Naxçıvan Muxtar Respublikasında dekabr ayının 23-n...
23:17 22.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
Prezident İlham Əliyev: "Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Xankəndi... Bu şəhər Qarabağın al mirvarisi, Qarabağ xanlarının yadigarı, tarixin ən gözəl günlərinin yaşandığı əziz bir torpaqdan başqa xalqımızın neçə illik həsrəti idi həm də. Vaxtilə Qarabağ xanlarının taxtı qurulan bu torpaq illərlə xain əllərlə düşmənə pay verilməyə çalışılsa da, buna nail ola bilməyiblər. Hətta sovetlər dönəmində buraya köçürülən erməni ailələrinin sayını artırmaqla azərbaycanlıların sayını azatmağa və bununla da Xankəndini ermənilərə hədiyyə etməyə cəhd göstəriblər. Lakin xalqımızın xilaskarı olan dahi rəhbəri hər addımbaşı buna mane olmuşdur. Sovet hakimiyyəti dövründə Ulu Öndərin göstərişi ilə dəmir yolu Xankəndiyə qədər çəkilmiş, şəhərdə müasir dəmiryol stansiyası inşa edilmişdi.
Bir çox müəssisələrin inşası da Heydər Əliyevin birinci hakimiyyəti dövründə həyata keçirilmiş, on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdi. İqtisadi sahədəki inkişaf humanitar sahəyə də öz təsirini göstərmişdi. Şəhərdə sovxoz-texnikum, tibb və musiqi məktəbləri fəaliyyət göstərmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılmışdır. 1973-cü ildə filial o dövr Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil pedaqoji instituta çevrilmişdir. Uzaqgörən siyasət nəticəsində Xankəndidə azərbaycanlı ailələrin sayı artırılmış, gənclərin işlə təmin olunması onların köçüb getməsinin qarşısını almışdır. Lakin dahi rəhbərin sovet hakimiyyəti idarəçiliyindən uzaqlaşdırılması, Azərbaycanın yeni müstəqillik qazandığı illərdəki daxili çəkişmələr Qarabağın itirilməsi ilə nəticələnmişdi.
Əvvəlki illərdə təəssüf hissi ilə “Bu gün Qarabağın mirvarisi Xankəndi şəhəri işğal altındadır. Ermənistan işğalına qədər orada yaşayan 17 minə qədər azərbaycanlı sakin şəhərdə erməni separatizmi ilə bacardıqları qədər mübarizə aparmışlar. Bu çətin mübarizə bir çox hallarda çoxsaylı itkilərlə müşayiət olunurdu. Erməni millətçilərinin əvvəldən ciddi hazırlığı və Moskva tərəfindən hərtərəfli dəstəyi şəhərin Ermənistanın nəzarəti altına keçməsinə səbəb oldu. Axırıncı azərbaycanlılar 1991-ci ilin dekabrında tərk etməli oldular Xankəndini. Bu gün xankəndililər respublikamızın bütün bölgələrində qaçqın həyatı yaşayırlar” yazırdıq və ya yazmaq məcburiyyətində qalırdıq. Amma hər birimiz yaxşı bilirdik ki, Vətənimizin ərazi bütövlüyü uğrunda əzmi qırılmazdır. Qarabağın və digər işğal edilmiş ərazimizin işğaldan azad olacağı gün isə heç də uzaqda deyildi. Bunu bizdən xalqımızın dəyərli tarixi və onun görkəmli oğullarının ruhu tələb edirdi. Bu olmalı idi və olacaqdı. Çünki Azərbaycan Ordusu gündən-günə güclənir xalqın səbir kasası artıq daşırdı. Və həmin gün gələndə illərdir, gözləri yolda qalan insanların sevinci bir damla yaşa dönüb yanağına süzüldü. Müzəffər Ordumuzun qarşısında tab gətirməyən erməni quldurlarının “arzusu” yerinə yetirildi. Onlar Bakıya çay içməyə gətirildi. Azərbaycan Bayrağı isə Xankəndinin mərkəzində Müzəffər Ali Baş Komandanın əllərində göylərə yüksəldi.
Ali Baş Komandanın dediyi “Bax, burada oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam, görəsən, bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara” bu sözlər isə düşmən tabutuna vurulan son mismar oldu.
Ölkə başçısının 2024-cü il 18 sentyabr Sərəncamı ilə 20 sentyabr Xankəndi şəhəri günü kimi qeyd olunacaq.
Bu gün Xankəndi əvvəlki xoşbəxt günlərinə qayıdır. Qarabağ Universitetinin qapıları gənclərin üzünə açılır. Qarabağı azad etmək üçün təhsilini yarımçıq qoyub döyüşlərə qatılan, şəhidlik zirvəsinə ucalan igidlərin yarım qalan arzularının davam etdirən gənclərin. Azad, bütöv Azərbaycanın xoşbəxt gənclərinin.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər