NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Dil hər bir millətin, xalqın varlığı deməkdir

...

Hər bir xalqın milli pasportu onun dilidir. Çünki onu bir xalq kimi yaşadan, dünyada tanıdan da onun dilidir. Dünyada yüzlərlə, minlərlə dil var. Bu dillərin hər birinin özünəməxsusluğu, gözəlliyi və zənginliyi var. Azərbaycan xalqının dilini isə dünyanın ən musiqili dili adlandırmaq olar. Bu isə təsadüfi deyil. Çünki bu dildə sait səslərin çoxluğu onun ahəngdarlığını daha da artırır. Azərbaycan dili həm də lüğət tərkibinə və sintaktik quruluşuna görə zəngin bir dildir.

Məhz bunun nəticəsidir ki, ən müasir elmi-texniki mövzular üzrə də bu dilə uğurlu tərcümələr edilir. Qobustan və Gəmiqaya təsvirlərində, həmçinin epiqrafik abidələrdə yaşayaraq günümüzə qədər gəlib çıxan, bəzən ərəb, bəzən isə kiril əlifbası ilə ifadə olunan Azərbaycan dili nəinki Zaqafqaziyada, bütün Yaxın Şərqdə şöhrət qazanmışdı. Hətta onun Qafqazda oynadığı rolu fransız dilinin Avropada oynadığı rola bərabər tutanlar da olmuşdur.        

Dil hər bir xalqın varlığıdır. Öz mənəvi varlığını qorumaq istəyən hər bir xalq ilk növbədə dilini qorumalıdır. Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Vaxtilə əcnəbi dillərə meyilli olan insanlar ana dilində danışmağı özlərinə ar bilirdilər. Həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana dilimiz olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir.

Azərbaycan dilinin inkişaf edib bugünkü səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azər­baycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi. Azərbaycan dilinin qorunmasına və inkişafına bütün dövrlərdə xüsusi diqqət yetirən Ümummilli Lider 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində la­tın qrafikası ilə kütləvi nəşrlərin hə­ya­ta keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları bunun parlaq sübutudur.

XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək, dövlət dilinə çevrilməsi beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açması, zənginləşə-zənginləşə nüfuz qazanması, hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi Ümummilli Lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib. Ulu Öndərin ana dilimizə bəslədiyi məhəbbət və prinsipiallıq sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi. Ulu öndər Heydər Əliyev çıxış və nitqlərində ana dilinin gözəlliyindən, zənginliyindən məharətlə istifadə edərək dilçi və ədəbiyyatçılardan daha səlis və rəvan danışardı. Tərifində də, tənqidində də elə ifadələr, sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas-alim də Ulu Öndərin dilinə yanaşmaq istedadına heyrətlənməyə bilmirdi. Həyat göstərdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər keşiyində də mərdliklə dayandı, nüfuzunu qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və istəyinə nail oldu. Elə bu şərəfli xidmətin nəticəsidir ki, ana dilimizin adıçəkilən kimi Ulu Öndəri xatırlayırıq. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin xidmətləri unudulmazdır. 18 iyun 2001-ci il tarixdə Ümummilli Lider tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman verildi. Fərmanda Azərbaycan ədəbi dilinin portreti çox aydın çəkildi, keçdiyi tarixi yola ətraflı işıq salındı. Həmin Fərmanda deyilir: “Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər”. Bu tarixi fərman Azərbaycan ədəbi dilinin taleyinə, sözün həqiqi mənasında, yaşıl işıq saldı.

2001-ci ilin avqust ayında isə Ümummilli Liderin ana dilinə bəslədiyi məhəbbətin bir tarixi hadisəsi də baş verdi. Azərbaycan dilini dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirərək 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili bayramı kimi qeyd edildi. Ulu Öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün istiqamətverici məna daşıyır: “Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz”.

Ümummilli Lider Heydər Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil xalqın milli sərvətidir. Onunla bağlı müxtəlif qərarlar, fərmanlar imzalamaqda məqsəd bu olub ki, ana dilimiz hərtərəfli inkişaf etsin. Ümummilli Lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müxtəlif təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ulu Öndər həmişə dili ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Məşhur bir ifadəsi böyük mənalar, duyğular kəsb edirdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz”. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini millətin milliliyini saxlayan ən böyük vasitə sayırdı. Ana dilinə məsuliyyətlə yanaşmaq hər kəsin öz daxili aləminin, mənəviyyatının əks-sədasıdır.

Aysel DÜNYAMALIYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 01.08.2025 10:10