NAXÇIVAN :

29 Noyabr 2026, Bazar

Dövlət Proqramının icrası dayanıqlı su təminatı yaratmağı hədəfləyir

...

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafında mühüm rol oynayan suvarma sistemlərinin müasirləşdirilməsi bu gün diqqət mərkəzindədir. Əkin sahələrinin vaxtında və fasiləsiz suvarılması, məhsuldarlığın yüksəldilməsi, fermerlərin fəaliyyətinin səmərəli təşkili və aqrar sektorun inkişafı baxımından bu, xüsusi əhəmiyyət daşıyır. Hazırda bu məqsədlə bir neçə istiqamətdə layihələr icra olunur. Suvarma sistemlərinin təkmilləşdirilməsi, köhnəlmiş xətlərin yenilənməsi, yeni kommunikasiya xətlərinin çəkilməsi, suyun əkin sahələrinə daha səmərəli və itkisiz çatdırılması bu layihələrin əsasını təşkil edir. Culfa və Babək rayonlarında kanallar yenilənir, nasos stansiyaları qurulur, qapalı suvarma və drenaj şəbəkələri yaradılır. 
Culfa rayonunda Əlincəçaydan Bənəniyar su anbarına suötürən sistem yenidən qurulur. Layihə çərçivəsində su mənbələrindən götürülən suyun əkin sahələrinə daha səmərəli və itkisiz çatdırılması üçün müasir texniki həllər tətbiq olunur. Suqəbuledici qurğuların, sudurulducuların, beton kanalların və müxtəlif diametrli boru xətlərinin inşası və quraşdırılması işləri aparılır. Bu qurğuların vahid sistem şəklində layihələndirilməsi və istifadəyə verilməsi suvarma prosesinin daha səmərəli təşkilinə imkan yaradacaq. Bununla yanaşı, suyun bir hissəsinin Bənəniyar kəndindəki əkin sahələrinə yönəldilməsi də nəzərdə tutulur. İnfra­strukturun yenilənməsi yalnız mövcud suvarma şəbəkəsinin bərpası ilə məhdudlaşmır. Eyni zamanda suyun idarə olunması, paylanması və əkin sahələrinə çatdırılması mexanizmlərinin də təkmilləşdirilməsi nəzərdə tutulur. 
Əlincə çayından su götürən baş suqəbuledici qurğunun, sudurulducunun, eləcə də beton kanalların və böyük diametrli polietilen boru xətlərinin vahid kompleks şəklində layihələndirilməsi su təminatının yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Tikintiyə texniki nəzarətçi Coşqun Hüseynov bildirib ki, hazırda layihənin icrası çərçivəsində sudurulducu qurğunun giriş hissəsinin inşası yekunlaşdırılıb, kompleksə daxil olan digər qurğuların tikintisi istiqamətində işlər davam etdirilir: “Eyni zamanda ümumi uzunluğu 3550 metr olan qidalandırıcı düz kanalın 1790 metrlik hissəsinin tikintisi artıq yekunlaşdırılıb. Ümumi uzunluğu 1700 metr, diametri 1600 millimetr olan polietilen boru xəttinin 96 metrlik hissəsində qazıntı və quraşdırma işləri də başa çatıb. Həmçinin polietilen boru xəttindən ayrılaraq Bənəniyar su anbarını qidalandıracaq 470 metr uzunluğunda düz kanalın tikintisi də yekunlaşıb. Həmin boru xəttindən ayrılan və Bənəniyar kəndindəki müəyyən əkin sahələrinin suvarılmasına xidmət edəcək 680 metr uzunluğunda qol boru kəmərinin çəkilişi üzrə işlərin 400 metrlik hissəsi artıq tamamlanıb”.
Coşqun Hüseynov qeyd edib ki, mövcud su kanalının marşrutu dəyişdirilmədən əvvəlki xətlər yeniləri ilə əvəz olunacaq: “Hazırda mövcud beton kanalların, demək olar ki, hamısı sökülür. Artıq hazır olan hissələrdə də köhnə kon­struksiyalar sökülərək yeni beton konstruksiyalarla əvəz olunur. Müqavilə müddətinə uyğun olaraq podratçı şirkət tərəfindən işlər mümkün qədər sürətlə həyata keçirilir. Proqnozlaşdırılır ki, layihə həmin müddət ərzində yekunlaşdırılaraq təhvil verilsin. Lakin tikinti sahəsində hava şəraiti və digər amillər nəzərə alınmaqla, müəyyən ləngimələr baş verə bilər. Buna baxmayaraq, əsas prioritet işlərin nəzərdə tutulan müddətdə yekunlaşdırılması və obyektin istismara təhvil verilməsidir”.
Fermerlər üçün suvarma suyunun əlçatan olması məhsul istehsalının davamlılığı baxımından mühüm amildir. Xüsusilə isti və quraq iqlim şəraitində suvarma sistemlərinin düzgün qurulması torpaqların münbitliyinin qorunmasına, əkin sahələrinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına şərait yaradır. Müasir suvarma infrastrukturunun qurulması su ehtiyatlarının qorunması ilə yanaşı, kənd təsərrüfatında uzunmüddətli inkişafın təmin olunmasına da xidmət edir. Bu istiqamətdə görülən işlər həm fermerlərin gündəlik fəaliyyətini asanlaşdıracaq, həm də bölgənin aqrar potensialından daha səmərəli istifadə üçün yeni imkanlar yaradacaq. Culfa rayonunda suyun anbara ötürülməsi üçün infrastruktur yenilənirsə, Babək rayonunun Nehrəm qəsəbəsində əsas məqsəd Araz çayından götürülən suyu birbaşa əkin sahələrinə çatdırmaqdır. Bunun üçün iki nasos stansiyasından və magistral boru xəttindən ibarət sistem qurulur. 
Layihə mövcud əkin sahələrinin su təminatını yaxşılaşdırmaqla yanaşı, yeni torpaqların da əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaratmağa hesablanıb. Müsahibimiz vurğulayıb ki, elə layihənin əsas məqsədi Araz çayının su ehtiyatlarından istifadə etməklə, Nehrəm qəsəbəsində əkin sahələrinin dayanıqlı su təminatını yaxşılaşdırmaq və yeni yanaşmalar vasitəsilə sahələrin daha da genişləndirilməsinə xidmət etməkdir: “Ümumilikdə, layihənin əsas xüsusiyyəti iki nasos stansiyasının vahid magistral şəbəkə üzərində yerləşdirilməsi və bu nasos stansiyaları vasitəsilə Araz çayından götürülən suyun Nehrəm ərazisindəki əkin sahələrinə çatdırılmasından ibarətdir. Layihə üzrə ümumi təzyiqli magistral boru xəttinin uzunluğu 16300 metr təşkil edir. Hazırda onun 5300 metr uzunluğunda olan hissəsində tikinti-quraşdırma işləri yekunlaşdırılıb. “Araz-2” nasos stansiyasının meydançasında tutumu 1500 kubmetr olan anbarın tikintisi başa çatdırılıb, nasos stansiya binasında isə tikinti-quraşdırma işləri yekunlaşmaq ərəfəsindədir. “Araz-1” nasos stansiyasının meydançasında suqəbuledici qurğu və nasos stansiyasının meydançasının tikintisi üçün hazırkı mərhələdə qazıntı işləri davam etdirilir”.
Babək rayonunun Çeşməbasar və Güznüt kəndləri ərazisində isə 240 hektar torpağın meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün işlər sürətlə davam etdirilir. Burada qapalı suvarma sistemi ilə yanaşı, drenaj şəbəkəsi də yaradılır. Məqsəd su ehtiyatlarından səmərəli istifadə etməklə əkin sahələrinin su təminatını yaxşılaşdırmaq və torpaqların əkinə yararlılığını artırmaqdır. Coşqun Hüseynov diqqətə çatdırıb ki, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, torpaqlarda şoranlıq səviyyəsinin aşağı salınması və aqrar potensialın inkişafı üçün yeni imkanlar yaradacaq.
Əlincəçaydan Bənəniyar su anbarına qədər yenilənən ötürücü sistem, Araz çayının suyunu Nehrəm qəsəbəsinin əkin sahələrinə çatdıracaq nasos stansiyaları və Çeşməbasar-Güznütdə yaradılan qapalı suvarma şəbəkəsi. Müxtəlif istiqamətlərdə həyata keçirilən bu layihələri birləşdirən əsas məqsəd su ehtiyatlarından səmərəli istifadə etmək, su itkisinin azaldılması və əkin sahələrinin dayanıqlı su təminatını yaratmaqdır. Görülən işlər nəticəsində suvarma suyunun mənbədən əkin sahələrinə daha etibarlı və səmərəli çatdırılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni sahələrin əkin dövriyyəsinə cəlb olunması üçün əlverişli şərait yaranacaq.
Bütün bunlar isə təkcə ayrı-ayrı yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması ilə deyil, bütövlükdə, Naxçıvanın aqrar potensialının gücləndirilməsi, kənd təsərrüfatı məhsuldarlığının artırılması və fermer təsərrüfatlarının dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

 Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 29.11.2026 11:25