Naxçıvan Muxtar Respublikasında oktyabrın 8-nə göz...
23:31 07.10.2024
0
0
0
Naxçıvan Şahmat Mərkəzində muxtar respublikada fəaliyyət göstərən gənc dövlət qulluqçuları arasında "Muxtariyyət kuboku" uğrunda “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib. Gənclər və İdman Nazirliyinin “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkil etdiyi yarışmaya, ümumilikdə, 29 komanda qatılıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Açılış nitqi ilə çıxış edən gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov bildirib ki, ölkə başçısının Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən bununla bağlı Azərbaycanın hər bir yerində silsilə tədbirlər təşkil olunur. Gənclər və İdman Nazirliyi də ilboyu bu xüsusda Naxçıvanın muxtariyyət tarixini, ölkəmizin, ümumilikdə, regionun ictimai-siyasi və elmi-mədəni həyatında tutduğu mövqeyinin gənclər arasında dərindən öyrənilməsinə xidmət edən layihələr, tədbirlər həyata keçirməkdədir. Muxtar respublikanın dinamik inkişaf konsepsiyası ilə gələcəyə doğru irəlilədiyini deyən nazir müavini bu prosesdə gənclərin rolundan bəhs edib, gənc nəslin bundan sonra da Naxçıvanın, bütövlükdə, ölkəmizin inkişafı üçün səylərini artıracağına əminliyini ifadə edib. Məcid Seyidov çıxışının sonunda təmsil etdiyi qurum tərəfindən gənclər arasında davamlı şəkildə keçirilən intellektual oyunların əhəmiyyəti barədə danışıb, komandalara uğurlar arzulayıb.
Ardınca intellekt mübarizəsinə start verilib. İştirakçılar üçün ümumi dünyagörüşünü əhatə edən 36 sual səsləndirilib. Maliyyə Nazirliyinin "Financier" komandası yarışmanın qalibi olub. Naxçıvan Baş Gömrük İdarəsinin "Odlar yurdu" komandası ikinci yerə sahib çıxıb. Ədliyyə Nazirliyini təmsil edən "Ədliyyə" üçüncü olub.
İlk üç yerin sahibi olan komandaların üzvlərinə kubok, diplom və hədiyyələr təqdim olunub.
Digər xəbərlər