NAXÇIVAN :

10 May 2026, Bazar

Bolqarıstan mediasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı silsilə məqalələr nəşr edilib

...

Bolqarıstanın bir sıra aparıcı media orqanlarında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə məqalələr dərc edilib.
"Şərq qapısı" xəbər verir ki, məqalələrdə Azərbaycanın Xəzər Dənizi ilə Qara Dəniz, və Asiya ilə Avropa arasında bağlantıların inkişafında strateji rolunda Heydər Əliyevin baxışlarına və əsasını qoyduğu tarixi fəaliyyətə geniş yer ayrılıb.
Yazılarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müasir dövlətçilik modelinin formalaşdırılmasında, ölkənin siyasi və iqtisadi sabitliyinin təmin edilməsində, eləcə də beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində müstəsna xidmətlərindən bəhs olunub. Həmçinin qeyd edilib ki, Heydər Əliyevin strateji baxışı nəticəsində Azərbaycan yalnız enerji resursları ixrac edən ölkə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat, enerji və logistika mərkəzinə çevrilib. Bu kontekstdə Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz kimi təşəbbüslərin Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırdığı vurğulanıb.
Məqalələrdə Azərbaycanın Bolqarıstan ilə strateji tərəfdaşlıq münasibətlərinə də xüsusi yer ayrılıb. Bildirilib ki, iki ölkə arasında enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat və bağlantılar sahəsində əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Bu əməkdaşlığın əsasında isə Heydər Əliyevin müəyyən etdiyi uzunmüddətli və praqmatik xarici siyasət kursu dayanır.
Həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat bağlantıları layihələrinin Avropanın enerji təhlükəsizliyinə və ticarət dəhlizlinə mühüm töhfə verdiyi qeyd olunub. Xəzər regionunu Qara dəniz və Asiyanı Avropa ilə birləşdirən yeni təşəbbüslərin, o cümlədən yaşıl enerji və rəqəmsal bağlantılara dair layihələrin Azərbaycanın strateji rolunu daha da gücləndirdiyi diqqətə çatdırılıb.
Məqalələrdə Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın regional əməkdaşlıq, enerji təhlükəsizliyi və beynəlxalq dialoq sahələrində artan rolunun məhz bu strateji baxışın nəticəsi olduğu da vurğulanıb.

Nəşr edilib : 10.05.2026 09:51