Yel babadan oyanış nəfəsi
00:05 10.03.2026
0
0
0
NAXÇIVAN :
10 Mart 2026, Çərşənbə axşamı
Avropanın uzunmüddətli enerji təhlükəsizliyi üçün mühüm meqa layihə – CQD
Azərbaycanın 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulan, 30 ildən artıqdır, davam və inkişaf edən enerji strategiyasının əsas sütunlarından sayılan Cənub Qaz Dəhlizi bu gün ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, onun beynəlxalq mövqeyini xeyli möhkəmləndirib və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Üç əsas seqmenti – Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ı (Trans-Adriatik Qaz Boru Kəməri) özündə birləşdirən dəhliz artıq təkcə enerji layihəsi deyil, həm də sabitlik, əməkdaşlıq və strateji tərəfdaşlıq simvoluna çevrilib. Rusiya-Ukrayna müharibəsi fonunda enerji bazarında yaranan gərginlik mənbələrin şaxələndirilməsi məsələsini Avropa üçün prioritetə çevirib. Bu baxımdan, Cənub Qaz Dəhlizi alternativ marşrut və etibarlı təchizat mənbəyi təqdim edərək Avropanın enerji təhlükəsizliyini gücləndirməklə qoca qitə üçün təkcə iqtisadi deyil, həm də siyasi sabitlik faktoru kimi xarakterizə olunur.
2015-ci ildən başlayaraq hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil olunan görüşlər isə beynəlxalq iqtisadi münasibətlər zəminində yeni əməkdaşlıqların qurulması baxımından mühüm platforma xarakteri daşıyır. İclaslarda görülmüş işlər və enerji bazarındakı transformasiyalar çərçivəsində qarşıda duran məsələlərin həlli istiqamətləri müzakirə olunur, müasir dövrün çağırışlarına uyğun görüləcək əlavə tədbirlər nəzərdən keçirilir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları da bu baxımdan olduqca faydalıdır. Toplantıya Azərbaycan və Avropa daxil olmaqla, 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. İclas çərçivəsində Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə plenar sessiyalar keçirilib. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası, iclasların yekunlarına dair mətbuat konfransı təşkil olunub.
Cənub Qaz Dəhlizi (CQD) qlobal məkanda XXI əsrin ən mühüm transmilli enerji layihələrindən biri kimi qəbul və təqdir edilir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan bu layihə Xəzər dənizinin zəngin qaz ehtiyatlarını Avropa bazarına birbaşa çıxarmaqla enerji təhlükəsizliyi sahəsində yeni geosiyasi reallıq yaradıb. Təməli “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd edilən gün – 2014-cü ilin sentyabrın 20-də qoyulan, 2018-ci il mayın 29-da rəsmi açılışı olan layihənin ümumi dəyəri 33 milyard ABŞ dollarıdır. Azərbaycandan İtaliyayadək uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi 7 ölkənin iştirakı ilə qurulub və ilbəil yeni interkonnektorlarla bu sistemə qoşulmaq təşəbbüsləri, eyni zamanda təbii qazın ixrac həcmi çoxalır. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, indi bu miqdar 13 milyarda çatdırılıb. Ümumilikdə, 2021-ci ildən bəri Avropaya təbii qaz tədarükü 56 faizdən çox artıb, Trans-Adriatik Qaz Kəmərinin (TAP) ötürmə gücü isə 1,2 milyard kubmetr genişləndirilib. Azərbaycan, həmçinin Suriya, Almaniya və Avstriyaya qaz tədarükünə başlayaraq təchizat şəbəkəsini Cənub-Şərqi Avropadan Yaxın Şərqə və Mərkəzi Avropaya qədər genişləndirib. Hazırda respublikamız 16 ölkəyə təbii qaz nəql edir ki, həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Təsadüfi deyil ki, Aİ tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin enerji siyasəti, reallaşdırılan layihələr barədə danışdı, Azərbaycanın Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətində olduğunu vurğuladı: “Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün, şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.
Son illərin geoiqtisadi mənzərəsi göstərir ki, Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq nüfuzunu və dünya iqtisadiyyatındakı rolunu əhəmiyyətli dərəcədə artırıb. Layihə ölkəmizi etibarlı və uzunmüddətli enerji təminatçısı kimi tanıtmaqla yanaşı, müstəqil enerji siyasətinin uğurlu göstəricisinə çevrilib. Layihə sübut edir ki, Azərbaycan regional təşəbbüsləri qlobal miqyasda həyata keçirmək gücünə malikdir.
Enerji bazarındakı transformasiyalar fonunda mühüm təşəbbüs – “yaşıl enerji”
Azərbaycanın müasir çağırışlara uyğun enerji strategiyasının prioritet hədəflərindən biri də “yaşıl enerji” istehsalının şaxələndirilməsi və ən əsası da ixracını təşkil etməkdir. Bu qlobal iqlim dəyişiklikləri və enerji bazarındakı transformasiyalar fonunda atılan mütərəqqi addım kimi qiymətləndirilir. Bəli, ənənəvi neft-qaz ixracatçısı olan ölkəmiz paralel şəkildə “yaşıl enerji” gündəliyini formalaşdıraraq bərpa olunan enerji mənbələrinin payını artırmağı strateji prioritet kimi müəyyənləşdirib. Azərbaycanın “yaşıl enerji” siyasətinin əsas istiqamətləri sırasında enerji istehsalında bərpa olunan mənbələrin payının artırılması, karbon emissiyalarının azaldılması, enerji ixracının şaxələndirilməsi, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi, xarici investisiyaların cəlb olunması yer alır.
2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” isə ixraca dair əsas istiqamətləri müəyyənləşdirir. Bu saziş Avropanı “yaşıl enerji” ilə təmin edən əsas kanal kimi Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur ki, bununla da Azərbaycan Avropaya “yaşıl enerji” körpüsü salmağı hədəfləyib. Sözügedən nəhəng layihə Azərbaycanla Avropa ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından da olduqca önəmlidir və tərəflərin müasir çağırışlara əsaslanan məqsədlərinə uyğundur. Bu eyni zamanda ölkənin enerji ixrac modelində yeni mərhələnin başlanğıcı deməkdir – təbii qazla paralel, elektrik enerjisinin də ixracı. Ölkəmizin “yaşıl gündəli”yinə uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində 2023-cü ildə BƏƏ-nin Masdar şirkəti tərəfindən inşa olunan 230 MW gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) istifadəyə verilib. Cari ilin yanvarında isə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı olub. Ümumilikdə, 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpa olunan enerjinin inkişafının birinci mərhələsinin tamamlanması nəzərdə tutulur. Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları təşkil etməklə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7 faizə çatacaq. Bu payın 2030-cu ilə qədər 38, 2035-ci ilə qədər isə 42,5 faizə yüksəldilməsi planlaşdırılır. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı yaşıl enerjinin istehsalı və ixracına dair məsələlərə toxundu, qarşıda duran hədəfləri açıqladı. Sitat: “Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik”.
Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi dövlət büdcəsinə daxilolmaları artırır, infrastruktur layihələrinin maliyyələşdirilməsinə imkan yaradır və ölkənin valyuta ehtiyatlarını gücləndirir ki, bu da ümumi iqtisadi inkişaf və sabitliyə xidmət edir. Eyni zamanda bu layihə regionda etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın Avropa ilə strateji əməkdaşlığını dərinləşdirməklə respublikamızın geosiyasi mövqeyini xeyli möhkəmləndirir. Ölkəmizin enerji siyasətinin uğuru yalnız hasilatla deyil, həm də siyasi, iqtisadi sabitlik, investisiya mühiti və uzunmüddətli strateji baxışla ölçülür ki, bu məsələdə “Yaşıl enerji” gündəliyi Cənub Qaz Dəhlizini mükəmməl şəkildə tamamlayır. Beləliklə də, həm Cənub Qaz Dəhlizi, həm də yaşıl enerji gündəliyi ölkənin uzunmüddətli enerji strategiyasına və dayanıqlı inkişaf məqsədlərinə xidmət edir. Bunların paralel şəkildə, yəni həm ənənəvi (neft, təbii qaz), həm də yaşıl enerjinin inkişafı dövlətimizin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin də dediyi kimi: “Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, – biz hazırda bu məsələni araşdırırıq, – qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində – bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, odövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız”.
Nail ƏSGƏROV
Digər xəbərlər