NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Dönüş tarixi

...

Dahi rəhbər, fenomen şəxsiyyət Heydər Əliyevin zaman keçdikcə böyüklüyünü, Azərbaycanın intibahı, xalqımızın xoş gələcəyi üçün əvəzsiz zəhmətini daha çox hiss edirik. İllər, qərinələr, əsrlər keçəcək Azərbaycan xalqı Ümummilli Liderin bizlərə qoyduğu müqəddəs miras, zəngin irs müstəqil dövlətimizin, xalqımızın haqq yoluna nur saçacaq. Xalqımız dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi lider, böyük azərbaycanlı Heydər Əliyevlə qürur duyur. Nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq. Dahi şəxsiyyətin özünün də qeyd etdiyi kimi: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu müstəqil, qüdrətli Azərbaycan dövlətinin qazandığı bütün uğurların, nailiyyətlərin, müasir dövlətçilik yolunda parlaq səhifələrin yazıldığı təməl tarix kimi daim böyük qürur və fəxarət hissi ilə xatırlayır, əziz tuturuq. Həmin gün həm də xalqımızın öz milli kimliyinə, mənəvi dəyərlərinə qayıdışının başlanğıcı hesab olunur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın sosial-iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanıb. Dahi şəxsiyyət hakimiyyətə gəlişi ilə milli düşüncəni oyadıb, illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasını yaradıb. Həmin zaman kəsiyi tamamilə fərqli şərtlərin diktə olunduğu dövr olsa da, dahi şəxsiyyət öz şəxsi bilik və bacarığı sayəsində irəlilədiyi vəzifə pillələrində artıq xalqının gələcək mövcudluğu üçün yeni şərtlərin yaradılmasının özü üçün milli vəzifə olduğunu qətiləşdirib. Təsadüfi deyil ki, bu gün bir çox tarixçi və siyasətçilər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının XX əsrdəki milli qurtuluşu, əslində, 1969-cu il iyulun 14-dən başlanır. İqtisadi çətinliklərlə müşayiət olunan həmin dövr həm də yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Azərbaycanın öz sahib olduqlarından yararlana bilməməsi, ittifaq tərkibində olan digər respublikalardan ən geridə qalması ilə fərqlənirdi. Dahi şəxsiyyət o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

Fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın parlaq gələcəyi olan Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək ictimai şüurlardakı qorxunu aradan qaldıraraq müasir tariximizin ən şanlı və parlaq salnaməsini yazıb. Dahi şəxsiyyət müdrik, uzaqgörən fəaliyyəti ilə inqilabi dəyişiklik yaradaraq ölkəmizin çoxəsrlik dövlətçilik tarixində milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrünün bünövrəsini qoyub.

1993-cü ilin 15 iyun günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə malikdir. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanın mövcudluğunu, sözün həqiqi mənasında, sual altında qoymuşdu. Xaos, anarxiya, özbaşınalıq, torpaqlarımızın işğal olunması xalqımıza müstəqilliyin sevincini yaşamaq imkanı verməmişdi. Belə çətin və mürəkkəb bir dövrdə Azərbaycan xalqı üzünü Ulu Öndər Heydər Əliyevə tutaraq öz varlığını təmin etdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkə­mizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Dahi şəxsiyyətin müdrik siyasətinin nəticəsi idi ki, ölkəmiz bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas oldu, müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və inkişafın təməli qoyuldu.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi böhran ən yüksək həddə çatdığı bir vaxtda ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almağı bacaran yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub. O illər Heydər Əliyevin Vətən naminə mübarizə yolu xüsusi əhəmiyyətə malikdir. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının qurtuluş mübarizəsi başlandı. Dahi şəxsiyyətin siyasi uzaqgörənliyi, liderlik bacarığı və xalqına bağlılığı ağır sınaqlarla üz-üzə qalan Azərbaycanı çətin anlardan alnıaçıq çıxardı.

Ulu Öndər Heydər Əliyev Qanlı Yanvar qətliamından sonra Moskvadan Bakıya qayıtdı. Təəssüflər olsun ki, həmin dövrdə doğma Vətəndə dahi şəxsiyyətə qarşı törədilən ciddi maneələrdən sonra Ümummilli Lider Naxçıvana üz tutdu. Ulu Öndər 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və 1993-cü ilədək bu vəzifədə çalışdı.

Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illər Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində ən mühüm dövr sayılır. Məhz bu illərdə müstəqil Azərbaycanın təməl prinsipləri formalaşdırılmış, ölkəmizin gələcək inkişafının əsasları qoyulmuşdur. Həmin dövrdə Azərbaycanda baş verən hadisələr ölkəni faktiki olaraq müstəqilliyini itirmək həddinə gətirib çıxarmış, vətəndaş müharibəsi başlamışdı. 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələri isə qardaş qırğını ilə bərabər, ölkəni real olaraq parçalanmaq təhlükəsi ilə də üz-üzə qoymuşdu. Məhz belə bir çətin dövrdə xalqın tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtmışdır. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müasir tariximiz, şanlı tariximiz 1993-cü ildən başlayır. O ildən 2003-cü ilə qədər Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Mütərəqqi Konstitusiya qəbul edilmişdir, ümumi dövlət quruculuğu prosesi başlamışdır, əsaslı siyasi və iqtisadi islahatlar reallaşmışdır, Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilmişdir və beynəlxalq təşkilatlara üzv olmuşdur”.

Dahi rəhbərin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu.

Ulu Öndər Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış siyasəti dahi şəxsiyyətin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Müzəffər Ali Baş Komandanımızın illərlə yürütdüyü siyasətin, gecə-gündüz demədən sərf etdiyi əməyin nəticəsidir ki, bu gün müstəqil, təhlükəsiz, ərazi bütövlüyü və suverenliyi bərpa olmuş Azərbaycanda qürurla yaşayırıq. Bu nüfuzun, gücün nəticəsidir ki, Azərbaycan Vətən müharibəsində 44 gün ərzində mənfur erməni ordusunu tamamilə darmadağın edərək 30 ilə yaxın işğalda saxlanılan torpaqlarını qəsbkarlardan azad etdi. Əgər Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdi.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 14.07.2025 09:00