NAXÇIVAN :

09 May 2025, Cümə

Xoşbəxt gələcəyə aparan yol

...

Azərbaycan Heydər Əliyev yolu ilə gedərək tərəqqiyə qovuşur

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin ötən  illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının bütün sahə və istiqamətləri üzrə dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev xalqımızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə həmişə öz xalqının yanında olmuşdur. Azərbaycanın həqiqi müstəqilliyi, intibahı məhz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”,deyib şərəfli bir missiyanı üzərinə götürən Ulu Öndərin öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Ulu Öndər həmişə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənib, arxalanıb. Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri belə dəf etməyə qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi oldu, ölkəmiz davamlı inkişaf yoluna çıxdı.

Azərbaycanın müasir tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti Heydər Əliyevin mənalı həyat yolu və fəaliyyəti tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbidir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyev şəxsiyyətindən qaynaqlanır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi.

“İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib”.Ümummilli Liderimiz Heydər Əliyevin bu müdrik kəlamları Onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndərimiz Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.

1923-cü il may ayının 10-da Naxçıvanda dünyaya göz açan Ulu Öndərimizin həyatının mənası Azərbaycan idi. Dünya şöhrətli siyasi xadim özü bu barədə deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.

Xalqımızın böyük oğlu Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıdan, onu sevərək hifz edən, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirən qüdrətli bir şəxsiyyətdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qurtarmışdır.

Ulu Öndərimiz müstəqil Azərbaycanın qurulması işinə ötən əsrin 70-80-ci illərində başlamışdı. Məhz bu illərdə sovet imperiyasının sərt rejiminə baxmayaraq, dahi şəxsiyyət Azərbaycanı müstəqilliyə hazırlamışdır. O illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində əldə olunmuş uğurlar Ümummilli Liderimizin gərgin əməyinin nəticəsidir. 

Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində Ümummilli Liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi Ulu Öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi.

Ulu Öndərimizin milli kadrların formalaşdırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi məqsədyönlü siyasət xalqımızın gələcək müstəqilliyinə hədəflənmiş, milli özünüdərkin əsasını qoymuşdur. Bu dövrdə elm, təhsil, səhiyyə və mədəniyyətə qayğı da ön planda olmuşdur. Azərbaycanın bugünkü hərbi uğurlarının, milli hərbi kadrların formalaşdırılmasının əsası da Ümummilli Liderin qeyri-adi cəsarəti, şəxsi təşəbbüsü ilə 1971-ci ildə Azərbaycanda ilk hərbi məktəbin yaradılması ilə qoyulmuşdur.

Reallıqdır ki, müstəqil dövlətin yaradılması üçün müstəqil iqtisadiyyatın qurulması və kadr hazırlığı kifayət deyildi. Bunun üçün milli şüuru oyatmaq lazım idi. Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı.

Türk dünyasının böyük oğlu 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyini üstün tutmuş, keçmiş ittifaqın maddi resurslarının respublikamızın inkişafına yönəldilməsinə nail olmuşdur.

Sovetlər Birliyində hamı Heydər Əliyev-Azərbaycan birliyi ilə hesablaşır, heç kim Azərbaycanın inkişafının qarşısını almağa, əsassız torpaq iddiası irəli sürməyə cəsarət etmirdi. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunu və şəxsən baş katib Mixail Qorbaçovu kəskin şəkildə ittiham edən Ulu Öndərə qarşı böyük təzyiqlər başlandı. Bütün bunlara baxmayaraq, O, 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə doğma Naxçıvana gəlmiş, burada böyük izdiham, sevgi və coşqu ilə qarşılanmışdır.

Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana dönüşü tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bununla bağlı demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Dahi şəxsiyyət Heydər Əliyevin böyük və mənalı ömrünün Naxçıvanda keçən 3 ili ərzində görülən işlər müstəqil dövlətimizin qurulmasına yönəldilmiş strategiyanın tərkib hissəsi idi. Onun 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublikamız işğal təhlükəsindən qorunmuşdur. 1990-cı ilin noyabr ayında dahi şəxsiyyət Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil dövlətçiliyin konseptual əsaslarının yaradılmasına hesablanmışdı.        

Ulu Öndər Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir.

Ümummilli Liderimiz müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqımızın min illərin sınağından çıxmış milli dəyərlərinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, folkloruna həddən artıq bağlı olmaqla onların olduğu kimi xalqa qaytarılmasının qayğısına qalmışdır.      

Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ulu Öndərin mənəvi irsinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin formalaşdırdığı möhkəm təməllər üzərində XXI əsrin güclü Azərbaycanını qurdu. Ulu Öndərin xalqımıza müraciətində ifadə olunan “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” inamını möhtəşəm şəkildə doğrultdu. Ata vəsiyyətini yerinə yetirərək dövlətimizi, xalqımızı ən böyük arzusuna – azad Qarabağa qovuşdurdu, torpaqlarımız işğaldan azad edildi. Şuşada, Xankəndidə bayrağımız ucaldı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olundu. 

Bu gün işğaldan azad olunmuş yurdlarımızda genişmiqyaslı quruculuq layihələri başlanılıb. Erməni vandallarının, təxminən, 30 ilə yaxın müddətdə Yer üzündən silməyə çalışdıqları şəhər və kəndlərimiz, tarixi, maddi mədəniyyət abidələrimiz yenidən həyata qaytarılır. Qarabağda XXI əsrin “ağıllı şəhər”ləri, “ağıllı kənd”ləri tikilir. Yeni yollar salınır, körpülər tikilir, su elektrik stansiyaları istifadəyə verilir, beynəlxalq hava limanları açılır, yeni yaşayış binalarının təməlləri qoyulur, nəhəng layihələr gerçəkləşdirilir.

Azərbaycanda milli birliyin möhkəmlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Azərbaycan Prezidentinin yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın aparılan dövlət siyasətinə töhfələri ölkəmizin nailiyyətlərini daha da artırır. Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlər, qlobal humanitar təşəbbüslər bütün dünyada ölkəmizin tolerantlıq, fərqli mədəniyyətlər arasında dialoq məkanı kimi mövqeyini gücləndirir.

Bugünkü yüksək sosial-iqtisadi göstəricilər təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır, sabah da ölkəmizin yoluna işıq salacaq, Azərbaycanın gələcəyi daha xoşbəxt, firavan olacaqdır. Çünki Onun ideyalarının tükənməz, yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır.

Ülkər BAYRAMOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 09.05.2025 10:00