NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Dağların qoynundan boylanan cənnət

...

O günlərdən bu günlərə

Həmin yaz bahar çiçəkləri açmaq bilmirdi bu yurdun. Yaz da gəlmək istəmirdi bu dağlara. “İstisu”yu buza dönmüşdü yazın oğlan çağında, qan ağlayırdı dağı-daşı Kəlbəcərin. Başını duman almışdı uca dağların. Alınmaz qalanın sakinlərinin canına üşütmə düşmüşdü Xocalı meşələrində donan körpələri görəndən. Şuşa satqınların xainliyinə qurban gedəndən tüstüsü ərşə qalxmışdı Kəlbəcərin. Laçın quşu daha qanad saxlamırdı Kəlbəcər dağlarında. Soyuq qış 3 il idi, çəkilib getmirdi ki, getmirdi. Bahar çiçəkləri qana boyanır, cənnət meşələri igid oğullarına məzar olurdu Kəlbəcərin. Uca dağların zirvəsində dayanan bu şəhərin qol-budağı budanırdı sapı öz meşəsində bitən ağaclardan olan baltalarla. Ömər aşırımının keçilməz yolları xainlərin əlləri ilə keçilmişdi. 

Bağı-bağçası solmuşdu bu gözəl diyarın, dil açıb “Getməyin, məni tərk etməyin”, – deyə bilmirdi qız-gəlinə Kəlbəcər. Necə deyərdi axı Xocalıda anası ilə bərabər şaxtalı meşələrdə buz tutan körpələrin səssiz harayı qulağında eşidilə-eşidilə, necə dil açardı axı Arazın lal sularına qərq olan zəngilanlıların səsini duya-duya. Laçında sıldırım qayalardan atılan qız-gəlinin başından açılan örpəyini görə-görə. Deyə bilmədi, düz 30 il lal oldu Kəlbəcər. Şəhid qanına bələnən torpağına murdar düşmən ayağı dəyəndə hay-harayı göyə qalxdı. Torpağına dəfn olunan erməni tabutlarını çürütmədi onların murdar bədəni bu torpağa qarışmasın deyə. Qan gəldi yollara dikilən gözlərinə. 30 il ərimədi Murovun qarı. Buz kəsdi Ömər aşırımını. Düz 30 il yuxuları qarışdı Kəlbəcərin ta ki həmin ilə kimi. Şuşa dağları səs edib xəbər gətirmişdi ona “Hazır ol! İgid oğullar gəlir, səni də mənim kimi azad edəcəklər”, – deyə. Şuşa dağlarından çəkilən dumandan sonra doğulan Günəşin istisi Kəlbəcəri də isidirdi artıq. Həsrətli gözləri yol çəkirdi Kəlbəcərin. 

Biz qayıtdıq

Və bir səhər qırılan ağacların səsi, tüstülənən evlərin alovunun istisi onu yuxudan oyatdı. İllərdir, ürəyinə dərd olub onu nəfəs almağa qoymayan erməni leşləri də torpağından çıxarılmışdı artıq. 
Həmin gün dərindən bir ah çəkdi Kəlbəcər.Yenə eyni mənzərə var idi, evlər od tutub yanır, meşələr qırılır, insanlar onu tərk edirdi. Yox, burada bir fərq var idi. Bu dəfə gedənlər çağırılmamış qonaqlar idi. Özləri ilə ölülərinin tabutlarını da aparırdılar. Çünki onlar hər kəsi özü kimi bilən faşistlərdən də betər ermənilər idilər. Axı özləri ölü-diri demədən vəhşicəsinə divan tuturdu hər kəsə. İşğal zamanı bir neçə saat vaxt verib “Tərk edin Kəlbəcəri”, – demişdi quldurlar. Zorla gəldikləri torpaqlardan artıq getmək vaxtı gələndə isə igid, qalib Azərbaycan əsgərindən vaxt dilənirdilər. 
Gəldikləri kimi də getdilər, yenə dağıdıb, yandırıb. Amma bir şeyi unudurdular ki, torpaq öz sahibinin əlində olanda cənnətə dönür. Bundan əmin idi bu dağlar cənnəti. Əmin idi, ona görə də qəlbi heç kədərlənmədi evləri, ağacları yandırıb gedəndə çağırılmamış qonaqlar. Əksinə, sevindi ki, od-alov düşmənin izini sildi qoynundan. Artıq bu torpaqda bir ayaq izi var o da Azərbaycan əsgərinin ayaq izidir.

Biz isə qurub-yaradanıq

Payızın son günləri olsa da, çiçək açdı Kəlbəcər torpağı üçrəng­li Azərbaycan Bayrağı ilə bəzənəndə. Qəhrəman Azərbaycan əsgəri 44  gündə elə bir igidlik göstərmişdi ki, Kəlbəcəri bir güllə atmadan azad etmişdi. Şad xəbəri Ali Baş Komandan xalqa müraciətində verərək dedi: “Kəlbəcərdə mənfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistan ərazisindən qanunsuz yollarla orada insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də, həmçinin Cəbrayılda da həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan. Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik”. Müzəffər Sərkərdənin Kəlbəcərin qəlbində zəfər bayrağını göylərə çəkdiyi gün dağların başındakı cənnət öz xoşbəxt gələcəyinə qədəm qoydu. Azad edilən ərazilərə həyat qayıtdıqca bahar çiçəkləri daha gözəl  açmağa başladı. Dağların zirvəsindəki cənnətin “İstisu”yunun şöhrəti özünə qayıtdı. Yeni-yeni yaşayış binaları inşa edildi. Öz çırağımız yanmağa başladı Kəlbəcərdə. Keçilməz dağların qoynu yarılıb yollar açıldı. 

 Öz doğmalarına qucaq açır Kəlbəcər

O, 30 il bu Vətənin ən yaralı yeri oldu. Şuşa, Laçın kimi əsir düşən yurdu. İllərlə onun keçilməz meşələrində düşmən gəzəndə,  sərin bulaqlarından içib, “İstisu”yunda dincələndə, qızıl yataqlarını bölüb parçalayanda həmin meşələrin qaranlığında qərq olub, isti suda yanıb qovruldu bizim qəlbimiz.  Təsəllisi var idi yurdundan didərgin düşən 60 min kəlbəcərlinin. Əmin idilər, bir gün öz ocaqlarına geri dönəcəklərinə.
Çünki bu xalqın “Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”,  – deyən Ulu Öndəri, verdiyi hər sözə sadiq qalan Prezidenti var idi. Və bu gün dağların incisi Kəlbəcər öz gözəl günlərinə geri dönür. Dağlar qol açıb doğmalarını qucaqlamağa can atır artıq. 
Biz bu günlərdə Kəlbəcərin azad oluşunun 4-cü ildönümü ilə bərabər, Vətən torpağına qurban gedən onlarla igid oğulların da şəhadət şərbəti içdiyi günün ildönümünü qeyd edirik.  
Kəlbəcər bir güllə atılmadan geri qayıtdı, çünki Azərbaycan  xalqı  44 gündə 3 min can qurban etmişdi düşmən gülləsinə. Yüz min oğul döyüşmüşdü Şuşa, Laçın Kəlbəcər azad olsun deyə. Döyüşə-döyüşə şəhidini, yaralı döyüş yoldaşını çiynində dağ yuxarı daşıyıb qalib olmuşdu Azərbaycan Ordusu. 
İllər keçəcək, bağrımızda açılan yaralar sağalacaq, amma bu xalq hər il işğaldan azad olan şəhər və kəndlərinin yenidən doğulduğu gün ilə bərabər, torpaq olan oğullarını da yad edəcək; Şuşa olan Adilləri, Murov olan İbrahimləri, Laçın olan Əliləri, Kəlbəcər olan İlkinləri.  Vətən üçün can qurban edən oğulları çiynində daşıyan igidləri. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 25.11.2024 00:03