NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

COP29 Azərbaycana qlobal diqqətin artmasına səbəb olacaq

...

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi rəsmi bir tədbirə ev sahibliyinə layiq görülmək Azərbaycanımızın dünya ölkələri arasında günü-gündən artan nüfuzunun bariz nümunəsi, dövlət başçımızın uğurlu siyasətinin təntənəsidir! Dünya liderlərinin COP tədbirləri zamanı bir araya gəlmələri qlobal miqyasda baş verən dəyişikliklərin ətraf mühitə neqativ təsirlərinin, iqlim böhranlarının qarşısının alınmasının, qlobal orta səth temperaturunun 1,5 dərəcə selsidə saxlanılması məqsədi daşıyır. 
Bu il Azərbaycanda keçirilən COP29 konfransı üçün ölkəmiz layiqincə hazır olduğunu hər sahədə təsdiqləyib və 196 ölkədən gələn 80 prezident, vitse-prezident, rəsmi nümayəndələr və tədbir iştirakçılarını yüksək səviyyədə qəbul edib. Möhtərəm Prezidentimiz işğaldan azad olmuş torpaqlarımızı “yaşıl enerji zonası” elan edib və bu sahədə Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir. Hazırda bərpa olunan enerji sahəsində texniki potensialımız, quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. Dövlətimiz bu sahədə davamlı işlər həyata keçirir. Belə ki, ötən il BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda 230 meqavatlıq günəş elektrik stansiyasının açılışını etdi.   Hazırda isə Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti 240 meqavatlıq külək enerjisi stansiyasının inşasını reallaşdırır.
Azərbaycan 1990-cı illərlə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35, 2050-ci ilə qədər isə 40 faiz azalmasını hədəfə alıb. Bu isə ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşmasına, havanın təmizliyinə, iqlim dəyişikliyi təsirlərinin azaldılmasına kömək olacaq. COP29 konfransının ölkəmizin iqtisadiyyatına da çox müsbət təsiri olacaq. Azərbaycana investisiyalar qoyulmasına, turizm sektorunun inkişafına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə, bir sözlə, Azərbaycana qlobal diqqətin artmasına səbəb olacaq. Dünya ictimaiyyəti xalqımızı, dövlətimizi daha yaxından tanıyacaq, onun tarixi və mədəniyyəti ilə tanış olacaqlar.  

Gülxarə Tarverdiyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 17.11.2024 17:00