Xudafərin körpüsünün işğaldan azad olunmasından al...
01:04 18.10.2026
0
0
0
NAXÇIVAN :
18 Oktyabr 2026, Bazar
Azərbaycanın AQEM sədrliyi: etimaddan əməkdaşlığa doğru
Asiyada sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi müasir beynəlxalq münasibətlərin aktual məsələlərindəndir. Geosiyasi gərginliklərin artdığı, nəqliyyat bağlantılarının və rəqəmsal əməkdaşlığın strateji əhəmiyyət qazandığı bir dövrdə çoxtərəfli dialoq platformalarının rolu daha da artır. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) bu baxımdan dövlətlər arasında dialoqun genişləndirilməsi və əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaradır.
Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrlik etməsi ölkəmizin beynəlxalq dialoqun inkişafına və regional əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrin növbəti ifadəsidir. 2024-cü il dekabrın 17-də sədrliyin Qazaxıstandan Azərbaycana keçməsi ölkəmizə göstərilən etimadın göstəricisi olmaqla yanaşı, yeni təşəbbüslərin həyata keçirilməsi üçün də imkanlar açıb.
Azərbaycanın sədrliyi “Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarı ilə həyata keçirilir. Bu yanaşma təşkilatın fəaliyyətini siyasi dialoqla məhdudlaşdırmır, iqtisadi, texnoloji və humanitar əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. AQEM-in institusional imkanlarının gücləndirilməsi, üzv dövlətlər arasında praktiki əməkdaşlığın inkişafı, nəqliyyat bağlantılarının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinin təşviqi sədrliyin əsas prioritetlərindəndir.
Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Toplantısı Azərbaycanın təşkilata sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslərin müzakirəsi, regional əməkdaşlığın genişləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı ölkəmizin beynəlxalq mövqeyini, sülhə yanaşmasını və regional əməkdaşlıqla bağlı prioritetlərini bir daha ortaya qoyub.
Azərbaycanın birləşdirici missiyası
Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinə və regional əməkdaşlığa verdiyi töhfələrə diqqət çəkib. Dövlət başçısı ölkəmizin geostrateji əhəmiyyətini vurğulayaraq bildirib: “Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı, öz növbəsində, regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”.
Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyinə töhfəsi və müxtəlif dövlətlərlə qurduğu siyasi-iqtisadi əlaqələr ölkəmizin Avrasiya məkanında mühüm tərəfdaş kimi rolunu gücləndirir. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat bağlantılarının inkişafı ticarətin genişlənməsinə, investisiya imkanlarının artmasına və dövlətlər arasında iqtisadi əlaqələrin dərinləşməsinə şərait yaradır.
Bu sahədə Azərbaycanın təcrübəsinin AQEM çərçivəsində paylaşılması Asiya ölkələri arasında əməkdaşlığın inkişafına töhfə verə bilər. Rəqəmsallaşma və dayanıqlı inkişaf da sədrliyin mühüm prioritetlərindəndir. Rəqəmsal texnologiyaların inkişafı dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən beynəlxalq kommunikasiyaya qədər müxtəlif sahələrdə yeni imkanlar açır. Üzv dövlətlər arasında bu istiqamətlərdə təcrübə mübadiləsi innovasiya potensialının artırılmasına və ortaq təşəbbüslərin reallaşdırılmasına xidmət edə bilər.
Daha güclü AQEM: konkret təşəbbüslər və yeni imkanlar
Prezident İlham Əliyev Azərbaycanın ikiillik sədrliyi dövründə əldə olunan nəticələrə toxunaraq ölkəmizin təşkilatın gücləndirilməsinə xüsusi diqqət ayırdığını, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığı fəal şəkildə təşviq etdiyini bildirib. Üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən təşəbbüslər AQEM-in institusional və hüquqi imkanlarının möhkəmləndirilməsinə töhfə verib. Bu nəticələr təşkilatın yalnız siyasi dialoq platforması kimi deyil, müxtəlif sahələrdə praktiki əməkdaşlığı təşviq edən mexanizm kimi inkişaf etdiyini göstərir. Müxtəlif istiqamətlər üzrə birgə təşəbbüslərin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi üzv dövlətlər üçün yeni əməkdaşlıq imkanları yaradır.
Zirvə Toplantısının mühüm qərarlarından biri Laos Xalq Demokratik Respublikasının AQEM-ə 29-cu üzv dövlət kimi qəbul edilməsi olub. Bu addım təşkilatın əhatə dairəsinin genişlənməsi və Asiyada daha inklüziv dialoq platforması kimi inkişafı baxımından əhəmiyyətlidir.
Üzv dövlətlərin Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılması təklifini dəstəkləməsi də ölkəmizin fəaliyyətinə göstərilən etimadın ifadəsidir. Bu qərar Azərbaycanın AQEM çərçivəsində təşəbbüslərini davam etdirməsi, təşkilatın institusional potensialının artırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından yeni perspektivlər açır.
Sülhün qorunması və beynəlxalq məsuliyyət
Zirvə Toplantısında Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin əsas prinsiplərini də vurğulayıb: “Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir”. Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyinə diqqət çəkərək beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl şəkildə tətbiqinin vacibliyini qeyd edib. Bu yanaşma dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bərabərhüquqlu əməkdaşlığa hörmətin regional təhlükəsizliyin əsas şərtlərindən olduğunu bir daha göstərir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, eləcə də davamlı sülhün təmin olunmasına yönələn səylərə xüsusi diqqət ayırıb. Dövlət başçısı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu xatırladıb. O, beynəlxalq qərarların icrasını təmin edən mexanizmlərin əhəmiyyətini vurğulayaraq münaqişələrin həllində beynəlxalq hüququn roluna diqqət çəkib.
Azərbaycanın müharibədən sonra sülh gündəliyini irəli sürməsi də çıxışın mühüm məqamlarından olub. Prezident İlham Əliyev bildirib: “Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.
Bu fikir sülhün əldə olunması ilə yanaşı, onun qorunması və möhkəmləndirilməsinin də davamlı siyasi iradə, qarşılıqlı etimad və məsuliyyətli yanaşma tələb etdiyini ifadə edir. Azərbaycanın AQEM çərçivəsində dialoqun genişləndirilməsinə və əməkdaşlığın gücləndirilməsinə verdiyi önəm də məhz bu prinsiplərlə uzlaşır. Ölkəmiz regional təhlükəsizliyin möhkəmləndirilməsini, dövlətlər arasında dostluq münasibətlərinin inkişafını və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.
Media əməkdaşlığı: etimadın möhkəmləndirilməsində yeni istiqamət
Azərbaycanın AQEM sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərdən biri də media sahəsində əməkdaşlığın genişləndirilməsidir. 2026-cı il oktyabrın 1-də Bakıda keçirilən AQEM Media Forumu bu istiqamətdə əhəmiyyətli hadisə olub. “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunan forum AQEM məkanında media və kommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib.
Üzv dövlətlərin media nümayəndələrinin, rəsmilərin və ekspertlərin iştirak etdiyi forum informasiya mübadiləsinin, peşəkar təcrübənin paylaşılmasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini bir daha gündəmə gətirib. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində medianın yalnız informasiya mübadiləsi vasitəsi deyil, həm də ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti olduğu vurğulanıb.
Rəqəmsal platformaların ictimai rəyin formalaşmasına təsirinin artdığı müasir dövrdə dezinformasiya ilə mübarizə, jurnalistikanın peşəkarlığı və informasiya məsuliyyəti beynəlxalq əməkdaşlığın vacib istiqamətlərindəndir. Bu baxımdan, AQEM Media Forumunun keçirilməsi təşkilat çərçivəsində yeni əməkdaşlıq istiqamətinin formalaşmasına zəmin yaradır.
Media əməkdaşlığı müxtəlif ölkələrin cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, fərqli baxışların obyektiv təqdim olunması və ortaq problemlərin daha dolğun işıqlandırılması baxımından əhəmiyyətlidir. Forum çərçivəsində qurulan əlaqələrin gələcəkdə birgə layihələrə, təcrübə mübadiləsinə və peşəkar əməkdaşlığın genişlənməsinə yol açması mümkündür.
AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Toplantısı Azərbaycanın çoxtərəfli diplomatiyada fəal mövqeyini və regional əməkdaşlığın inkişafına yönələn təşəbbüslərini bir daha nümayiş etdirib. Təşkilatın üzvlük coğrafiyasının genişlənməsi, institusional imkanlarının möhkəmləndirilməsi və Azərbaycanın sədrliyinin uzadılmasına göstərilən dəstək ölkəmizin bu platformadakı fəaliyyətinə verilən qiymətin göstəricisidir.
İnstitusional inkişafdan nəqliyyat bağlantılarına, rəqəmsallaşmadan media əməkdaşlığına qədər müxtəlif sahələri əhatə edən təşəbbüslər AQEM-in fəaliyyətinə yeni məzmun qazandırır. Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində topladığı təcrübə isə regional dialoqun genişləndirilməsi, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və ortaq maraqların uzlaşdırılması üçün əlavə imkanlar yaradır.
Bununla belə, təşəbbüslərin uzunmüddətli səmərəsi onların praktik nəticələrə çevrilməsindən, üzv dövlətlərin fəal iştirakından və əldə olunan razılaşmaların davamlı əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsindən asılıdır. Bu baxımdan, Azərbaycanın sədrliyi çərçivəsində əsas hədəflərdən biri dialoqun davamlılığını təmin etmək, ortaq maraqları uzlaşdırmaq və əməkdaşlığı konkret nəticələrlə zənginləşdirməkdir.
Bu gün Asiyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi dövlətlər arasında dialoqun qorunmasını, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsini, qarşılıqlı etimadın real əməkdaşlıqla möhkəmləndirilməsini tələb edir. Azərbaycanın “Daha güclü AQEM” yanaşması da məhz bu məqsədlərə xidmət edir.
Prezident İlham Əliyevin Zirvə Toplantısında səsləndirdiyi fikirlər, Azərbaycanın sədrliyi dövründə irəli sürülən təşəbbüslər və Bakıda qəbul edilən qərarlar AQEM-in gələcək inkişafı üçün yeni imkanlar açır. Bu imkanların ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılması Asiyada sülhün, təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verə bilər.
Məmməd BABAYEV
Digər xəbərlər