Culfa rayonunda kanaldan meyit aşkarlanıb
15:36 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Yusif Məmmədəliyev – 120
Azərbaycan xalqının tarixinə böyük alim, vətənpərvər ziyalı, bacarıqlı elm və təhsil təşkilatçısı, görkəmli ictimai-siyasi xadim kimi daxil olan Yusif Məmmədəliyevin 120 illik yubiley tədbirləri ölkəmizdə yüksək səviyyədə qeyd edilir. “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il iyulun 5-də xüsusi Sərəncam imzalamışdır. Bu Sərəncam xalqımızın böyük oğlunun fəaliyyətinə, irsinə, ideyalarına bir daha üz tutmaq, onun irsini ətraflı öyrənmək və təbliğ etmək vəzifəsini qarşıya qoyur. Dünyaşöhrətli alimin yubileyi təkcə onun vətənində deyil, ölkəmizdən kənarda da qeyd edilir. Bu barədə qərarı isə onun dünya elminə verdiyi müstəsna töhfələri nəzərə alan YUNESKO vermişdir. YUNESKO 2005-ci ili “Yusif Məmmədəliyev ili” elan etmişdir. Təkcə elə bu faktın özü Yusif Məmmədəliyevin dünyada tanınan görkəmli, şöhrətli alim və şəxsiyyət olduğunu bir daha sübut edir.
Yusif Məmmədəliyev keçən əsrin əvvəllərində – 1905-ci ilin dekabrın 31-də qədim Azərbaycan torpağı olan Naxçıvan mahalının Ordubad şəhərində Ordubad camaatının “kürəçi Heydər” adlandırdığı Hacı Heydərin ailəsində dünyaya göz açmış, bu halal zəhmətlə dolanan böyük ailədə böyümüş, boya-başa çatmışdır.
Yusif Heydər oğlu uşaqlıq illərini Ordubadda yaşamış, ilk təhsilini evdə və yeni tipli Ordubad məktəbində almışdır. Ona ev şəraitində dərs deyən müəllimlərdən biri sonralar geniş dünyagörüşlü qadın kimi tanınan Gülsüm xanım Axtyamova – Ordubadskaya olmuşdur. Həkim əri ilə birlikdə Ordubada işləməyə gəlmiş, milliyyətcə tatar qızı olan G.Axtyamovanın Yusif Məmmədəliyevin rus dilini yaxşı öyrənməsində və onun müəllimlik peşəsinə həvəs göstərməsində xüsusi əməyi olmuşdur. Təsadüfi deyildir ki, Yusif Məmmədəliyev ömrünün axırına qədər G.Axtyamova – Ordubadskayanı böyük hörmətlə xatırlayırdı.
1917-ci ildə Ordubadda Mir Məmməd Səməndərov və Mir Mehdi Seyidov tərəfindən yeni tipli məktəb yaradılmışdı. Yusif Məmmədəliyev iki ilə yaxın bu məktəbdə təhsil almışdır.
1918-ci ilin iyul ayında erməni daşnaklarının Ordubada basqınından yaxa qurtarmaq üçün Məmmədəliyevlər ailəsi Təbrizə köçmüşdür. Həmin vaxtlar Cənubi Azərbaycanın qəhrəman oğlu Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında demokratik inqilab olmuşdur. Baş verən hadisələr Yusif Məmmədəliyevin gələcək həyatına böyük təsir göstərmişdir. O, Təbrizdə yaşadığı müddətdə gimnaziya tipli yeddiillik Rüşdiyyə məktəbində təhsilini davam etdirmişdir. 1920-ci ildə Ordubada qayıtmış və 1923-cü ilə qədər müəllimlik etmişdi.
Ali təhsil almaq arzusu gənc Yusifi Bakıya gətirib çıxarır. 1923-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq fakültəsində oxumuş və sonra 1924-1926-cı illərdə institutun Təbiət elmləri fakültəsində təhsil almışdır. 1926-cı ildə təyinatla Gəncə şəhərinə göndərilmiş və orada Pedaqoji Texnikumda, 1928-29-cu illərdə isə İrəvan Pedaqoji İnstitutunda kimya müəllimi işləmişdir.
Elmə hədsiz marağı sayəsində Yusif Məmmədəliyev 1929-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin ikinci kursuna daxil olur. Universitetdəki təhsil illəri, akademik N.D.Zelinski və A.A.Balandinlə birlikdə işləməsi, onların tələbəsi olması gənc Yusifin həyatında, onun istedadlı tədqiqatçı kimi yetişməsində böyük rol oynayır. Yusif Məmmədəliyev N.D.Zelinskinin laboratoriyasında iki il gərgin işləməklə “Etilenin katalitik hidrogenləşməsinin kinetikası” mövzusunda tədqiqat işləri aparmışdır. 1931-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra bir il Moskvanın qapalı zavodlarından birində mühəndis işləmişdir. Akademik N.D.Zelinski yazdığı zəmanətdə Yusif Məmmədəliyevin qiymətli elmi işçi və ali məktəb nümayəndəsi kimi yetişəcəyini göstərmişdir.
Moskvadan Vətənə döndükdən sonra – 1932-ci ilin sentyabr ayında Azərbaycan KP MK-nın məktubu ilə Gəncəyə göndərilir və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Üzvi kimya kafedrasına müdir təyin edilir.
Ancaq tələbəlik illərində Zelinski, Balandin, Nametkin tərəfindən ona verilmiş ideyaların – neft və qaz məhsullarının kimyəvi emalı proseslərinin həyata keçirilməsi arzusu onu kafedra müdirliyindən çıxıb Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda laborant vəzifəsində işləməyə sövq edir.
Yusif Məmmədəliyev bu institutda laborantlıqdan akademikliyə qədər şərəfli yol keçmişdir. O, 1933-1945-ci illərdə kiçik və böyük elmi işçi vəzifələrini tutmuş, 1945-ci ildə isə laboratoriya müdiri vəzifəsinə seçilmişdir. Bu institutda elmi-tədqiqat işləri aparan Yusif Məmmədəliyev özünün gözəl hazırlığı, erudisiyası, qətiyyəti və inadkarlığı ilə yaşıdlarından dərhal fərqlənir. O, çox tezliklə ümidverici alim adını qazanır. Onun hələ ilk elmi araşdırmaları gözəl proqnozlaşdırma istedadı ilə ətrafdakıları heyrətə gətirir.
O, hələ 30-cu illərin əvvəllərində zəngin xammal ehtiyatı – təbii qazın geniş sənayedə tətbiqi problemini ilk dəfə irəli sürür və həll edir. Yusif Məmmədəliyev “Azərbaycanın təbii qazları və onların kimyəvi emalı” (1936) adlı ilk monoqrafiyasında yazırdı: “İndiyədək yanacaq kimi işlətdiyimiz qazı indən belə qiymətli birləşməyə çevirəcəyik”.
Yusif Məmmədəliyev tərəfindən təbii qazların halogenləşməsi reaksiyaları daha sistemli şəkildə aparılmışdır. O, 1939-cu ildə ilk dəfə dünya təcrübəsində yarımsənaye qurğusunda metandan stasionar katalizator təbəqəsində dördxlorlu metanı istehsal etmişdir. 1938-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurası Yusif Məmmədəliyevin təbii və süni neft qazlarının kimyəvi emalı sahəsində apardığı sistemli tədqiqatları nəzərə alaraq ona müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi vermişdir.
Yusif Məmmədəliyevin neft qazlarının və onların ayrı-ayrı komponentlərinin halogenləşməsi və onların əsasında qiymətli maddələrin alınması sahəsindəki orijinal tədqiqatları neft kimyasını yeni tövsiyələrlə zənginləşdirmişdir. O, halogenləşmə sahəsində dünyanın ən nüfuzlu alimi idi.
Yusif Məmmədəliyevin ikinci müstəqil elmi istiqaməti karbohidrogenlərin katalitik alkilləşdirilməsidir. O bu sahədə böyük əhəmiyyəti olan çox geniş tədqiqat işləri aparmış və şöhrət qazanmış, elmi məktəb yaratmışdır. Alim apardığı tədqiqatları ümumiləşdirərək 1942-ci ildə “Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dialkilləşdirilməsi ilə toluolun sintezi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1941-1945-ci illər müharibəsinin başlanğıcında müdafiənin nəhəng tələbatlarını nəzərə alaraq alim ilk dəfə partlayıcı maddələrin əsas komponenti olan toluol hasilatı prosesini müəyyənləşdirib, onu istehsalatda tətbiq edir. Nəticədə, Yusif Məmmədəliyev tərəfindən təklif olunmuş metodun tətbiqi müharibənin ağır illərində toluol istehsalını ən azı iki dəfə artırmağa imkan verdi.
Yusif Məmmədəliyev ilk dəfə olaraq alkilləşmə üçün sulfat turşusundan katalizator kimi istifadə etmişdir. Bu proses əsasında sənaye miqyasında zavod işə salınaraq yüksək oktan ədədli izopropilbenzol istehsal edilmiş və SSRİ Müdafiə Nazirliyini yüksəkkeyfiyyətli aviabenzin ilə təmin edən komponent əldə edilmişdir. Yusif Məmmədəliyevin bu tədqiqatı hərbi nailiyyətlərdən başqa, neft kimyasında “alkilləşdirmə reaksiyası” adlanan yeni bir istiqamətin əsasını təşkil etmişdi. Xarici elmi ictimaiyyət, ilk növbədə, Amerika alimləri həmin nəticələri hərarətlə qarşıladılar. Bu kəşflərin müəllifinə o zaman elm dünyasında “alkilləşdirmə kralı” adı vermişdilər.
Yusif Məmmədəliyevin bu sahədə apardığı tədqiqatlar dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1944-cü ildə böyük alim “Lenin ordeni”, bir il sonra – l945-ci ildə isə “Stalin mükafatı” (Dövlət mükafatı) ilə mükafatlandırılmışdır.
Nadir bir keyfiyyət sahibi – nəzəriyyəçi və təcrübəçi istedadlarını özündə birləşdirən Yusif Məmmədəliyev, polimerlərin nəinki kimyanın, bütün bəşəriyyətin gələcəyi üçün əhəmiyyətini əvvəlcədən görmüşdür. Dünyada birincilər sırasında o, polimerlər nəzəriyyəsinin genişlənməsinə qoşulur və Azərbaycanda polimerlər kimyasının əsasını qoyur.
Yusif Məmmədəliyev bütün elmi fəaliyyəti dövründə elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirirdi. O, müharibədən sonrakı illərdə də Bakı neftindən daha yüksəkkeyfiyyətli benzinlərin alınması problemi üzərində gərgin işləmiş, benzin fraksiyasının katalitik aromatikləşdirilməsi prosesini ətraflı öyrənmişdir. Onun plastik kütlə istehsalı, silisiumlu üzvi birləşmələr və sair sahəsində də dəyərli elmi işləri və nəticələri vardır. O, Naftalan neftinin böyük müalicəvi əhəmiyyətini uzaqgörənliklə dərk edərək onu tədqiq və müalicə üçün təklif etmişdir.
Yusif Məmmədəliyev elmi tədqiqatları ilə şöhrət qazandığı kimi, ölkəmizdə elmin təşkilatçısı olaraq da böyük nüfuz sahibi idi. Elmdə qazandığı böyük uğurlara görə Yusif Məmmədəliyev 1945-ci ildə yeni yaradılmış Azərbaycan EA-nın ilk kimyaçı akademiki seçilmişdir. 1945-ci ildə Bakıya gələn SSRİ Elmlər Akademiyasının prezidenti Vladimir Komarov Azərbaycanda Akademiyanın yaradılması ilə əlaqədar demişdir: “...bircə Məmmədəliyev kimi alimə görə Azərbaycanda Elmlər Akademiyası yaratmaq zəruridir”.
Akademik Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan EA nəzdində Neft İnstitutu yaratmış və onun ilk direktoru işləmişdir. O, iki dəfə – 1947-1951 və 1958-1961-ci illər – müqəddəs elm məbədinə – Elmlər Akademiyasına prezident vəzifəsinə seçilmiş və rəhbərlik etmişdir. 1958-ci ildə isə o, keçmiş SSRİ EA-na müxbir üzv seçilmişdir. Alim 1951-1954-cü illərdə Azərbaycan EA fizika, kimya elmləri və neft üzrə akademik katib, 1954-1958-ci illərdə Bakı Dövlət Universitetinin rektoru işləmişdir. Akademik Yusif Məmmədəliyevin tükənməz enerjisi və təşkilatçılıq qabiliyyəti, dövlət xadiminə xas olan təfəkkürü bu vəzifələrdə işləyərkən özünü daha geniş göstərdi. O, Azərbaycan elminin sükanı arxasında neft-kimya sahəsi ilə yanaşı, elmimizin və mədəniyyətimizin bütün sahələrinin inkişaf etdirilməsinə çalışırdı. Məhz bu böyük alimin, elm təşkilatçısının Elmlər Akademiyasının rəhbəri olduğu vaxtlarda ədəbiyyatşünaslıq, genetika, astrofizika, şərqşünaslıq və b. elm sahələri yüksəliş mərhələsinə qədəm qoymuş, yeni elmi-tədqiqat müəssisələri yaradılmış, akademiyanın maddi-texniki bazası mökəmləndirilmiş, yeni ixtisaslı kadrların hazırlığına ciddi fikir verilmişdir. O, başçılıq etdiyi akademiyada təmsil olunan bütün elm sahələrinin inkişafı, yüksəkixtisaslı kadrların hazırlığı, elmin xalq təsərrüfatının tələbatına uyğunlaşması üçün çox iş görmüşdür.
Akademik Yusif Məmmədəliyevin prezidentliyi dövründə Elmlər Akademiyasında 10-dan artıq yeni institut və mərkəzlər: Genetika və Seleksiya İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Su Problemləri İnstitutu, Dərin Neft və Qaz Yataqları İnstitutu, Klinik və Eksperimental Təbabət İnstitutu, Şərqşünaslıq İnstitutu, İqtisadiyyat İnstitutu, Hesablama Mərkəzi və başqaları yaradıldı. O, Sumqayıt kimya kompleksinin və oradakı bir sıra elmi mərkəzlərin yaradılmasının təşəbbüskarı olmuşdur.
Akademik Yusif Məmmədəliyev keçmiş nəsillərimizin qoyduqları maddi, mənəvi, elmi irsi son dərəcə yüksək qiymətləndirirdi. Mütəxəssislərin rayonlara, kənd və şəhərlərə gedərək əlyazmaları toplamalarını yorulmadan tələb edirdi. O, vaxtilə Ədəbiyyat və Dilçilik İnstitutu nəzdində yerləşən və heç də böyük olmayan Əlyazmaları şöbəsinin akademiyanın müstəqil Əlyazmaları Fonduna çevrilməsi naminə çox iş görmüşdür. İftixarla deyə bilərik ki, toplanmış həmin əlyazmaların sayəsində fond instituta çevrildi və bu gün Əlyazmalar İnstitutu nadir Əlyazmalar xəzinəsi kimi tanınır. Ölkəmizdə fundamental elmlərdən tutmuş xalq təsərrüfatı məsələlərinin və müdafiə potensialının həllinədək hər şeyin kosmosla bağlı olduğunu başa düşən alim Azərbaycanın bu işlərdən kənarda qalmaması üçün əlindən gələni əsirgəmirdi. Akademik Yusif Məmmədəliyev Nəsrəddin Tusinin vətənini rəsədxanasız təsəvvür etmirdi. Bu elm təşkilatçısının ciddi səyi nəticəsində Şamaxı Astrofizika Müşahidə Stansiyası yaradıldı və o, 1960-cı ildə Astrofizika Rəsədxanasına çevrildi və ikimetrlik güzgülü teleskopla təmin edildi.
Akademik Yusif Məmmədəliyev Elmlər Akademiyasına rəhbərlik etdiyi illərdə bacarıqlı təşkilatçı kimi yeni laboratoriyalar, şöbələr, bölmələr açdırmış və perspektivli elmi sahələrin inkişafı üçün gözəl imkanlar yaratmışdır. Bu illərdə Azərbaycan EA 5 bölmədən, 17 institutdan, 2 sektordan və 3 muzeydən ibarət olmuşdur. O, akademiya üçün kompleks binaların tikintisi məqsədilə SSRİ Xalq Komissarları Şurasının xüsusi sərəncamı ilə xeyli miqdarda maliyyə vəsaiti ayrılmasına nail olur. Yusif Məmmədəliyev hələ 1947-ci ildə Azərbaycan Elmlər Akademiyasında prezident işlədiyi vaxt akademiyada çalışanların sayını 1000 nəfərdən 5000 nəfərə çatdırmışdı. Yeni elmi kadrların hazırlanmasına xüsusi əhəmiyyət verirdi. Təkcə 1959-cu ildə polimer kimyasını gələcəkdə inkişaf etdirmək üçün 30-a qədər gənc aspirantı Moskva, Sankt-Peterburq və digər elmi mərkəzlərə ixtisaslaşmaq üçün göndərmişdir. Akademik Yusif Məmmədəliyev 10-a qədər monoqrafiyanın, 200-dən artıq sanballı elmi əsərin müəllifı olmaqla yanaşı, 40-a qədər elmlər doktoru və elmlər namizədi hazırlamışdır.
Cəmi 55 il mənalı və ibrətamiz ömür yaşamış akademik Yusif Məmmədəliyevin elmi, pedaqoji, ictimai fəaliyyəti çox genişdir. Onun Azərbaycanda müxtəlif elm sahələrinin, sənayenin, ələlxüsus, kimya sənayesinin müxtəlif sahələrinin inkişafında misilsiz elmi-təşkilatçılıq xidmətləri olmuşdur. O, neft kimyasının, neft emalının və üzvi sintezin banisidir, həmçinin polimerlər kimyasının yaradıcısıdır. Ölkəmizdə kimya elminin yüksələn xətt üzrə inkişaf etməsində, gənc nəsildə kimya elminə böyük marağın oyanmasında Yusif Məmmədəliyevin müstəsna xidmətləri olmuşdur. Böyük iftixar hissi ilə bildiririk ki, müasir kimya və neft-kimya elmi sahəsində dünyada qazanılan elmi-texniki nailiyyətlərdə akademik Yusif Məmmədəliyevin layiqli əməyi vardır. Dünyanın elm korifeyləri sırasında Azərbaycan alimi Yusif Məmmədəliyevin adı şərəflə çəkilir. Təsadüfı deyildir ki, bu böyük alim, bacarıqlı elm təşkilatçısının fəaliyyəti həmişə təqdir olunur və minnətdarlıqla yad edilir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Yusif Məmmədəliyevin fəaliyyətini qiymətləndirərək demişdir: “...O öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaqla, həm də ümumən, Azərbaycan elmini inkişaf etdirmək sahələrindəki fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olmuşdur”.
Elmin əvəzsiz təşkilatçısı olan akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin və 80 illik tarixi bu yaxınlarda respublika səviyyəsində qeyd edilən Milli Elmlər Akademiyasının inkişafı üçün müəyyən etdiyi böyük inkişaf məqsədləri onun ardıcılları və görkəmli alimlərimiz tərəfindən uğurla davam etdirilir. Elmimizin Yusif Məmmədəliyev ruhu həmişə yaşayır, onun böyük yaradıcı gücü gələcək uğurlarımız üçün də əvəzsiz nümunədir.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
Digər xəbərlər