NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Birol Akgün: Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyır

...

"İkinci Qarabağ müharibəsindən sonra yeni dövrdə Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır. Arzumuz odur ki, bu dəhliz bölgədə sülh və əməkdaşlığı təmin edən, Orta Dəhlizin güclənməsinə xidmət edən birləşdirici körpü olsun".
"Şərq qapısı" xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, bu, Türkiyə Cümhuriyyətinin səfiri olaraq Naxçıvana ilk rəsmi səfəridir: "Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyan bir torpaqdır. Bura Ulu Öndər Heydər Əliyevin vətənidir. Eyni zamanda böyük qurucu lider Mustafa Kamal Atatürkün "Türk qapısı" adlandırdığı, Türkiyənin Azərbaycanla quru sərhədinin olduğu yeganə bölgədir. Elə bu səbəbdən də “Ümid" körpüsünün açıldığı yer olaraq tarixə düşüb".
"Bu gün Naxçıvanın son 30 ildə iqtisadi baxımdan mühüm inkişaf yolu keçdiyini, xüsusilə vurğulamaq istəyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı burada reallaşan sosial-iqtisadi layihələrdə özünü açıq şəkildə göstərir. Bu da bizi çox məmnun edir. Türkiyə ilə Naxçıvan arasında hər zaman sıx dostluq və qardaşlıq münasibətləri olub. Qarşılıqlı quru sərhədin olması bu əlaqələri daha da möhkəmləndirir. Türkiyə vətəndaşları tez-tez Naxçıvana səfər edir, buradakı inkişafı yaxından izləyirlər. Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin büstünü və muzeyini ziyarət etdik. Eyni zamanda Şəhidlər xiyabanını və Türkiyənin Naxçıvandakı Baş Konsulluğunu da ziyarət edəcəyik. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin  səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş planlaşdırılıb.
Səfərimizdə bir sıra iş adamları da bizi müşayiət edir. Məqsədimiz Türkiyə ilə Naxçıvan arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi istiqamətində səfirlik olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyik" ,–deyə səfir əlavə edib.

Nəşr edilib : 24.07.2025 11:23