Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşo...
23:40 14.03.2025
0
0
0
NAXÇIVAN :
15 Mart 2025, Şənbə
Qədim Ordubad elinin könül süfrəsini bəzəyən orucluq ayının 15-i ənənəsi gəlib çatdı. Bu gün ordubadlılar üçün bir başqa gündür. Bu gün hər evin ocağı yanır, hər ocaqda qazanlar qaynayır. İllərin, qərinələrin şahidi bir adət olan orucluq ayının 15-i ordubadlılar üçün təkcə günlərin sayı deyil, həm də insanların mənəviyyatındakı işığın, sevginin, mərhəmətin ifadəsidir. Bu axşam hər kəsin süfrəsi açıq, evi qonaq-qaralı olur. Ordubad mətbəxinin ləziz yeməkləri – düşbərə, paxlava, fəsəli, südlü aş, qovurmalı plov süfrədə yer alır. Bir məhəllədən o birinə yayılan plovun ətri, məhəllənin ağsaqqallarının xeyir-duası, gənclərin bir-birinə uzanan yardım əli – bunlar Ordubadın ruhudur.
Orucluq ayının 15-i qapılar açıq olur, təkcə süfrələr yox, qəlblər də genişlənir. Kimin evində bolluq varsa, onun bərəkətindən kasıbın da süfrəsinə pay düşür. Analar təndirdə isti çörək bişirir, qaynar samovarlardan ətirli çay süzülür, Ordubadın şirin mürəbbələri mis kasalara düzülür. Və bu axşam bir adət unudulmur – kim daha çox ehtiyac içindədirsə, ona səssiz-səmirsiz əl uzadılır. Bəzən bu, bir kasa isti şorba, bəzən bir tikə çörək, bəzən isə bir xoş kəlmə olur.
Təkcə Ordubad şəhəri və onun ətraf kəndlərinə xas olan orucun 15-i mərasimi müqəddəs Ramazan ayının tən ortasında qeyd olunur. Bu bayramı insanların belə təntənə ilə keçirməsi “artıq Ramazanı yarıladıq” anlamına gəlir. Ordubadın dünyagörmüş adamları deyir ki, biz gözümüzü açandan bəri bu mərasimə bir neçə gün qalmış hər evdə hazırlıq görərlər. Həmin gün nişanlı qız evinin valideynləri bəyi görmək üçün oğlan evinə gələrlər. Ailənin üzvlərinə, xüsusilə bəyə hədiyyələr gətirərlər. Bu mərasimdə kiçik-böyük, hər kəs iştirak edər, insanlar bişirib düşürdükləri azuqələrdən yaxınına, qohumuna, tanışına göndərərlər. Hər məhəllə sakinləri bişirib-düşürdükləri naz-nemətlərdən götürər, yaşadıqları məhəllədəki bir ağsaqqal və ya ağbirçəyin evində toplaşıb könül xoşluğu ilə, ağız dadı ilə həmin naz-nemətlərlə iftarlarını açarlar. İftardan sonra hər kəs öz evinə gedər, uşaqların, gənclərin onların qapılarına torba atmasını gözləyər. Bu bayramda uşaqlar, xüsusilə torba atmaq ənənəsini çox sevir. Tanınmamaq üçün qızlar oğlan paltarı geyinir, üz-gözünü boyayır, papaq qoyur. Məhəllənin uşaqları yığışıb bir-bir qonşuların qapısını döyüb deyirlər:
Orucun 15-dir gəldik sizə, orucun niyazını verin bizə,
Xanım, ayağa dursana, boşqabı doldursana,
Oğlun, qızın var olsun, doğduğun oğlan olsun,
Sonbeşiyin qız olsun, açılsın sünbül olsun.
Kimsə pay verməsə, onlara tərəf üz tutub söyləyir:
Pay verənin oğlu olsun, verməyənin qızı olsun.
Sonda uşaqların içində ən böyüyü yığılmış payı hər kəs arasında bərabər bölür.
Hava qaralanda Ordubad məscidləri işıqlanır. Ordubad sakinləri məscidlərə axışır, ürəklər paklanır. Anaların dilindəki “Evimizdən bərəkət, övladlarımızdan xeyir əskik olmasın!” duaları göylərə yüksəlir.
İllərin, əsrlərin süzgəcindən keçib gələn bu adəti eyni sevgi, eyni mərhəmət, eyni qayğı ilə ordubadlılar da övladlarına ötürürlər. Bəlkə də, sabahın Ordubadı yenə də bugünkü qədər qədim olacaq, ənənələr əsla köhnəlməyəcək. Çünki ordubadlılar inanır ki, adətlər keçmişin qalıqları deyil, onları gələcəyə aparan işıqdır.
Gülcamal TAHİROVA
Digər xəbərlər