımdan, həm də oxucularınız adından təbrik edirəm. Geriyə boylananda ömür yolu necə görünür?
– 85 ilin necə keçdiyini bilmədim. Bəlkə də, uşaq vaxtı, gənclik vaxtı, lap elə ortayaşlı dövrdə qarşıdakı bir il çox böyük bir zaman kimi görünür. Amma 85 yaşdan geriyə boylananda bu illərin nə qədər sürətlə keçib getdiyinə heyrət edirsən. Yaşanan ömrün necə göründüyünə gəldikdə isə hamar olmadığını deyə bilərəm. Kələ-kötür bir yoldur ömür. Hərdən xoş üzünü də göstərir. Əgər bu yolda bir düzlük varsa, mütləq səni daha çətin sınağa hazırlayır. Eyni zamanda da əgər yoxuş yuxarı dırmaşmağa məcbur edirsə, sonunda mükafatı da var. Həyatı bu cür gördüm, 85 ili belə yaşadım.
– Filologiya üzrə fəlsəfə doktorusunuz, dosentisiniz. Uzun illər Naxçıvan Dövlət Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda dərs demisiniz. İndi artıq yorğunluğun dincini alırsınız. Darıxırsınız heç?
– Çox. Əvvəla, müəllim yoldaşlarım üçün darıxıram. Mənim həmyaşıdlarımın çoxu bu dünyadan köçüb. Onlarla bağlı xoş xatirələr yada düşəndə darıxmamaq mümkün deyil. Tələbələrim üçün darıxıram, auditoriyada o alovlu, həvəsli dərs dediyim zamanlar üçün darıxıram. Belə anlarda qocalıqla savaşmaq istəyirsən (gülür). Qələm dostlarımla ədəbi müzakirələr apardığım günlər üçün də burnumun ucu göynəyir.
– Bəs ədəbi yaradıcılıq? Yeni şeirlər varmı?
– Daha çox qısa fikirlər şəklində poetik nümunələrimi yazıram. Mən onsuz da elə də məhsuldar şair deyiləm. Bu yaşıma qədər 4-5 şeir kitabım nəşr olunub. Ona görə də son illərdə üst-üstə yığsam, 15-20 şeir ola, ya olmaya. Amma həm öz yazdıqlarımı imkan düşdükcə yenidən oxuyur, indiki ağlımla elə yox, belə yazardım deyə düşünürəm, həm də qələm dostlarımın mənə göndərdikləri yeni kitablarını həvəslə oxuyuram. Bunlar elmi kitablar da olur, bədii kitablar da.
– Sizinlə qarşılaşanda əlinizdə bir kitab gördüm. Deyəsən, yeniliklər olacaq...
– Elxan, artıq 85 yaşımı geridə qoydum. Bu dünyada məndən nə qalacaq, kim haqqımda hansı xoş sözləri deyib, əslim-nəslim, məndən sonrakı oğul-uşaq, nəvə-nəticəm kimdir? sualı, bəlkə, gələcəkdə kimisə maraqlandırdı. Onlar üçün Əbülfəz Muxtaroğlunun 85 illik bioqrafiyasını hazırlamışam. Bir neçə hekayəsi olan, ölkəmiz, xalqımız və mənim üçün mühüm əhəmiyyət daşıyan şeirlərim də var ki, onları da həmin kitaba daxil etdim.
– Bir növü 85 illiyinizə özünüzdən bir hədiyyə deyə bilərik.
– Sözü ağzımdan aldın, eynən sən deyən kimi.
– Sakit və səbirli pedaqoq-alim Əbülfəz Quliyevdən fərqli olaraq şair Əbülfəz Muxtaroğlu həssas, çılğın və hərəkətli biri idi. Təqaüddə olsanız da, bəzən sizi şəhərdə aram-aram gəzişən görürəm. Özüm də şair olduğum üçün, şeirlərimizi təklikdə yol gedə-gedə də yazdığımızı bildiyimdən, yaxınlaşıb fikrinizi dağıtmaq istəmirəm. Amma mənə maraqlıdır, şəhərimizdə nə kimi dəyişikliklər görürsünüz?
– Çox canlanıb Naxçıvan şəhəri. İnsanlar, maşınlar çoxalıb, küçələrdə, meydanlarda, parklarda iaşə obyektlərinin də çoxaldığını görürəm. Axşamlar elə də çıxmaq imkanım olmur, amma evdəki söhbətlərdən eşitdiklərimə görə rənglənib şəhərimiz. Xəyalım məni uşaqlıq, gənclik illərimə, dərs dediyim zamanlara aparır. Açığı bu günün naxçıvanlılarına, xüsusən gənclərə paxıllığım tutur. Bu dövrün gəncləri üçün yaradılmış imkanlar o vaxtlar bizim üçün xəyal idi.
– Elə isə özünüzü hansı dövrün insanı kimi görürsünüz?
– Mənə elə gəlir, hər kəs uşaqlığının, gəncliyinin adamıdır. Nə qədər indiki imkanlar daha yaxşı olsa da, yaşanmış xoş xatirəli illər üçün hamımız darıxırıq. İnsan isə darıxdığı yerin və zamanın adamıdır.
– Əbülfəz müəllim, sizə bundan sonra da cansağlığı, üzünüzdəki bu təbəssümün heç vaxt əskilməməsini arzulayıram. Özünüz söhbətin əvvəlində qeyd etdiniz ki, zaman sürətlə keçir. O keçən zamanın növbəti 5 ilinin sonunda – 90 yaşınızda növbəti kitabınızı çıxarasınız və o zaman da, beləcə, 90 illik ömrə boylanıb söhbətləşək.
– Qismət!
Müsahibə boyu qəzetin əməkdaşları, fotoqraf Əsəd Səfərov, müxbir Bülbül Quliyeva, “Şərq qapısı” qəzetinin Texniki yaradıcılıq bölməsinin müdiri Məhəbbət Mirzəyeva da söhbətimizi maraqla dinləyirdilər. Hamımızın yaxşı tanıdığı, şeirlərini sevərək oxuduğumuz Əbülfəz Muxtaroğlunun bir əlindən mən tuturam, o, bir əlində çəliyi tutur. 5 dəqiqəyə qalxdığımız pillələri 2-3 dəqiqəyə düşürük. Addımlarını da cəld atır, üzünün qırışları da sanki tarımlaşıb. Hiss edirəm ki, şairi təkliyindən qoparanda cavanlaşdırırsan. Belə adamları tez-tez ziyarət etməliyik, söhbətləşməliyik, xatirələrini dinləməliyik, həyat eşqi aşılamalıyıq.
Qəlbi həyat dolu olan müəllimimi, alim və şair həmkarımı maşına əyləşdirib evlərinə aparanda da ruhunun nə qədər gəncləşdiyini görməmək mümkün deyildi.
Söhbətləşdi:
Elxan YURDOĞLU
Digər xəbərlər