NAXÇIVAN :

08 Noyabr 2026, Bazar

Zirvədəki şəhər – Zəfərin zirvəsi Hədəf Şuşadır

...

Tariximizin şanlı səhifələrinin yazıldığı bütöv Vətən uğrunda 44 günlük mübarizəmizin son günləri düşməni mat vəziyyətinə aparan son strateji gedişlərin başlanğıcı oldu. Ordumuz şahmat taxtasındakı piyadalarını (“İtiqovan” PUA-ları və taktiki qrupları) və ağır fiqurlarını meydana çıxararaq düşməni çıxılmaz vəziyyətə saldı. Həmin günlərdə artıq düşmənin mühüm müdafiə mövqelərindən biri olan Qubadlı şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edilmişdi. Azərbaycan Ordusu cənub cəbhəsində qazandığı strateji üstünlüklə Ermənistan silahlı qüvvələrinin müdafiə xətlərini darmadağın etdi. Artilleriya və XTQ-nin uğurlu əməliyyatları  rəqibi çıxılmaz vəziyyətə saldı. Bu qalibiyyətlə Azərbaycan Ordusu cənub cinahında tam üstünlük qazandı, torpaqlarımızı azad etmək yolundakı əks-hücum tam bərpa olundu. Düşmənin taktiki geri çəkilmə yolları kəsildi, əks-hücum cəhdlərinin qarşısı qətiyyətlə alındı, xeyli sayda tank və “Qrad” sistemləri məhv edildi. Bu, rəqibin son aktiv fiqurlarının itirilməsi, hər bir hərəkətin vəziyyəti daha da pisləşdirməsi demək idi. Ordumuz üstünlüyü tamamilə ələ keçirdi və düşmən nə geri çəkilə, nə də müqavimət göstərə bildi. Bu isə düşmənin yaratdığı mövqeni tamamilə mühasirəyə alan və   həlledici mat vəziyyətinə aparan son strateji gedişlərin başlanğıcı oldu. Hədəf isə Şuşa idi...

Şuşa əməliyyatı – “Gizli gediş”

Döyüş meydanında ən gözlənilməz və sarsıdıcı gedişlər, adətən, rəqibin görmədiyi cinahlardan gəlir. Şuşanın azad edilməsi əməliyyatı da məhz belə qəhrəmanlıq nümunəsi oldu. Oktyabrın sonlarından etibarən Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri Şuşa istiqamətində sıx meşələrdən, sıldırım qayalardan və keçilməz dağ cığırları ilə irəliləməyə başladı. Azərbaycan Ordusu Şuşanı Ermənistanla bağlayan əsas təchizat xəttini (Laçın-Şuşa yolunu) nəzarətə götürərək düşmənin şəhərə əlavə qüvvə və ağır texnika gətirməsinin qarşısını kəsməyə nail oldu. Şuşaya hücum planı iki mərhələdən ibarət idi – saxta gediş və pusqu. Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək şəhərə daxil oldu. 
Şəhərə qalxan yeganə yola hərbi qüvvə və zirehli texnika yığan düşməni Cıdır düzündən və Şuşa qalasından şəhərə daxil olan xüsusi təyinatlı qüvvələr üzbəüz döyüşdə məhv etdi. Şuşa aşağıdan yuxarıya doğru müasir hərb elminin bütün prinsiplərinə zidd bir əməliyyatla azad olundu. Bütün dünya mətbuatı Azərbaycan əsgərinin igidliyindən, Ali Baş Komandanımızın mahir sərkərdəliyindən danışdı. Dağ yuxarı şəhidi çiynində qalxan igid oğullarımız dağlara, qayalara çiyin verib, təbiətə güvənib, torpaqla sirdaş olub qalib gəldi. Günəşin torpağını isitmək istəmədiyi, Ayın işıq salmağa çəkindiyi, xarıbülbülün açmadan solduğu, Topxana meşəsinin fəryadının ərşə qalxdığı günlər bitdi. Bu xalqın həsrət dolu günləri vüsalına qovuşdu. Şuşanın başı üstündə dalğalanan Azərbaycan Bayrağı şəhid məzarı başında dayanan analara qürur, illərdir, torpaq həsrəti çəkən insanlarımıza yeni həyat verdi.

Əziz Şuşa, biz səni dirçəldirik

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə bərpa olunan Şuşada aparılan bərpa və quruculuq işlərinin miqyası olduqca möhtəşəmdir. Şuşa həm sürətlə bərpa olunur, həm də ev sahibliyi etdiyi müxtəlif məzmunlu tədbirlərlə Azərbaycanın Vətən müharibəsindəki zəfərini bütün dünyaya bəyan edir. Qardaşlığa qucaq açır, Türk dövlətlərinin zəfər zirvəsinə çevrilir. 
Artıq altı ildir ki, bu şəhərə yolu düşən hər kəs burada cənnətin timsalını görür. Bir-birindən gözəl yaşayış binalarının, tarixi abidələrin, təbiət gözəlliklərinin seyrinə çıxır. Heydər  Əliyev, 8 Noyabr, Dəmir yumruq, Zəfər, Qarabağ küçələrindən keçən yol bizi “Xan qızı” bulağına, Bülbülün ev-muzeyinə, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinə, Mehmandarovların malikanəsinə aparır. “Xarıbülbül” və “Qarabağ”, “Yasəmən” hotelləri, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi şəhərin müasir memarlığını özündə əks etdirir. Şuşa məktəbindən gələn şən uşaq gülüşləri yurdumuza qayıdışın simvoluna çevrilib. Topxana meşəsinin, İsa bulağının, Çətir şəlalənin gözəlliyi insanın ruhuna sakitlik gətirəndə Cıdır düzündə şahə qalxan Qarabağ atının kişnərtisi, “Vətən yaxşıdır” mahnısının sədaları ilə birləşib Şuşa dağlarında əks-səda verir. Vaqifin poeziya günləri, Xarıbülbül Musiqi Festivalı Azərbaycanın mədəniyyət beşiyində yenidən həyat tapır. 
Bir səhər açılır Şuşada. Bir payız səhəri yenicə bişən isti çörəyin ətri şəhərə yayılıb – Şuşa çörəyinin. Uşaqlar məktəbə tələsir, gənc memar inşaata. Ömrünün 28 ilini Şuşasız keçirən qoca şəhərin mərkəzində, güllələnmiş heykəllərin qarşısında, ayağını Şuşa döyüşlərində Vətənə qurban verən zabit Cıdır düzündə dayanıb, uzaqlara zillənib baxışları... Şəhid anası Şuşa qalasında dalğalanan bayrağa baxır: igid oğluna bəy köynəyi olan üçrəng­li, ay-ulduzlu Zəfər bayrağına. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 08.11.2026 09:03