NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

COP29-da Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olacaq

...

Noyabrın 11-dən 22-dək davam edəcək COP29-un Yaşıl Zonasında Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu – COP29-da Həmrəylik Mərkəzi (The Solidarity Hub at COP29) təqdim olunacaq.
Bununla da Azərbaycan və Türkiyənin iki fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirəcək.
COP29-da Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, QHT-lər, media nümayəndələri və Mavi Zonanın rəsmi nümayəndələrini əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır.
Heydər Əliyev Fondu və Sıfır Atık Fondu cəmiyyətin müxtəlif sahələrinə töhfə verərkən davamlı həllər yaratmağı da hədəfləyir. COP29-dakı birgə layihə hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində fəaliyyətlərini önə çəkir.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri ilə yanaşı ətraf mühitin qorunması üzrə təşəbbüsləri də öz səmərəsi ilə cəmiyyətdə rəğbətlə qarşılanır. COP29-dakı pavilyon çərçivəsində bu sahədəki fəaliyyət təqdim olunacaq. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılacaq.
Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edəcək.

Nəşr edilib : 28.10.2024 20:05