Naxçıvanda Sahibkarlar Gününə həsr olunmuş tədbir ...
18:59 30.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
Hər zaman yaddaşımızda yaşayan görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın bir üstünlüyü var idi. O, insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. Gözlərə işıq, qəlblərə nur bəxş edən, dünyaya gəlişi bahara düşən Zərifə xanım Əliyeva elə bir bahar günündə – 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. Sağlığında xalqı üçün gördüyü işlərlə mənəvi ucalığa yüksələn görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiyasını dünyada tanıdan yüksək intellekt sahibi akademik Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir.
“Həkim xəstənin ən doğma adamıdır”, – deyən Zərifə xanımın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda onun bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə tibbdə deyil, bütövlükdə, cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə elə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir.
Hələ 1949-cu ildə Moskvadan təkmilləşdirmə kursundan yenicə qayıtmış gənc Zərifə xanım nümayəndə heyətinin tərkibində Azərbaycan Oftalmologiya İnstitutunun ordinatoru kimi Naxçıvanda keçirilən səyyari seminarda öz təcrübəli həmkarları ilə bərabər iştirak etmişdir. Akademik Zərifə xanım Əliyevanın əldə etdiyi elmi və praktiki nailiyyətləri çox uğurla Naxçıvan torpağında tətbiq olunmuşdur. Zərifə xanım Əliyevanın təklif etdiyi iridodiaqnostika müayinəsi, yeni terapevtik və cərrahi müalicə üsulları Naxçıvanda geniş tətbiq edilərək yüzlərlə insanın gözünün nurunun özünə qaytarılmasına səbəb olmuşdur. Naxçıvanda oftalmologiya sahəsi ilk dövrdə mərkəzdən gələn kadrlar tərəfindən təşkil və idarə olunsa da, XX əsrin ikinci yarısında bu sahədə bacarıqlı yerli kadrlar ordusu yetişmişdir. Bu nailiyyətlərin əldə edilməsində isə akademik Zərifə xanım Əliyevanın xidmətləri unudulmazdır.
Zərifə xanım Əliyeva, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi: “Tale Zərifə xanıma elə bir insan qismət etmişdi ki, onunla tanışlığın nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar – siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı bir yerdə olmaq üçün hansı sınaqlardan keçmədilər! Bu onların “şəxsi sirri”dir”.
Gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyevanın işıqlı əməlləri bu gün də xatırlanır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.
Gültəkin ƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, dosent,
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi
Digər xəbərlər