NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

BMT rəsmisi: "Bakıda keçiriləcək COP29 iqlim ambisiyaları dövrünün ən mühüm hadisəsidir"

...

BMT rəsmisi: "Bakıda keçiriləcək COP29 iqlim ambisiyaları dövrünün ən mühüm hadisəsidir"
BMT rəsmisi: Bakıda keçiriləcək COP29 iqlim ambisiyaları dövrünün ən mühüm hadisəsidir
2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim ambisiyaları silsiləsində ən mühüm hadisədir.
Şərq qapısı "Report"a istinadən məlumat verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ADA Universitetində çıxışı zamanı deyib.
O vurğulayıb ki, COP-un ev sahibi və prezidenti olmaq həm şərəf, həm də böyük öhdəlik və məsuliyyətdir: “Mən bir daha Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırıram. Bu il, xüsusən də son günlər Bakıda apardığımız konstruktiv və düşünülmüş müzakirələr məni çox ruhlandırdı. Genişmiqyaslı dəyişiklikləri idarə etmək üçün ağır işləri üzərinə götürməyə hazır olmaq çox vacibdir. Çünki artıq dünyanın iqlim mübarizəsinin bütün aspektlərində işlərin normal vəziyyətə qayıtmasının vaxtı çatıb”.
BMT-nin icraçı katibi bildirib ki, həm qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmağa, həm də bütün xalqları iqlim dəyişikliyinin təsirlərindən qorumağa nail olsaq, dünyanın necə görünəcəyini təsəvvür edərək 2050-ci ilə irəliləmək mümkün olacaq: “Əlbəttə ki, bu, utopiya olmayacaq… Bu uğur vizyonunda qlobal enerji sistemləri xalis sıfır emissiya səviyyəsindədir. Ölkələr və ya ən azı regionlar enerji ilə özünü təmin edəcək. Bərpa olunan mənbələr enerjini hamı üçün əlçatan, əlverişli və proqnozlaşdırıla bilən hala gətirdi. Bu, o deməkdir ki, biz keçmişdə iqtisadi meyilləri və konfliktləri formalaşdıran sarsıntılardan və bərabərsizliklərdən qaçına bilərik”.
Saymon Stil hesab edir ki, əvvəllər qalıq yanacaq subsidiyalarına xərclənən trilyonlar daha yaxşı məqsədlər üçün xərclənə bilər: “Səhiyyə, təhsil, geridə qalanlar üçün təhlükəsizlik şəbəkələri”.
O qeyd edib ki, böyük şəhərlərdə havanın çirklənməsi səbəbindən çölə çıxmaq artıq tibbi baxımdan təhlükəli deyil: “Nəticədə hər il milyonlarla həyat xilas olunur. İqlimə davamlılıq və uyğunlaşma istiqamətindəki 25 illik investisiyalar, kənd təsərrüfatı təcrübələri və təbiəti qorumaq istiqamətindəki dəyişikliklər ekstremal iqlim hadisələrindən insanlara və əmlaka dəyən zərəri azaldıb.
Onilliklərlə davam edəcək karbonsuzlaşma səyahətinin dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından biri olacağını demək üçün falçı olmağa ehtiyac yoxdur. Tam mənası ilə bu, sənaye inqilabı və ya rəqəmsal iqtisadiyyatın gəlişi ilə müqayisə edilə biləcək”.
İcraçı katib diqqətə çatdırıb ki, bu, həm də dövrümüzün ən böyük kommersiya imkanlarından biridir: “Əgər transformasiyanı düzgün həyata keçirsək, 2050-ci ildə planetimizdə gözlənilən 9,7 milyard insan üçün dərin sosial dəyişikliklərin və real faydaların meydana çıxması gözlənilir. Bir şeyi aydınlaşdırmaq istəyirəm ki, bu, sadəcə arzu deyil. Bu, Paris Sazişində və BMT-nin iqlim konfranslarında sətir-sətir, söz-söz, vergül-vergül müzakirə edilən razılaşmalarda öz əksini tapıb. Bu, nə utopik, nə də distopiyadır, utilitar, praqmatik və əldə edilə biləndir, mövcud, lakin hələ tammiqyaslı olmayan texnologiyalara və həyata keçirilən siyasətlərə əsaslanır”.

Nəşr edilib : 03.02.2024 00:21