NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Çin Kommunist Partiyasının nümayəndə heyəti DİA-da olub

...

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Çin Xalq Respublikası Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
“Şərq qapısı” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Akademiyanın “Çin Araşdırmalar Mərkəzi” ilə tanış olub. Qonaqlar burada Çin dili üzrə tədris prosesini izləyərək mərkəzin fəaliyyəti, həyata keçirilən elmi-tədqiqat işləri və Azərbaycan–Çin münasibətlərinin öyrənilməsi istiqamətində görülən işlər barədə məlumat alıblar.
Daha sonra nümayəndə heyəti Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində olub. Burada qonaqlara Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, siyasi fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumat verilib.
Görüşün rəsmi hissəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycan ilə Çin arasında son illərdə bütün istiqamətlər üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. Rektor qeyd edib ki, bu münasibətlərin əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoq dayanır.
Akademik Urxan Ələkbərov bildirib ki, 2026-cı ilin may ayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Məktəbi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənəd dövlət idarəçiliyi, kadr hazırlığı, elmi tədqiqatlar, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Rektor çıxışı zamanı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idarəçiliyinin müasir modeli, rəqəmsal transformasiya, innovativ idarəetmə texnologiyalarının tətbiqi, dövlət xidmətlərinin təkmilləşdirilməsi və insan kapitalının inkişafı istiqamətində əldə olunan nailiyyətlər barədə də ətraflı məlumat verib.
Çin Kommunist Partiyası nümayəndə heyətinin rəhbəri Kanq Şuay çıxışında Azərbaycan və Çin liderlərinin iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O bildirib ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların, eləcə də hökumətlərarası əməkdaşlıq mexanizmlərinin həyata keçirilməsinə dəstək verməkdir.
Kanq Şuay vurğulayıb ki, gənclər arasında əlaqələrin genişləndirilməsi, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinin təşviqi və elmi əməkdaşlığın inkişafı iki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindəndir. O qeyd edib ki, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında imzalanmış əməkdaşlıq memorandumu, habelə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Məktəbi ilə Dövlət İdarəçilik Akademiyası arasında may ayında imzalanmış memorandum gələcək birgə layihələrin həyata keçirilməsi üçün mühüm hüquqi baza yaradır.
Görüşdə tərəflər dövlət idarəçiliyi, dövlət qulluqçularının hazırlanması, elmi tədqiqatlar, rəqəmsal transformasiya, gənclər siyasəti və beynəlxalq akademik əməkdaşlıq sahələrində əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Daha sonra akademik Urxan Ələkbərov qonaqlara “Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi modeli” mövzusunda hazırlanmış təqdimatı təqdim edib. Təqdimatda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idarəçiliyinin müasir prinsipləri, innovativ idarəetmə texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya, dövlət xidmətlərinin təkmilləşdirilməsi, insan potensialının inkişafı və davamlı inkişaf strategiyasının əsas istiqamətləri barədə ətraflı məlumat verilib.

Nəşr edilib : 20.07.2026 18:23