Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
“Azərbaycan dili çox ahəngdar, zəngin dildir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Heydər Əliyev
Xalqımızın Ümummilli Lideri
İnsanlar arasında ünsiyyət vasitəsi olan dil insan cəmiyyəti yaranandan formalaşmağa başlamışdır. Cəmiyyət dəyişilib təkmilləşdikcə, dil də yeni-yeni ifadələrlə təkmilləşir və inkişaf edir.
Hər bir xalqın özünəməxsus ən qiymətli sərvəti onun doğma dilidir. Xalqımızın doğma dili türk dilləri ailəsinin cənub-qərb qrupuna daxil olan Azərbaycan dilidir. Sovetlər dönəmində Azərbaycan dilinin dövlət statusu almasında, qorunub saxlanmasında, bu günə mükəmməl şəkildə çatdırılmasında Ulu Öndərimiz Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Ay mənim ana südü kimi halal Azərbaycan dilim! Sən mənim dar günüm üçün saxladığım sərvətim, xəzinəmsən. Bütün dərdlərin dərmanısan. Bu dil balalarımızın bizə əmanət qoyub getdiyi, tarixin çətin sınaqlarından uğurla çıxmış əzəli və əbədi əmanətidir. Bizim dilimiz ahəngdar, axarlı və çox şirin dildir. Dilimiz dünya xalqlarının dilləri içərisində ən qədim dillərdən biridir.
Nizamini böyük mütəfəkkir, dahi, Füzulini ürəkləri fəth edən həzin bir kaman, M.F.Axundovu məsləkindən dönməz filosof, Sabiri şeir, sənət fədaisi, Mirzə Cəlili bənzərsiz realist kimi bizə sevdirən məhz doğma dilimizdir. Bu dilin sorağı Azıx mağarasının dərinliklərindən, Şumer ellərindən Nizamidən, Xətaidən... Qafqazın ən uca zirvələrindən gəlir. XV əsrdə Şah İsmayıl Xətai indiki Azərbaycan ərazisindən 70 dəfə böyük olan ərazidə bu dili dövlət dili elan etmişdir. Həmin ərazidə bu dildə danışırdılar.
Ananın südü insanın pərvərişinin əsası olduğu kimi, anamızın dili də ruhumuzun, mənəviyyatımızın, kamilliyimizin qidasıdır. Hər bir azərbaycanlı ana dilimizi mükəmməl bilməli, onu göz bəbəyi kimi qorumalıdır. İnsanın öz ana dilinə münasibəti onun mənəvi səviyyəsini, vətəndaşlıq qayəsini müəyyən edir. Azərbaycan dilini sevmədən bu gözəl torpağımızı sevmək mümkün deyil. Dili bilmək azdır, dilimizin bütün imkanlarını duyub, hiss etmək, nitqdə, yazıda istifadə etmək lazımdır.
Öz dilini bilməyən, bilib danışmağı özünə sığışdırmayan insanları heç bir xalqa, heç bir millətə aid etmək olmaz.
Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə dilimizin qorunub saxlanmasında, dövlət dilinə çevrilməsində misilsiz xidmətlər göstərmişdir. İlk dəfə Naxçıvanda ay-ulduzlu, üçrəngli bayrağımızı qaldıran dahi şəxsiyyət dilimizin qarşısında da yaşıl işıq yandırmışdır. Ulu Öndərimizin çıxışlarına, məruzələrinə, xalq arasında söhbətlərinə qulaq asdıqca elə səlis, gözəl, rəngarəng sözlərə rast gəlirik ki, ana dilimizin sehrinə heyran qalırıq. Dahi rəhbər hər zaman təmiz Azərbaycan dilində danışan, nitqinə başqa dillərdən söz qatmayan, fenomen yaddaşa malik şəxsiyyət idi.
Azərbaycan dili bizim maddi-mənəvi sərvətimizin açarıdır. Başqa xalqların görkəmli şəxsiyyətləri də bizim dilə layiqli qiymət vermişlər. Biz isə bu qənaətdəyik: Qafqazda Azərbaycan dilinin rolu dünyada ingilis dilinin rolu ilə eynidir.
Xalqımızın hər bir vətəndaşı ulu babalarımızdan bizə miras qalan, zamanın süzgəcindən keçib, durulub, müqəddəsləşən ana dilimizi ömrü boyu öyrənməli, bu dili yeni-yeni sözlərlə zənginləşdirməlidir. Bu belə də davam edir. Hər kəs bilməlidir ki, bizim danışıq dilimiz təmsil etdiyimiz, torpağı üstündə yaşadığımız, suyundan içdiyimiz Vətənimizin, xalqımızın, dövlətimizin dilidir. Dilimizi yad kəlmələrdən, yabançı ünsürlərdən, hətta bəzən alimlərimizin çətinliklə dediyi terminlərdən qorumaq, onu yaşatmaq, bir qədər də təkmilləşdirib gələcək nəsillərə çatdırmaq, beynəlxalq danışıq dilləri səviyyəsinə yüksəltmək bizim vətəndaşlıq borcumuzdur.
Xalqın əqlini, hikmətini, bizim ruhumuzu, qəhrəmanlığımızı, məğrurluğumuzu özündə əks etdirən hər bir kəs, dilimizin dadını, duzunu, şəkərini duymaq istəyənlər dilimizi daha dərindən öyrənsinlər və onu sevsinlər.
Ana südü qədər təmiz, Vətən torpağı kimi barlı, bərəkətli, dağlarımız qədər vüqarlı, durna gözlü bulaqlarımızın suyu kimi şəffaf olan dilimizi qoruyaq və yaşadaq.
Yunis QULİYEV
Şahbuz rayonunun A.Quliyev adına Kükü kənd tam orta məktəbinin təqaüdçü müəllimi
Digər xəbərlər