NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

...

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. İyunun 4-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu beynəlxalq axtarışa verilən daha bir nəfər şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyasını həyata keçirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bir sıra şəxslərlə əlbir olaraq xuliqanlıq edərək (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi) ağır xəsarətlər yetirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Fərhad Bəhruz oğlu İsgəndərovun yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən olunaraq həbs edilib.

BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim edilib, habelə səmərəli danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Fərhad İsgəndərov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən BƏƏ-dən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Nəşr edilib : 04.06.2025 16:47