NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Çantanı özüm daşıyıram” – valideynləri narahat edən ağır yük

...

Son illər məktəbli uşaqların gündəlik daşıdığı ağır çantalar cəmiyyəti narahat edən əsas mövzulardan birinə çevrilib. Tədris vəsaitlərinin çoxluğu, düzgün seçilməyən çantalar və yanlış daşıma vərdişləri uşaqların onurğa sağlamlığına mənfi təsir göstərir. Hətta bir çox valideyn övladlarında bel, boyun və çiyin nahiyələrində ağrılar, eləcə də duruş pozuntuları müşahidə etdiklərini bildirirlər. Bu kimi hallara vaxtında diqqət yetirilmədikdə uşaqların fiziki inkişafı risk altına düşür və gələcəkdə ciddi fəsadların yaranma ehtimalı artır.

Mövzu ilə bağlı narahatlığını bizimlə bölüşən valideyn Ayşən Əliyeva bildirdi ki, hər gün övladımı məktəbə yola salarkən, ilk növbədə, çantasının qaydasında olub-olmadığını yoxlayıram: “Uşaqlar dərslərinə həvəslə hazırlaşsalar da, çantanın ağırlığı bir valideyn kimi məni daim düşündürür. Biz çalışırıq ki, çantanın asılqanlarını düzgün tənzimləyək və yükü tarazlayaq. Lakin gündəlik dərsliklərin, vəsaitlərin və su qabı kimi şəxsi əşyaların cəmi ortaya ciddi bir çəki çıxarır. Bəzi günlər çanta o qədər ağır olur ki, uşağın onu təkbaşına daşıması mümkün olmur; bu səbəbdən məktəbə qədər çantanı özüm aparmalı oluram. Bu yük övladımda ciddi yorğunluq yaradır. Evdə mütəmadi olaraq ona dik durmağı və çantanı tək çiyinlə deyil, hər iki çiyinlə daşımağı tapşırırıq”.

Ağır çantaların yaratdığı narahatlıq təkcə fiziki yorğunluqla bitmir, zamanla daha ciddi sağlamlıq risklərinə, xüsusilə skolioza yol aça bilir. Onurğa sütununda yaranan problemlər erkən yaşlarda aşkar olunmadıqda fəsadlar dərinləşir. Məsələnin tibbi tərəflərini öyrənmək üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının Fizioterapiya bölməsinin müdiri, həkim Fazil Fərzəliyev ilə həmsöhbət olduq. O, mövzu ilə bağlı mühüm məqamları diqqətə çatdırdı: “Skolioz – onurğa sütununun yana doğru əyilməsi və eyni zamanda öz oxu ətrafında dönməsi ilə xarakterizə olunan deformasiyadır. Formasına görə onurğada “S” və ya “C” vari görünüş yaradır. Skolioz halları 80 faiz ehtimalla idiopatik, yəni səbəbi bilinməyən şəkildə yaranır; digər hallarda isə anadangəlmə və ya qazanılmış ola bilər. Qazanılmış skolioz sinir-əzələ sistemi xəstəliklərində, məsələn, serebral iflic və əzələ distrofiyası kimi hallarda inkişaf edir. Bundan əlavə, funksional skolioz dediyimiz hal da mövcuddur ki, buna çanaq əyriliyi, bir ətrafın qısa olması, əzələ spazmaları, oturaq həyat tərzi və məktəblilərdə yükün bir çiyində daşınması kimi amillər səbəb olur.

Məktəbli uşaqların ağır çanta daşıması onurğa sağlamlığı üçün ciddi riskdir. Uşaqlar böyümə dövründə olduqları üçün onların sümük-əzələ sistemi hələ tam formalaşmayıb. Onurğaya düşən davamlı yük duruş pozuntularına və əzələ disbalansına səbəb olur. Xüsusilə çantanın bədən çəkisinə nisbətdə ağır olması problemi daha da dərinləşdirir. Skoliozun ilkin əlamətləri kimi çiyinlərin asimmetriyası, yəni birinin digərindən hündür olması, kürək sümüklərinin qeyri-bərabərliyi, bel xəttinin əyri görünməsi, həmçinin bel və kürək ağrıları müşahidə edilir. Ağır hallarda isə uşaqlarda nəfəs darlığı yarana bilər”.

Diaqnozun klinik müayinə və rentgen vasitəsilə qoyulduğunu qeyd edən həkim bildirdi: “Bu zaman “Cobb bucağı” dediyimiz ölçüyə əsasən əyriliyin dərəcəsi təyin olunur. Müalicə xəstənin yaşından və əyriliyin dərəcəsindən asılı olaraq seçilir. Yüngül dərəcələrdə xüsusi müalicəvi gimnastika, üzgüçülük və onurğa əzələlərini gücləndirən balans məşqləri tövsiyə edilir. Fizioterapiya çərçivəsində elektrostimulyasiya, fonoforez və relaksasiya prosedurları tətbiq olunur. Orta dərəcəli skoliozlarda isə korset müalicəsi təyin edilə bilər. Korset boy artımı dövründə olan uşaqda daha effektivdir və əyriliyin artmasının qarşısını almaq üçün gündə 16-23 saat taxılmalıdır. Profilaktik tədbir kimi valideynlər övladlarını mütəmadi müşahidə etməli, düzgün oturma qaydalarına və çantanın hər iki çiyində daşınmasına nəzarət etməlidirlər. Qidalanmada isə D vitamini və minerallarla zəngin məhsullara üstünlük verilməsi zəruridir”.

Səmayə RƏSULOVA

Naxçıvan Dövlət Universitetinin

Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

 

Nəşr edilib : 11.02.2026 13:37