Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüqu...
13:34 31.07.2026
0
0
0
NAXÇIVAN :
31 Iyul 2026, Cümə
Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, dünyagörüşü və milli kimliyinin daşıyıcısıdır. Dil canlı və daim inkişaf edən ictimai hadisədir. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilən 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü ana dilimizin inkişafına göstərilən qayğının ifadəsidir. Bu əlamətdar gün dilimizin zənginliyini, saflığını və gözəlliyini qorumağın vacibliyini bir daha xatırladır, müasir dövrdə onun qarşılaşdığı çağırışları və bu istiqamətdə görülməli tədbirləri yenidən gündəmə gətirir.
Azərbaycan dilinin qorunması təkcə mənəvi məsələ deyil, həm də dövlət siyasətinin mühüm istiqamətidir. Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş, onun tətbiqinin genişləndirilməsi, latın qrafikalı əlifbanın tam tətbiqi və dilimizin inkişafı ilə bağlı mühüm hüquqi sənədlər qəbul olunmuşdur. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ana dilinin saflığının qorunmasının əhəmiyyətini vurğulamış, bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini bildirmişdir. Azərbaycan dili bu gün müstəqil dövlətimizin dili kimi möhkəm hüquqi statusa, zəngin ədəbi ənənəyə və geniş istifadə imkanlarına malikdir. Bununla belə Azərbaycan dilinin də saflığının, ifadə zənginliyinin və ədəbi normalarının qorunması daim diqqət və məsuliyyət tələb edir.
Deməli, ana dilinin saflığının qorunması hər bir vətəndaşın məsuliyyətidir. Bu məsuliyyət yalnız dilçi alimlərin və müəllimlərin üzərinə düşmür. Valideynlər uşaqlarına düzgün nitq nümunəsi göstərməli, müəllimlər şagirdlərdə nitq mədəniyyəti formalaşdırmalı, jurnalistlər və media nümayəndələri isə ədəbi dil normalarına riayət etməlidirlər. Rəsmi sənədlərdə, reklam lövhələrində, ictimai yerlərdə, internet resurslarında və xidmət sahələrində Azərbaycan dilinin normaları qorunmalı, hər bir vətəndaş gündəlik danışığında və yazışmalarında dilimizə hörmətlə yanaşmalıdır. Çünki dilin saflığının qorunması milli kimliyin və milli şüurun yaşadılması deməkdir.
Dilin qorunması həm də mədəni irsin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Əsrlərboyu formalaşan zəngin söz ehtiyatımız, folklor nümunələrimiz və klassik ədəbi irsimiz Azərbaycan dilinin genişliyini göstərir. Qloballaşmanın yaratdığı reallıqlar qarşısında dil öz orijinallığını itirərsə, bu irsin gələcək nəsillər tərəfindən tam dərk olunması da çətinləşər.
Buna görə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələblərinə bütün sahələrdə ardıcıl əməl olunmalı, dil normaları qorunmalıdır.
Dilimizin qorunması, ilk növbədə, məktəbdən başlayır. Təhsilin ilk pilləsindən başlayaraq şagirdlərə yalnız qrammatikanı öyrətməklə kifayətlənilməməli, onlarda düzgün nitq, sözlərdən məqsədəuyğun istifadə bacarıqları formalaşdırılmalı, ədəbi dil normaları praktiki şəkildə öyrədilməlidir. Mütaliə vərdişinin kiçik yaşlardan formalaşdırılması onların söz ehtiyatını zənginləşdirir, ana dilində dəqiq ifadə bacarığını, məntiqi təfəkkürünü və yazı mədəniyyətini inkişaf etdirir. Dəqiq terminologiya, düzgün qrammatika və zəngin söz ehtiyatı elmi biliklərin mənimsənilməsini asanlaşdırır.
Günümüzdə dilin inkişafına təsir göstərən əsas platformalardan biri Kütləvi İnformasiya Vasitələri və rəqəmsal mediadır. Televiziya aparıcıları, jurnalistlər, radio əməkdaşları və xəbər portalları cəmiyyət üçün dil nümunəsi formalaşdırırlar. Buna görə də onların nitqi və yazısı ədəbi dil normalarına uyğun, peşəkar və nümunəvi olmalıdır.
Şübhəsiz, müasir dövrdə dilin inkişafına təsir göstərən əsas amillərdən biri sosial şəbəkələrdir. Buna görə də Azərbaycan dilinin təbliğinin gücləndirilməsi, əlifba və ədəbi dil normalarına uyğun istifadənin təsviri xüsusi əhəmiyyət daşıyır. Gənclərin böyük hissəsinin ünsiyyət məkanı olan sosial şəbəkələrdə orfoqrafik səhvlər, lüzumsuz xarici sözlər və jarqonlar sürətlə yayılır. Bu baxımdan, media və rəqəmsal məzmun istehsalçılarının Azərbaycan dilində keyfiyyətli məzmun hazırlaması, dil mədəniyyətini təşviq edən layihələr həyata keçirilməsinin dilimizin qorunmasına mühüm töhfə verə bilər.
Elm və texnikada sürətli inkişafı yeni terminlərin dilə daxil olmasını təbii prosesə çevirir. Lakin Azərbaycan dilində qarşılığı olan sözlərin yerinə səbəbsiz şəkildə xarici sözlərin işlədilməsi məqsədəuyğun deyil. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirdiyi “Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir” fikri bu məsələyə dövlətin prinsipial mövqeyini aydın ifadə edir. Qloballaşma və rəqəmsal texnologiyalar xarici dillərlə təmasları artırsa da, yeni sözlər dilimizin daxili qanunlarına və normalarına uyğun qəbul edilməlidir. Yeni anlayışların ifadəsində Azərbaycan dilinin daxili imkanlarından istifadə olunmalı, zəruri hallarda alınma terminlər dilimizin fonetik və qrammatik xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Rəsmi sənədlərdə, reklam lövhələrində, ictimai yerlərdə, internet resurslarında və xidmət sahələrində dili normalarına əməl olunmasına yazı və nitq mədəniyyətinə nəzarət gücləndirilməlidir.
Müasir dövrdə dilin gələcəyi həm də rəqəmsal texnologiyalarla bağlıdır. Azərbaycan dili üçün keyfiyyətli elektron lüğətlərin, tərcümə proqramlarının və süni intellekt modellərinin hazırlanması dilimizin rəqəmsal mühitdə mövqeyini gücləndirəcək, gələcək inkişafına mühüm töhfə verəcək.
Deməli, dilin saflığının qorunması, ailənin, məktəbin, medianın, dövlət qurumlarının və cəmiyyətin hər bir üzvünün ortaq məsuliyyətidir. Azərbaycan dili təkcə dövlət dili deyil, həm də dünya azərbaycanlılarının vahid ünsiyyət vasitəsi, onları birləşdirən dəyərdir. Dilimizə göstərilən qayğı, əslində, milli kimliyimizə göstərilən qayğıdır. Dil yalnız kitab səhifələrində və rəsmi sənədlərdə deyil, insanların gündəlik danışığında, yazışmalarında və düşüncəsində yaşayır. Onun gələcəyi hər birimizin ana dilinə münasibətindən asılıdır. Ana dilini sevən, onu düzgün danışan və yazan hər bir insan xalqımızın zəngin mədəni irsinin yaşamasına və gələcək nəsillərə ötürülməsinə töhfə verir. Buna görə də ana dilinin saflığının qorunması yalnız dil məsələsi deyil, həm də milli-mədəni təhlükəsizliyin, mənəvi irsin yaşadılmasının və gələcək nəsillərin milli ruhda tərbiyəsinin mühüm şərtidir.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru
Digər xəbərlər