NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

...

Azərbaycan ilə Böyük Britaniya arasında enerji və inteqrasiya, texnologiya, eləcə də maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvar Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan region ölkələrinin iqtisadiyyatlarını və enerji sistemlərini birləşdirən mühüm ölkəyə çevrilir.

“Bu əməkdaşlıq ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji və yeni elektrik bağlantılarını da əhatə edir. Britaniya şirkətləri iri infrastruktur layihələrinin hazırlanması və maliyyələşdirilməsi üzrə təcrübələrini Azərbaycana təqdim etməyə hazırdır. Böyük Britaniya tədqiqat və innovasiya sahəsində aparıcı mərkəzlərdən biridir, Azərbaycan isə rəqəmsallaşma, süni intellekt və məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir. Bu sahədə bizneslər arasında əməkdaşlıqla yanaşı, təhsil müəssisələri arasında əlaqələrin qurulması da mümkündür. Böyük Britaniyanın Uorvik (Warwick) Universiteti tədqiqat və kadr potensialının inkişafına, Britaniya texnologiya və infrastruktur şirkətləri isə bu transformasiyanın praktiki həyata keçirilməsinə töhfə verə bilər”, - deyə o vurğulayıb.

Britaniyalı nazir qeyd edib ki, maliyyə sahəsində də əməkdaşlığın genişləndirilməsi mümkündür: “London dünyanın aparıcı maliyyə mərkəzlərindən biridir. Böyük Britaniya Azərbaycanda hüquqi və maliyyə xidmətlərinin, eləcə də regionda bu sahələrin inkişafını dəstəkləmək niyyətindədir”.

Nəşr edilib : 06.10.2026 15:16