NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Cəlil Məmmədquluzadənin anadan olmasının 157 illiyi münasibətilə tədbir keçirilib

...

Cəlil Məmmədquluzadənin anadan olmasının 157 illiyi münasibətilə ədibin Naxçıvan şəhərində yerləşən ev-muzeyində tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Aytən Ələkbərova bildirib: "Bu gün  böyük mütəfəkkir, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 157-ci ildönümü qeyd olunur. Cəlil Məmmədquluzadə təkcə yazıçı yox,  həm də cəmiyyətin aynası rolunu oynayan fikir adamıdır, onun satira ilə verdiyi mesajlar bugünkü cəmiyyətimiz üçün də aktuallığını qoruyur və bizə göstərir ki, söz gücü ilə cəmiyyəti dəyişmək mümkündür, bizlər isə bu irsi qoruyaraq gələcək nəsillərə çatdırmalıyıq", –deyə muzeyin direktoru qeyd edib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu "Hüşyar dostlar: Eynəli bəy Sultanov və Cəlil Məmmədquluzadə", Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki Xatirə muzeyinin direktoru Gülnarə Sadiqova "Cəlil Məmmədquluzadə yaradıcılığında dil məsələsi", Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülü Mehdiqızı "Cəlil Məmmədquluzadənin orta məktəblərdə tədrisi" mövzularında çıxış ediblər.
Tədbirin davamında 8 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri arasında kiçik esse müsabiqəsi və həvəsləndirici mükafatlandırma mərasimi keçirilib.

Sonda tanınmış rəssam, "Tərəqqi" medalı mükafatçısı Qəhrəman Tağıyev çəkdiyi "Cəlil Məmmədquluzadə" portretini muzeyə hədiyyə edib və muzeydə nümayiş olunan "Cəlil Məmmədquluzadə-157" başlıqlı sərgiyə baxış olub.

Nəşr edilib : 10.02.2026 16:39