Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Hələ ötən əsrin sonlarına doğru az qala hər gün nüvə sınaqlarından, kosmosa buraxılan raketlərdən və sınaqdan keçirilən digər ağır silahlardan yorğun düşmüş planetimizin sağlamdüşüncəli siyasətçiləri və iqlim araşdırmaçıları “gələcəksiz dünya” təhlükəsinin artıq qapıda olduğunu və bu təhlükədən heç kimin heç bir yerə qaça bilməyəcəyi nəticəsinə gəldiyində, bəlkə də, bu günə, yəni 2024-cü ilə qədər ötən dövrdə, əslində, çox şeyin də dəyişməyəcəyini, karbon tullantılı sənayeləşmənin törətdiyi ekoloji vəziyyətin daha da ağırlaşacağını düşünmürdülər. Güclülərin zəiflər hesabına daha da varlanmaq istəyi, aqressorun qonşu torpaqları hesabına öz ərazilərini genişləndirmə ambisiyaları, qlobal sərmayənin daha çox bazarlar tutma strategiyası və ən nəhayət, mavi planetin hər bir sakininin tükənmək bilməyən istehlak istəyi nəticəsində artıq ortaq evimiz öz əvvəlki görkəmindən xeyli uzaqlaşmış və əvvəlki yaşana bilən yaşıl Yer kürəsində buzlaqların sürətlə əridiyi və bunun da nəticəsində dünya okeanının səviyyəsinin yüksəldiyi, bunun əksinə, qapalı su hövzələrinin kiçildiyi, uzun sürən quraqlıqlarla paralel bir çox yerlərdə dağıdıcı leysan və daşqınların yaşandığı, hətta sahilyanı ölkələrin və şəhərlərin yer üzündən silinmə təhlükəsinin real olduğu bir dövrdə yaşayırıq. Texnoloji inkişafın səbəb olduğu iqlim dəyişikliyinə rəvac verənlərin öz məsuliyyətini başa düşməsi, tək bir ölkənin deyil, iqtisadiyyatı güclü olan ölkələr başda olmaqla bütün dünya birliyinin birgə səylərinin artırılması baxımından hazırda Azərbaycanın ev sahibliyi etdiyi iqlim dəyişikliyinə qarşı BMT Sammiti – COP29 öncəsi və gedişində hədəflər birmənalı olmayıb, qlobal və milli maraqlar prizmasından, necə deyərlər, hər kəsin öz keçmişinə və gələcək prioritetlərinə uyğun olaraq görünməkdədir.
Sənaye səbəbli iqlim dəyişikliyi artıq elmi olaraq sübut edilmiş və bir çox üsullarla dinamikası ölçülə bilən qlobal bir problemdir. Bütün digər qlobal problemlər kimi iqlim dəyişikliyinin də məhəlli deyil, planetar nəticələri də artıq göz qabağındadır. Elə COP29 və bundan əvvəlki iqlim sammitlərində vurğulandığı kimi, sənayecə inkişaf etmiş ölkələrin karbon tullantılarının səbəb olduğu istixana effekti və bunun da nəticəsində atmosfer temperaturunun normadan 1,5 dərəcə və daha artıq artması bir sıra ada dövlətlər üçün eksiztensial səviyyədə təhlükə yaradır. İqtisadi və sosial nəticələrə baxdıqda isə bu qlobal təhlükənin bütün dünya üzrə 38 trilyon dollarlıq iqtisadi zərərə və yüz milyonlarla insanın iqlim miqrantı kimi yaşamağa səbəb olacağı gözlənilir. Daha sonra isə zəncirvari proseslər kimi, qlobal iqlim dəyişikliyinin insanın əsas həyati təbii qaynaqlarının – suyun, oksigenin, qida maddələrinin sürətlə tükənməsinə gətirib çıxaracağını ən optimist futuroloqlar belə inkar edə bilmirlər. Başqa sözlə, belə getsə, bəşəriyyət hazırda özünün cəhənnəm həyatını yaşayan Marsı görmək üçün 225 milyon kilometr məsafəni qət etmək yerinə, sadəcə, 50 ildən sonra Yer kürəsindəki eyni mənzərələri seyr edə biləcək. Çünki hesablamalara görə, qlobal istilik artımı normasının 2,5 dərəcə və daha çox artımı nəticəsində Yer kürəsinin qarşısıalınmaz təbii fəlakətlərlə üz-üzə qalacağı qaçınılmazdır.
Qlobal istiləşməni və ya başqa bir ifadə ilə “gələcəksiz dünya” problemini törədən iqtisadi və texnoloji inkişaf bir tərəfdən insanların sosial mədəni həyat səviyyəsini yüksəltdiyi halda, dayanıqlılıq prinsiplərinə əməl olunmaması və dolayısı ilə iqlim ədalətinin pozulması nəticəsində təbiət də öz qisasını elə sərt formada alır ki, nəticədə, bu ən son perspektivdə bütün ədalətsizlikləri törədənlər də daxil olmaqla hər kəsin öz mənfi nəsibini almasına səbəb olacaqdır. Ona görə də Azərbaycanın ev sahibliyi etdiyi və yüksək səviyyədə təşkilatçılığı ilə seçilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında qarşıya qoyulan hədəflər məhz qlobal iqtisadiyyatın karbon yükünün azaldılmasını, böyük ölkələrin bundan əvvəlki iqlim konfranslarında bu istiqamətdə üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini, siyasi maraqlardan daha çox planetar maraqların güdülməsini, tərəflərin maliyyə məsələlərində inkluziv yanaşma prinsipinə əməl etməsini, başqa sözlə, yaşıl planet üçün hər kəsin müsbət töhfə verməsini əhatə edir. Odur ki, 196 ölkədən 72 min iştirakçının qatıldığı, 80 ölkənin ali rəhbərinin iştirak etdiyi COP29-da verilən mesajlar artıq gözləməyə vaxt olmadığını, bir an öncə kiçik ambisiyalardan əl çəkib qlobal evimiz sayılan Yer kürəsinin gələcəkdə daha yaşana bilmək ehtimalı üzərində olduğunu deyir. Sayı 80 minə də çatmayan erməni separatçılarının vandalizm marağını 8 milyard planet əhalisinin gələcəyindən üstün tutaraq BMT Sammitinə belə qatılmayan Fransadan fərqli olaraq rəsmi Bakı bu dünyada hər kəsin yaşamaq hüququnun olduğunu, xüsusən yüz illər boyu müstəmləkə əsarətində qalmış və hazırda da bu çirkin hüquq pozuntusundan əziyyət çəkən kiçik ada və sahilyanı dövlətlərin haqlarının təmin olunması, buradakı insanların, sadəcə, həyatda qalması üçün təbii şəraitin qorunub saxlanılmasını vurğulayır, bunun üçün əməli işlərə öncüllük edir. Başda ABŞ, Çin, Rusiya, Hindistan, Yaponiya, Almaniya, Fransa olmaqla bütün sənayeləşmiş ölkələrin iqtisadiyyatını karbonsuzlaşdırması, qlobal iqtisadiyyatda yaşıl texnologiyanın tətbiqi, bunun üçün mövcud enerji sektorunun strukturunda alternativ mənbələrin payının artırılması razılığına gəlmək bu konfransda qarşıya qoyulmuş əsas hədəflərdəndir.
Problemin dərk olunması, onun gələcəkdəki nəticələrinin proqnoz edilməsi baxımından yuxarıda adları qeyd olunan ölkələr hamıdan qabaq “yaşıl keçid” məzmunlu pafoslu tezislər səsləndirsələr də, işin maliyyə tərəfinə gəldikdə məsuliyyətsizcə sanki bunun üçün ilk olaraq inkişaf etməkdə olan və yaxud da kiçik ada dövlətlərinin məsuliyyət daşıdığını düşünür, sadəcə, oyunpozanlıq edirlər. Əslində, məqsədləri də aydındır: trilyonlarla dollar qazandığı silah istehsalı ilə dünyanı barıt çəlləyinə çevirmiş ABŞ, çoxşaxəli sənayesi ilə “dünyanın fabriki” halına gəlmiş və bununla da karbon tullantıları ilə havanı lap çox çirkləndirən Çin, həm tullantılı sənayesi, həm də kənd təsərrüfatı tullantılarının yandırılması ilə mənfi mənada ad çıxarmış çirkli ölkə Hindistan və digər belələri yaşıl keçidə inad etmək və ya onu yubatmaqla mövcud qazanclarını itirmək istəmirlər. Başqa sözlə, dünyanın iki hərbi gücü – ABŞ və Rusiya gələcəkdə elektriklə işləyə biləcək qırıcı təyyarə və ya tanklar istehsalı üzərində düşünmək istəmədiyi kimi Çin və Hindistan da yüksək karbon tutumlu plastiklərin emalı və yüz minlərlə adda məhsul istehsalını heç bir şeylə dəyişmək istəmir, maraqların toqquşmasına səbəb olurlar. Elə COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan torpaqlarımızın işğalını pisləyən, lakin uzun illər kağız üzərində qalmış BMT qərarlarını özü icra edib tarixi ədaləti bərpa etdiyi kimi iqlim dəyişikliyinə qarşı birgə mübarizədə də fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilər. Bu çox mühümdür və görünən odur ki, bu hədəflərə doğru hələ çox işləmək, böyük dövlətlərin nazı ilə çox oynamaq lazım gələcək.
Böyük dövlətlər öz işlərində olsun, amma planetin çox kiçik bir parçası olan Azərbaycanın istər COP29 öncəsi, istər onun keçirilmə dövrü, istərsə də 2050-ci il və daha sonrası üçün hamıya açıq və dəqiq vizyonu vardır: hər kəs üçün ədalət və Yaşıl dünya! Bu, bəlkə də, Ermənistan tərəfdən törədilmiş ekoloji terrordan hamıdan çox əziyyət çəkmiş, amma xalqının və dövlət başçısının iradəsi ilə sahib olduğu karbohidrogen resurslarını qısa müddətdə “yaşıl resurslara” çevirmək hədəfini qarşıya qoymuş ölkəmizin bu qlobal iqlim sammitində dünyaya verəcəyi ən qısa və ən doğru mesajdır. Azərbaycan bu hədəflərə doğru irəlilədikcə qarşıdakı dövrdə bütün ölkəmizin karbondan azad, neytral ərazi olacağına çatmaq əzmindədir. Özünün sahib olduğu “yaşıl enerji” potensialının reallaşdırılması ilə yanaşı, gələcəkdə Orta Asiyadan da Avropaya ixrac olunacaq ekoloji təmiz enerjinin tranziti ilə birgə Azərbaycanın hədəfi Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan, bir sözlə, ölkəmizin hər yerində “yaşıl iqtisadiyyatın” bərqərar olmasıdır. COP29-dan əldə olunacaq təcrübə ilə kimsənin mövqeyindən və təzyiqindən asılı olmayaraq, Azərbaycan bu gün olduğu kimi, gələcəkdə də qlobal çağırışlara öncüllük edən bir ölkə olacaq, dünya arenasındakı müstəqil siyasət gücünü qoruyub saxlayacaq.
Əli CABBAROV
Digər xəbərlər