Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya ara...
19:22 26.11.2024
0
0
0
NAXÇIVAN :
26 Noyabr 2024, Çərşənbə axşamı
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi böyük tarixi, siyasi, iqtisadi və beynəlxalq əhəmiyyət daşıyır.
COP29 konfransı zamanı, Azərbaycanın öz zəngin mədəni irsini və təbii gözəlliklərini bütün dünyaya nümayiş etdirməklə yanaşı, həm də BMT kimi mötəbər təşkilatın tədbirinə ev sahibliyi etməsi bütün Azərbaycan vətəndaşları kimi, 1987-1991-ci illərdə ermənilərin apardığı etnik təmizləmə siyasəti zamanı Azərbaycanın Respublikasının ayrılmaz parçası olan tarixi Vətənimiz doğma Qərbi Azərbaycandan zorla deportasiya edilərək Naxçıvanda müvəqqəti məskunlaşmış bir ziyalı kimi məndə də dərin təəssürat və böyük qürur hissi yaradır. Xüsusilə qeyd etməliyəm ki, 1988-ci il deportasiyanın qurbanı, həm də Azərbaycan vətəndaşı kimi, qürur hissi keçiririk ki, artıq Qarabağ münaqişəsi tarixə qovuşub.
Vaxtilə BMT-nin münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrinin icra edilməməsinə görə əziyyət çəkən, haqq səsi eşidilməyən, 20 faiz torpaqları işğal edilən ölkəmiz indi dünyaya od-ocağından, doğma yurd-yuvasından didərgin salınmış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı çadır şəhərciklərini, humanitar yardıma ehtiyacı olan insanların ağrılı-acılı taleyini deyil, uğurlarını və təbii gözəlliklərini nümayiş etdirir. Bununla yanaşı, ölkəmizin qlobal problemlərin həlli üçün böyük təşəbbüskarlıq etdiyini, sabitlik adası, tolerant və multikultural dəyərlərə malik region olduğunu bütün dünyaya göstərir. Eyni zamanda bildirmək istəyirəm ki, bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin təntənəsidir. İndi fəxrlə deyə bilərik ki, ulu əcdadlarımızın, xüsusilə Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhu şaddır. Ata vəsiyyətini reallığa çevirən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev diplomatiya tariximizdə hər gün şanlı bir tarix yazır. Vaxtilə ulu əcdadlarımızın arzuladığı, lakin nail ola bilmədikləri ideyalar indi tarixi gerçəkliyə çevrilib. XX əsr Azərbaycan ziyalısı Hacıağa Cümşüdü vaxtilə Azərbaycanın düşdüyü problemlərdən dərin təəssüf hissi keçirərək və gələcəyə böyük ümid bəsləyərək yazırdı:
Uzaq deyil, gələcəkdir,
Bəşəriyyət güləcəkdir
Mənim səsim BMT-dən gələcəkdir!
O günləri görmək üçün,
Sonra rahat ölmək üçün
Mən yaşamaq istəyirəm!
Doğrudan da, Azərbaycan bu gün təkcə BMT-nin deyil, bir sıra nüfuzlu təşkilatların üzvü olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq konsepsiyasını dərinləşdirərək öz milli dəyərlərini dünyaya nümayiş etdirir. COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib. Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə öz-özlüyündə beş fərqli elementi ifadə edir – flora və fauna, hava və külək, su, enerji və kainat. COP29-un loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönlü fəaliyyətin əhəmiyyətini əks etdirir.
COP29-un ölkəmizdə keçirilməsi həm yerli, həm də xarici müşahidəçilər tərəfindən mühüm bir hadisə kimi qiymətləndirilir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Bunun həm siyasi, həm də iqtisadi əhəmiyyəti vardır. Bu tədbirin ölkəmizdə keçirilməsinin mühüm tərəflərindən biri də odur ki, dünyanın hər yerindən gəlmiş 72 min qonaq işğaldan azad edilmiş rayonlarımıza səfər edəcək, bu ərazilərimizlə yaxından tanış olacaq. Azərbaycanın beynəlxalq arenada nüfuzunu artıracaq və qlobal iqlim dəyişiklikləri müzakirələrində lider mövqeyə çıxmasına kömək edəcək. Bu tədbir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etdiyini və qlobal problemlərin həllinə töhfə verdiyini göstərir.
COP29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini artıracaqdır. Bu, vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə və ekoloji layihələrdə aktiv iştirak etməsinə səbəb olacaq. Həmçinin yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq ediləcəkdir. Bu faydalar Azərbaycanın həm ekoloji dayanıqlığını artıracaq, həm də iqtisadi inkişafına və beynəlxalq mövqeyinə əhəmiyyətli töhfələr verəcək, ölkəmizin tanıdılmasında daha böyük rol oynayacaqdır. Arzu edirik ki, gələcəkdə belə mötəbər tədbirlər tarixi Vətənimiz Qərbi Azərbaycanda keçirilsin. Uca Allah cənab Prezidentimizi və bütün Azərbaycan xalqını qorusun!
Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru
Digər xəbərlər