NAXÇIVAN :

21 Iyul 2026, Çərşənbə axşamı

Çin Kommunist Partiyasının nümayəndə heyəti Milli Məclisdə olub

...

İyulun 21-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, görüşdə Azərbaycan–Çin münasibətlərinin dinamik inkişafı və əldə olunmuş nailiyyətlər məmnunluqla qeyd edilib, parlamentlərarası və partiyalararası əməkdaşlığın daha da möhkəmləndirilməsi, iqtisadi, ticarət, təhsil, mədəniyyət, humanitar, o cümlədən gənclər sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan ilə Çin arasında son illərdə bütün istiqamətlər üzrə dinamik inkişaf edən əməkdaşlığın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış dostluq münasibətləri dayanır.

Spiker qeyd edib ki, Azərbaycan hər zaman birmənalı şəkildə “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, Çinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb.

Sahibə Qafarova parlamentlərarası əlaqələrin Azərbaycan–Çin münasibətlərinin mühüm tərkib hissəsi olduğunu bildirib. Milli Məclisin sədri, həmçinin vurğulayıb ki, Azərbaycan ilə Çin arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqla yanaşı, partiyalararası əməkdaşlıq da uğurla inkişaf edir. O, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında formalaşmış səmərəli əlaqələrin və imzalanmış Anlaşma Memorandumunun bu əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verdiyini bildirib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuay Çin ilə Azərbaycan arasında münasibətlərin son illərdə uğurla inkişaf etdiyini, iki ölkə rəhbərləri arasında formalaşmış yüksək səviyyəli münasibətlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dövlətlərarası münasibətlər sistemində siyasi dialoqun və parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışıb, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Çinin Azərbaycandakı səfiri Lu Mey də Azərbaycan ilə Çin arasında münasibətlərin müxtəlif istiqamətləri ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 21.07.2026 17:49